Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün rəqəmsal valyutaya maraq artmaqdadır. Rəqəmsal valyutaya dünya miqyasında marağın artması ölkəmizdən də yan keçməyib.
Bəs Azərbaycanda hansı rəqəmsal valyutaya maraq daha çoxdur?
Bu barədə Moderator.az –a danışan Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki, Azərbaycanda kriptovalyutalara maraq olduqca çoxdur:
“Nəzərə almaq lazımdır ki, 2024-cü ilin əvvəlindən kriptovalyutaların qiymətinin müsbət dinamika üzrə artdığını müşahidə edirik. Hazırda dünyada bitcoin-ETF Fondların təsdiq edilməsi, ABŞ Federal Ehtiyatlar Sisteminin uçot faiz dərəcəsini endirməsi, Donald Trampın ABŞ-də prezident seçkilərində qalib gəlmə ehtimalının artması ilk kriptovalyuta olan bitkoinin 73.000 dollara qədər dəyər qazanmasını təmin etdi. Hazırda ölkəmizdə bitcoin ilə paralel ethereum, solana, ton, ripple, dogecoin və s. kimi altkoinlərə investisiya edənlər də az deyil. Lakin bu, sadəcə həvəskar invostor səviyyəsindədir. Çünki hələ də ölkəmizdə kriptovalyutaların tənzimlənməsi ilə bağlı konkret tənzimləmə mexanizmləri yoxdur. Ölkə olaraq biz hələ ki gözləmə mövqeyindəyik və çalışırıq ki, yaxın qonşularmız olan Rusiya və Türkiyənin bu sektor üzrə təcrübəsindən istifadə edib fayda əldə edək”.
Azərbaycanda yegənə ödəniş vasitəsinin manat olduğunu deyən ekspert qeyd edib ki, yaxın 3 il ərzində birbaşa kriptovalyutalarla hər hansı əməliyyat aparmaq mümkün olmayacaq:
“Kriptovalyutaların istifadəsi üçün ilk növbədə ölkədə sosial, iqtisadi və hüquqi şərait yaranmalıdır.Bunun üçün insanlar maarifləndirilməli və müvafiq qanunvericilik aktları qəbul olunmalıdır. Yalnız bundan sonra real sektorda kriptovalyutalardan ödəniş vasitəsi kimi istifadəsi mümkündür. Səhm və kriptovalyutalar risk və gəlirlilik baxımından fərqli investisiya alətləridir. Kriptovalyutalar səhmlərə nisbətdə daha gəlirli olsa da risk səviyyəsi də olduqca yüksəkdir. Seçim investorun yanaşmasından aslıdır. Bundan əlavə, texniki biliklər və maliyyə savadlığı səviyyəsi də investorun qərarlarına təsir edən mühüm faktorlardır”.
Mehin Mehmanqızı