"Rəqib boşluqlar verən komandadır, özü rəqib üçün qol imkanı yaradır".
Bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov evdə "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIX tur oyunundan sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis bildirib ki, bu komandaya qarşı hücum futbolu oynamamaq olmur: "Hərdən rəqib elə oynayır ki, planlarından kənara çıxmalı olursan. Sizcə, bu epizodlar "Neftçi"nin əlinə düşsəydi, hesab necə olardı?"
O, komandasının əsas probleminin qol vurmaq olduğunu söyləyib: "Oyunu nəzarətdə saxlamışdıq, qol imkanlarımız da oldu, lakin alınmadı. Bəzi epizodlarda bəxt də üz döndərdi. Son nöqtələri qoya bilmədik. Düzgün qərar verən futbolçular lazımdır ki, qələbə qazanaq. Əsas məqsədimiz elitada qalmaqdır. Qarşıda çətin Şamaxı səfəri var. Oradan xalla dönməyə çalışacağıq".
Abasov oyundan sonra "ağ-qaralar"ın kapitanı Emin Mahmudovla aralarındakı söhbətə də toxunub: "Emini çox istəyirəm. Yazılanları mən də oxuyuram. Ona bir-iki məsləhət verdim. Bunları açıqlaya bilmərəm".