Bizi sosial şəbəkələrdən izləyin:
İkinci Liqada baş tutan "Araz Saatlı" - "Göygöl" qarşılaşmasından sonra yaşanan gərginlik ağır cəzalarla nəticələnib. Hakimləri və rəqib oyunçuları təhdid edən "Araz Saatlı" rəsmisi 5 oyunluq diskvalifikasiya edilib.
Moderator.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
II Liqanın XXII turu çərçivəsində keçirilən sözügedən matç həm də kobudluqlarla yadda qalıb. Belə ki, hər iki komandanın beş futbolçusu sarı vərəqə aldığı üçün klubların hərəsi 70 manat məbləğində cərimələnib.
Əsas insident isə oyunun yekun fitindən sonra qeydə alınıb. "Araz Saatlı"nın təhlükəsizlik üzrə meneceri Xəyal Məmmədov rəqib futbolçuları və hakimləri təhqir edərək təhdid etdiyi üçün 5 oyunluq cəzaya, klubu isə 1 000 manat cəriməyə məruz qalıb. Bundan əlavə, Saatlı təmsilçisinin oyunçusu Samir Məmmədov əvəzlənərkən hakimləri təhqir etdiyinə görə 4 oyunluq kənarlaşdırılıb və komandasının büdcəsinə daha 1 000 manatlıq cərimə yazılıb.
"Göygöl" komandası da intizam qaydalarını pozduğu üçün sanksiyadan yaxa qurtara bilməyib. Klubun nümayəndəsi matçöncəsi rəsmi iclasa qatılmadığına görə komanda 150 manat ziyana düşüb.