Düşməni lərzəyə salan “Cəbi” ləqəbli Vətən Müharibəsi Qəhrəmanı
Hərb
2057
12 Oct 2024 | 11:35

Düşməni lərzəyə salan “Cəbi” ləqəbli Vətən Müharibəsi Qəhrəmanı

İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olan qəhrəmanlarımızdan biri də baş gizir Sübhan Rahim oğlu Cəbrayılovdur.
 
Sübhan Cəbrayılov  23 oktyabr 1983-cü ildə Salyan rayonunun Marışlı kəndində anadan olub. Sübhan Cəbrayılov 1989-cu ildə Salyan rayonunda R.Qafarov adına Marışlı kənd tam orta məktəbinin adına birinci sinfinə gedib. 2000-ci ildə həmin məktəbi bitirərək həqiqi hərbi xidmətə yollanıb. 
O, Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət keçib. 2002-ci ildən isə xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam etdirib. Azərbaycan, rus və erməni dillərində sərbəst danışan Sübhan Cəbrayılov 2004-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin Xızı rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 
 
Sübhan Cəbrayılov 2016-cı il aprel döyüşlərinin iştirakçısı olub. Lələtəpənin alınmasında göstərdiyi qəhrəmanlığa görə Ali Baş Komandan tərəfindən təltif edilib. 
2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən növbəti genişmiqyaslı təxribat əməllərinə qarşı cavab tədbirləri görüləndə Sübhan Cəbrayılov da ön cəbhədə olub. 
 
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olan Sübhan Cəbrayılov əvvəlcə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. Belə ki, sentyabrın 27-də səhər döyüşlərində Azərbaycan və Ermənistan bölmələri arasında mövcud olan təmas xətti yarılıb. Döyüşlərin birinci saatı ərzində Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Kənd Horadiz, Qaraxanbəyli və Qərvənd yaşayış məntəqələri işğaldan azad edilib. Sübhan Cəbrayılovun da xidmət etdiyi tabor üç gün ərzində Füzuli rayonu istiqamətində bir sıra əlverişli mövqeləri işğaldan azad etdi. Sentyabrın 29-da keçirilən döyüş əməliyyatında tabor Komandiri Kamil Şirinov şəhid olub. 
 
Təmas xətti yarıldıqdan sonra Sübhan Cəbrayılov və silahdaşları Cəbrayıl rayonu istiqamətində irəliləyib. Xüsusi Təyinatlı Qüvvələr tərəfindən dörd gün ərzində Cəbrayıl şəhəri istiqamətində olan əlverişli mövqelər, o cümlədən Cəbrayıl şəhəri və rayonun Aşağı Maralyan, Çaxırlı, Mehdili, Quycaq, Şəybəy, Cəfərabad, Çərən, Daşəsən, Dəjəl, Horovlu, Karxulu, Mahmudlu, Şürbəyli və Yuxarı Maralyan kəndləri işğaldan azad edilib. 
 
Cəbrayıl şəhəri və rayonun şərq hissəsi işğaldan azad olunduğdan sonra Xüsusi Təyinatlı Qüvvələr Füzuli şəhəri istiqamətində döyüşlərə başlayıb. Müharibənin ilk saatlarında işğaldan azad olunan və strateji əhəmiyyətə sahib olan Yuxarı Əbdürrəhmanlı kəndinin ordumuzun nəzarəti altında keçməsi Füzuli şəhərinə hücum imkanı yaratsa da, erməni hərbi birləşmələrinin işğal müddətində yaratdığı müdafiə xətti əlavə itkilərə səbəb olardı. Bu səbəbdən Füzuli şəhərinə Xocavənd rayonu ərazisindən daxil olmaq qərara alınır. Hadrut qəsəbəsinin işğaldan azad edilməsi ilə Füzuli şəhərinə ordumuzun yolu açılır. Hadrut qəsəbəsi uğrunda gedən döyüşlər zamanı Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Sübhan Cəbrayılovun və döyüş yoldaşlarının etdiyi qəhrəmanlıqlardan bu gün də danışılır. Baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyevdən ibarət olan qrupu Hadrut istiqamətində Ermənistan Ordusunun diversiya qrupunu pusquya salaraq məhv edib. 
 
Hadrut qəsəbəsinin işğaldan azad olunmasından sonra Sübhan Cəbrayılovun da tərkibində olduğu bölmələrimiz Ərgünəş dağı, Xocavənd rayonunun Bulutan, Edilli, Xırmancıq, Füzuli rayonunun qərb hissəsində yerləşən Qaradağlı, Qaraqollu və Xatınbulaq və Arış yaşayış məntəqəsini işğaldan azad edib. Qısa müddət ərzində Cuvarlı, Çimən, Dədəli, İşıqlı, Musabəyli, Pirəhmədli və Qoçəhmədli kəndləri də işğaldan azad edilərək düşmənin Füzuli şəhərindən qovulması mümkün olub. 
 
Zəngilan şəhəri də işğaldan azad olunduqdan sonra əsas diqqət Qubadlı rayonunun işğaldan azad olunmasına yönəldilib. Oktyabın 19-da Sübhan Cəbrayılov Qubadlı rayonu istiqamətində döyüşlərə qatılıb. Sübhan Cəbrayılovun da tərkibində olduğu qrupa Laçın dəhlizinə nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqeləri azad etmək tapşırığı qoyulub. Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda aparılıb. Ermənistan tərəfdən 150-200 hərbi qulluqçunun qatıldığı qeyri-bərabər döyüş 7 saatdan artıq çəkib. Həmin döyüşdə Xüsusi Təyinatlı Qüvvələr Qrupunun şəxsi heyətindən baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev şəhid olub.  “Cəbi” ləqəbi ilə tanınan baş gizir Sübhan Cəbrayılov həmin şiddətli döyüşdə düşmən snayperinin gülləsindən şəhid olub. Onun nəşi iki gün neytral ərazidə qalıb. 
 
Sübhan Cəbrayılov doğulduğu gün - 23 oktyabrda Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Özündən sonra iki övladı yadigar qalıb.
 
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunan ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən  baş gizir Sübhan Cəbrayılova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. 
 
Bundan başqa Sübhan Cəbrayılov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulan  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”  və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
 
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
 
Link kopyalandı!
Son xəbərlər