Bizi sosial şəbəkələrdən izləyin:
“Məğlubiyyətdən sonra danışmaq çətin olur. Uduzulası oyun deyildi”.
Bu sözləri Publika.az-a açıqlamasında Slovakiya ilə oyundan sonra milli komandamızın üzvü Ceyhun Nuriyev deyib. O, 1:3 hesablı yenilgini belə şərh edib:
“Matçın əvvəlində şanssız qol buraxdıq. Lakin sonradan hesabı bərabərləşdirdik. İkinci hissəyə çox yaxşı başladıq. Hesabda önə də keçə bilərdik. Bunun üçün şanslarımız da var idi. Təəssüf ki, oyunun qırılma anı qırmızı vərəqə oldu”.
Yarımmüdafiəçi bildirib ki, azlıqda qalmasaydılar, nəticə tam fərqli olardı. Nuriyev yenilgiyə görə tək Mahir Emrelinin günahkar olmadığını söyləyib:
“Buna əminəm. Çünki oyunun gedişatı belə düşünməyə əsas verir. Epizodlarımız var idi. Topa nəzarət edirdik. 10 nəfər qaldıqdan sonra bizi otuzdurdular qapıya. Sona qədər dözə bilmədik.
Uduzmuşuqsa, bu, hamının məsuliyyətidir. Bütün Azərbaycan uduzub. Günahı tək Mahirin üstünə atmaq düz olmazdı”.
O, qrup mərhələsinin son 2 matçında qalib gəlməyə çalışacaqlarını vurğulayıb:
“Ardıcıl 4 məğlubiyyət pis nəticədir. Belə olmasını istəməzdik. Ən acı məğlubiyyət Estoniya ilə matçda oldu. İndi xalsız qalmamalı idik. Qarşıdakı 2 matça maksimum nəticə üçün çıxacağıq, hədəf 6 xaldır. Milli üçün sadəcə vuruşmalıyıq”.