İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olan qəhrəmanlarımızdan biri də kapitan İsmayıl Məhəmməd oğlu Səmədovdur.
İsmayıl Səmədov 9 avqust 1990-cı ildə Zaqatala rayonunun Lahıc kəndində anadan olub. İsmayıl Səmədov 1996-cı ildə Q.Qocayev adına Lahıc kənd tam orta məкtəbinin I sinfində təhsil almağa başlayıb. 2005-ci ildək bu məktəbdə təhsil alan İsmayıl həmin ildən təhsilini Kimya-Biologiya Təmayüllü Liseydə davam etdirib. Orta məktəbi 2007-ci ildə bitirən İsmayıl həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub. 2011-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirən İsmayıl Səmədov “leytenant” rütbəsi alaraq Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən hərbi hissəsində Taqım komandiri vəzifəsində xidmət etməyə başlayıb. Tabeliyində olan əsgərlərin ailə vəziyyəti, qayğı və ehtiyaclarını daim diqqətdə saxlayan taqım komandiri leytenant İsmayıl Səmədov onların xüsisi rəğbətini qazanıb.
Hərbi xidmətə başlamasından qısa müddət sonra İsmayıl Səmədov Xüsusi Təyinatlı Qüvvələrin sıralarına qoşulmaq üçün “Zabit hazırlığı kursu”na sənəd verib. Həmin kursu müvəffəqiyyətlə başa vuran İsmayıl Səmədov xidmətini Xüsusi Təyinatlı Qüvvələrin Xızı rayonunda yerləşən “N” saylı Hərbi Hissəsində davam etdirib. Həmin hərbi hissədə bölmə komandiri kimi xidmətə başlayan İsmayıl Səmədov 2014 və 2017-ci illərdə Gürcüstanda keçirilən dağçılıq və dağçılığın təkmilləşdirilməsi kurslarına qatılıb. 2018-ci ildə isə Türkiyədə keçirilən “EFES-2018” beynəlxalq təlimin qalib olub.
İsmayıl Səmədovun rəhbəri olduğu bölmələr 2016-cı ilin 2-5 aprelində baş verən hərbi əməliyyatlarda Lələtəpə istiqamətində gedən döyüşlərdə fərqlənib. Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda aparılan əməliyyatda xidmətlərinə görə Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən mükafatlandırılıb.
Bundan başqa 2018-ci ilin iyununda müdafiə nazirinin əmrlərin əsasən “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalı və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif olunub.
2020-ci ildə erməni silahlı birləşmələrinin növbəti təxribatının qarşısının alınması üçün başlanan Vətən Müharibəsi zamanı İsmayıl Səmədov komandirlik etdiyi hərbçilərlə birgə döyüşlərə Murov dağından başlayıb. Daha sonra kapitan İsmayıl Səmədov Cəbrayıl, Füzuli istiqamətlərində gedən döyüşlərdə igidlik göstərərək, torpaqlarımızın işğaldan azad olunmasında fəal iştirak edib.
Döyüş yoldaşları mediaya açıqlamasında bildirib ki, kapitan İsmayıl Səmədov həmişə əsgərlərinə Azərbaycan hərbçisinin 3 yoldan birini seçməli olduğunu bildirirmiş: ya qalib olaq, ya qazi, ya da şəhid.
İsmayıl Səmədovun tabeçiliyində döyüş əməliyyatlarında iştirak edən gizir Cavad Babayev mediaya açıqlamasında komandiri haqqında danışıb: “O ən ağır döyüşlərdə belə öndə gedib bizi qorudu, döyüşlər zamanı beynəlxalq taktikalardan yararlandı və uğurlu əməliyyatlar qurdu. Oktyabrın 4-dən başlayaraq, Cəbrayıl, Füzuli, Hadrut istiqamətlərində şiddətli döyüşlər getdi. Cəsur komandirimizin bölüyü, yəni biz oktyabrın 3-dən 4-nə keçən gecə Cəbrayıl istiqamətində düşmənin televiziya qülləsini qoruyan bir tankını və 8 nəfərlik canlı qüvvəsini məhv etdik. Oktyabr ayının 7-də komandirimiz İsmayıl Səmədovun əmrinə əsasən, gecə saatlarında Füzuli-Hadrut yolunu düşməndən təmizlədik. Bizim bölüyümüzün nəzarətçi qrupu ərazidə düşmən snayperlərin olduğunu müəyyənləşdirdi. Əvvəlcə bu snayperlərdən 3-nü, sonra isə arxadan bizə atəş açan düşmənləri məhv etdik.
Oktyabrın 10-da Füzuli rayonu Gorazıl kəndini və Horadiz-Füzuli-Hadrut yolunu tutmaq tapşırığını aldıq. Bu əməliyyat zamanı gərgin anlar keçirdik. Əvvəlcə düşmənin 10-a yaxın texnikasını zərərsizləşdirərək, yolu təmizlədik və həmin kəndə daxil olduq. Ertəsi gün, yəni oktyabr ayının 11-də Hadrut qəsəbəsinin azad olunması uğrunda düşmənlə bizim taborumuzun daha ağır, şiddətli döyüşləri oldu. Həmin döyüşdə xain ermənilər bizə qarşı böyük qüvvə ilə hücum etdilər. Düşmənin çoxlu sayda texnikasını, döyüşçülərini darmadağın etməyimizə baxmayaraq, xeyli itki verdik. Həmin döyüşdə təəssüflər olsun ki, fəxrimiz, Silahlı Qüvvələrimizin dəyərli, təcrübəli zabiti, bölük komandiri, Xüsusi Təyinatlıların öncülü, kapitan İsmayıl Səmədov da namərd düşmənin snayperlə açdığı atəş nəticəsində qəhrəmancasına həlak oldu”.
Xüsusi Təyinatlı Qüvvələrin kapitanı İsmayıl Səmədov Cəbrayıl, Hadrut və Füzulinin azadlığı uğrunda şücaətlə vuruşaraq oktyabrın 11-də şəhid olub. İsmayıl Səmədov doğulduğu Zaqatala rayonunun Lahıc qəsəbəsində dəfn olunub. Özündən sonra iki övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunan ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən kapitan İsmayıl Səmədova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Bundan başqa İsmayıl Səmədov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Torpaqlarımızın azad edilməsində canından keçən qəhrəmanlarımızın adının əbədiləşdirilməsi üçün addımlar atılıb. Hazırda Zaqatala şəhəri 5 nömrəli tam orta məktəb Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun adını daşıyır.
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.