Ermənistanın İstintaq Komitəsi Parakar kəndində avtomobilin partlaması və 35 yaşlı vətəndaşın ölümü ilə bağlı qəsdən adam öldürmə əlamətləri üzrə cinayət işi açıb.
Həyata keçirilən tədbirlər nəticəsində məlum olub ki, iyunun 23-də 35 yaşlı kişinin həyatına son qoymaq niyyətində olan cinayət törətmiş şəxs əvvəllcədən “VAZ 2121” markalı avtomobilinə partlayıcı qurğu quraşdırıb. 35 yaşlı kişi avtomobildə olarkən cinayətkar avtomobili partladıb. Zərərçəkmiş İrəvandakı xəstəxanalardan birinə çatdırılıb və sonra orada dünyasını dəyişib.
Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür. İbtidai istintaq davam edir.
Bundan əvvəl Fövqəladə Hallar Nazirliyi Ermənistanın Armavir rayonunun Parakar kəndində “Niva” markalı minik avtomobilinin yanaraq partlaması barədə məlumat vermişdi. Hadisə yerinə gələn təcili yardım qrupları bir müddət sonra yanğını söndürüb. Yanğının səbəbi barədə əvvəl məlumat verilməmişdi.