“Kəpəz” qış təlim-məşq toplanışına 4 gündür start verib.
Moderator.az “Sportinfo”ya istinadən xəbər verir ki, amma Cefferson Bentu hələ də kollektivə qoşulmayıb.
Məlumata görə, braziliyalının Gəncəyə qayıtmamasının şok səbəbi var. Belə ki, Yeni il tətilində istirahət etmək üçün vətəninə gedən mərkəz müdafiəçisi geri qayıtmaq fikrində deyil. O bu barədə Qərb təmsilçisinə məlumat göndərib.
Hətta 22 yaşlı cənubi amerikalı üçün alınan qayıdış bileti də batıb. Hazırda stoperin yola gətirilməsi üçün danışıqlar davam edir.
Klubdan saytımıza bildirilib ki, futbolçu həqiqətən hələ də geri qayıtmayıb:
“Onunla danışıqlar davam edir. Geri qayıtmağı üçün tədbirlər görülür. Əgər qayıtmaqdan imtina etsə, onunla bağlı tədbir görüləcək. Müqaviləsinə birtərəfli şəkildə xitam veriləcək və haqqında şikayət olunacaq”.
Xatırladaq ki, ötən yay “Kəpəz”ə transfer edilən Ceffersonla mövsümün sonuna qədər qüvvədə olan müqavilə var.