“Lamiyə ilə gündə danışıram, deyirəm ki...”-Dünya rekordçusunun atası ilə ÖZƏL MÜSAHİBƏ-FOTOLAR
3323
08 Sep 2024 | 13:29

“Lamiyə ilə gündə danışıram, deyirəm ki...”-Dünya rekordçusunun atası ilə ÖZƏL MÜSAHİBƏ-FOTOLAR

Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medal qazanan, dünya rekordçusu Lamiyə Vəliyevanın atası Rövşən Vəliyev özəl olaraq Moderator.az-ın suallarını cavablandırıb.
 
-Rövşən bəy, Lamiyə xanım dünən növbəti qalibiyyət əldə etdi. Ard-arda ailəsinə və ölkəsinə sevinc hissləri yaşatdı. Bu hisslərin adı varmı?
 
-Təbii ki, bu sevinc hisslərini sözlərlə demək çətindir və sonsuzdur. Nə qədər sevinsəm də, bir o qədər də həyəcan keçirtmişəm. Tək mən yox, elə digər ailə üzvlərim də mənimlə birgə bu hissləri yaşayıblar. Şübhəsiz, onu da qeyd etmək istəyirəm ki, xalqımız Lamiyənin qələbələrinə bizimlə bərabər sevinib, bu hissləri yaşayıb. Lakin Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən gələn qələbə təbrikləri sevincimizi iki qat artırdı.
-Qızınıza necə dəstək olmusunuz? Nə vaxtsa düşünürdünüzmü özünü Azərbaycana tanıdacaq?
 
-Qızımın idman kariyerasını həmişə dəstəkəmişəm və bu yolda onu hər zaman ruhlandırmışam. Bəli, mən buna çox inanırdım, çünki Lamiyə idmana güclü və ciddi şəkildə yanaşırdı.
 
-Gün ərzində neçə dəfə telefonla danışırsınız? Sizə necə təskinlik verir?
 
-Parisə gedən günündən hər gün danışırıq. Məsləhətim ondan ibarətdir ki, özünə, yeməyinə, istirahətinə fikir versin. Vaxtı- vaxtında əməl eləsin. Bunların hamısını təbii ki, Lamiyə çox gözəl bilir, sadəcə biz danışanda ona stimul verirəm.
-Nə vaxt ölkəyə qayıdacaq?
 
-İnşallah sentyabr ayının 10-da.
 
-Qızınıza nəsə bir hədiyyə, sürpriz hazırlamısız?
 
-Yəqin ki.. Amma qızıma yaxşı ata olmağım, qızımın isə mənə yaxşı övlad olması bizim bir-birimizə verdiyimiz ən böyük hədiyyəmizdir.
-Bu gün qız övladının idmanla məşğul olmağını dəstəkləməyənlər, icazə verməyən valideynlər var. Həmin şəxslərə nə demək istərdiniz?
 
-Həmin şəxslərə demək istəyirəm ki, çox yalnış fikirdədirlər. İdman birinci növbədə sağlamlıqdır və ondan əlavə uşağın cəmiyyətdə formalaşmasında xüsusi bir rol oynayır. Və onunla yanaşı uşaqda istedad üzə çıxa bilər və ya yarana bilər. Bu uşağın taleyində önəmli və həlledici an ola bilər. Demək istəyirəm ki, Lamiyəni idmana qoyanda gələcəkdə çempion olacağını heç təsəvvürümə belə gətirə bilməzdim, sadəcə onun idmana sevgisinə dəstək oldum.
Link kopyalandı!
Son xəbərlər