Ölkəmizdə cüdonun inkişafına dəstək verən, yeniyetmə və gənclərin bu idman növünə yiyələnməsi üçün əlverişli şərait yaradan “Judo Club 2012” uğurlarını davamlı olaraq artırır. Peşəkar idmançıların sevimli məkanına çevrilən klubun sıralarına yığma komandanın daha bir istedadlı üzvü qoşulub. Belə ki, dünya və Avropa çempionatının üçqat bürünc mükafatçısı, beynəlxalq turnirlərin qalibi, milli komandamızın üzvü Zelim Kotsoyev bundan sonra karyerasını “Judo Club 2012”də davam etdirəcək.
Oktyabrın 18-də Zelim Kotsoyev ilə klub arasında müqavilənin imzalanması mərasimində Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentinin müşaviri Natiq Bağırov, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov, klubun icraçı direktoru Mübariz Cəfərov, cüdo üzrə gənclərdən ibarət milli komandanın baş məşqçisi Elxan Məmmədov və “Judo Club 2012”nin baş məşqçisi Zaur Paşayev iştirak ediblər.
Klubun direktoru Mübariz Cəfərov imzalanma mərasimindəki çıxışında Zelim Kotsoyev kimi istedadlı cüdoçunun “Judo Club 2012” ailəsinin üzvü olmasından məmnunluğunu ifadə edib: “Zelim bu yaxınlarda Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə dünya çempionatında bürünc medala sahib oldu. Onu bu uğur münasibəti ilə təbrik edirəm. Ümid edirəm ki, bu gün imzalayacağımız müqavilə həm Zelim, həm də klubumuz üçün uğurlu olacaq. Məşqlərini yüksək səviyyədə keçməsi üçün klubda hər cür şərait mövcuddur. İnanıram ki, o, qarşıdakı yarışlarda da öz uğurları ilə hər birimizi sevindirəcək. Zelimin klubla müqavilə imzalaması həmçinin yeniyetmə cudoçularımız üçün də bir stimul olacaq”.
ACF prezidentinin müşaviri Natiq Bağırov, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, klubun təsisçisi Azər Əsgərov, cüdo üzrə gənclərdən ibarət yığma komandanın baş məşqçisi Elxan Məmmədov da Zelim Kotsoyevi klubla müqavilə imzalaması münasibəti ilə təbrik edərək, ona gələcək karyerasında uğurlar arzulayıblar.
Çıxışlardan sonra “Judo Club 2012”nin icraçı direktoru Mübariz Cəfərovla birlikdə müqaviləyə qol çəkən Zelim Kotsoyev klubun məşqçi heyətinə və idmançılara təqdim olunub.
İstedadlı idmançı yaradılan şəraitə görə klub rəhbərliyinə minnətdarlığını bildirərək, ona bəslənən ümidləri doğrultmağa çalışacağını deyib: “Müasir standartlara cavab verən belə bir klubla müqavilə imzaladığıma görə çox şadam. Burada idmançının uğur qazanması üçün lazım olan hər bir şərait mövcuddur. Ümid edirəm ki, bu zalda məşq edərək nailiyyətlərimi daha da artıracağam”.
Qeyd edək ki “Judo Club 2012” bir müddət əvvəl yığma komandanın daha bir üzvü Tokio Olimpiadasının gümüş mükafatçısı, dünya və ikiqat Asiya çempionu Səid Mollayi ilə də müqavilə imzalamışdı.