İdman
1828
05 Dec 2024 | 15:44

"Anam "Nürnberq"də növbəti qolu vurmağımı gözləyirsə..." - Mahir Emreli

“Ölkə xaricində Azərbaycanı bu şəkildə təmsil etmək xəyalım idi. Düşünürəm ki, azarkeşlərimizin mənə ümidləri böyükdür. Buna görə də onları məyus etməmək üçün əlimdən gələni etməli, maksimumumu ortaya qoymalıyam”.
 
Moderator.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və Almaniyanın II Bundesliqasında çıxış edən “Nürnberq” komandasının futbolçusu Mahir Emreli klubun yutub kanalına açıqlamasında deyib.
 
27 yaşlı hücumçu Almaniya təmsilçisinin sosial şəbəkə hesablarında azərbaycanlı azarkeşlərin fəal olmasına münasibət bildirib: “Legioner həyatı yaşayan futbolçularımız çox deyil. Məsələn, Almaniyada milyonlarla futbolçu var. Onların xaricdə oynaması sizin üçün xüsusi əhəmiyyət kəsb etmir. Sizin İspaniyanın “Real Madrid” kimi top klubunda oynamış və hazırda da çıxış edən bir çox futbolçularınız var. Buna adi hal kimi yanaşırsınız. Amma azərbaycanlı futbolçular xaricdə oynamağa başlayanda diqqət mərkəzinə düşürlər. Düşünürəm ki, Azərbaycanın uğurlu legioner həyatı yaşayan futbolçuya daha çox ehtiyacı var. Azarkeşlərimiz “Nürnberq”i dəstəkləyir və oyunlarını izləyirlər. Mən bunu yazılan şərhlərdə də görürəm. İnsanların demək olar ki, heç biri neqativ fikir bildirmir. Onlar məndən yaxşı nəticələr gözləyirlər. Çox sağ olsunlar ki, heç vaxt dəstəklərini əsirgəmirlər. Mən burada Azərbaycanı təmsil edən əcnəbiyəm. Atdığım hər addım azərbaycanlılar üçün çox önəmlidir. Əgər yaxşı oyun nümayiş etdirir və qol vururamsa, onlar da sevinir, mənimlə fəxr edirlər”.
 
O, “Nürnberq”in ev oyunlarında azarkeş dəstəyinin güclü olduğunu vurğulayıb: “Düşünürəm ki, doğma meydanda oynamaq üstünlükdür. Çünki azarkeşlərimiz rəqibə təzyiq göstərirlər və nəticə bizim xeyrimizə olur. Mən ilk dəfə rəsmi müqavilə imzalanmaq üçün stadiona gələndə arenanın çox böyük olduğunu gördüm. Həmin vaxt tribunalar bomboş idi. Bu mənim stadionda ilk addımım idi. Bu arenanı görəndə ilk oyunuma çıxmaq üçün səbirsizlənirdim. Fikrimcə, “Maks-Morlok” stadionu dünyanın ən yaxşılarından biridir”.
 
M.Emreli aparıcının “Ananız sizdən beşinci qolu gözləyir” replikasına belə cavab verib: “Mən anamla həmişə bu barədə söhbət edirəm. Amma deyəsən o, indi bunu mənim dilimdən rəsmi olaraq eşitmək istəyir. Onu deməliyəm ki, mən həmişə yekun nəticəyə əhəmiyyət verirəm. Mənim üçün ən önəmlisi hər oyundan 3 xalla ayrılmaqdır. Əgər anam məndən növbəti qolu vurmağımı gözləyirsə, mən bunu edəcəyəm. Beşinci, hətta altıncı qolumu vuracağam”.
 
Link kopyalandı!
Son xəbərlər