“ABŞ Senatının qəbul etdiyi akt qərəz və ikiüzlülüyün nəticəsidir”
Gündəm
2039
21 Nov 2023 | 18:24

“ABŞ Senatının qəbul etdiyi akt qərəz və ikiüzlülüyün nəticəsidir”

“Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi Cənubi Qafqazda yeni reallıq yaradıb. Bu gün Cənubi Qafqazın lideri dövləti olan Azərbaycan şərtləri diktə edən tərəf kimi ikiüzlü, qərəzli Qərb siyasətinin hədəfinə çevrilib. Bunun növbəti təzahürünü noyabrın 15-də ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” nı qəbul etməsində gördük. ABŞ Konqresinin Xarici İşlər Komitəsində “Qarabağın gələcəyi” ilə bağlı qəbul olunan qərəzli akt ABŞ-Azərbaycan münasibətlərinə ciddi zərbədir. ABŞ-nin selektiv və ermənipərəst mövqeyinin açıq təzahürü olan sənədin qəbuluna görə Azərbaycan Vaşinqton görüşündən imtina etdi. Bununla da ikiüzlü və qərəzli Qərb siyasətinin yırtıcı simasının bir daha şahidi olduq”.

 

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

 

Deputat bildirib ki, anti-Azərbaycan, korrupsiyaçı, islamofob senatorların saxta məlumatları əsasında ABŞ Senatının qəbul etdiyi akt ikili standartların və selektiv yanaşmanın növbəti bariz nümunəsidir. Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin geniş vüsət aldığı 1992-ci ildə Xocalı soyqırımı ilə yanaşı, Qarabağın digər bölgələrində Azərbaycan xalqına qarşı kütləvi qırğın aktları törədilərkən, ABŞ BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan xalqına qarşı törədilən misilsiz qəddarlıqla həyata kekçirilən vandallığın qarşısını almaq əvəzinə ölkəmizə qarşı 907-ci düzəlişi qəbul etmişdir. Bununla da ABŞ hökümətinin Azərbaycana maliyyə yardımı göstərməsi qadağan olunmuşdur. Qeyd edək ki, keçmiş SSRİ respublikaları arasında Azərbaycan yeganə ölkə idi ki, onun əleyhinə bu cür qərar qəbul edilmişdi. Sonra 2001-ci ildəki məlum terror hadisəsindən sonra ABŞ Konqresi öz geosiyasi maraqlarına görə Prezidentə 907-ci düzəlişin hüquqi qüvvəsini müvəqqəti dayandırmaq imkanı verən qanun qəbul etmişdi. ABŞ Konqresinin bu imkanı ümummiyyətlə ləğv edən qanun qəbul etməsi iki ölkə arasında münasibətlərə ciddi zərbədir. Halbuki, bu günə qədər ABŞ və Azərbaycan terrorizmlə mübarizə başda olmaqla bir çox məsələlərdə strateji tərəfdaşdır. ABŞ Senatının qəbul etdiyi aktdan belə görünür ki, Azərbaycan öz torpaqlarında terroristlərin fəaliyyətinə imkan verməli imiş.

 

Şübhəsiz ki, bu aktın qəbul olunmasının bir çox səbəbləri vardır. Bu səbəblərdən ən başlıcası isə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş olması, eləcə də, müstəqil siyasət yürüdən dövlət olmasıdır. Təbii, ABŞ-də qarşıdan gələn seçkilərin də bu aktın qəbul olunmasına təsiri danılmazdır. Ona görə ki, bu qərəzli aktın qəbul olunmasında erməni lobbisinin maddi dəstəyinə ehtiyac duyan Bayden Administrasiyasının təhriki göz qabağındadır. Korrupsiyaçı, islamafob senatorların dinləmələrdə nümayiş etdirdiyi ikili standartlar və selektiv yanaşma absurd teatr tamaşasından başqa bir şey deyil.

 

Əminliklə demək lazımdır ki, bu gün Azərbaycan 1992-ci ildəki Azərbaycan deyil. Azərbaycanın ABŞ-nin sentlərinə ehtiyacı yoxdur. Bu aktın qəbulu beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir. Bu məsələ özlüyündə BMT Təhlükəsizlik Şurasının 822,853,874,884 nömrəli qətnamələrinə ziddir.Əlbəttə, ABŞ Senatının belə bir aktı qəbul etmiş olması təəccüblü deyil. Ona görə ki, bu dövlət özünün səs verdiyi BMT qərarlarına heç bir əhəmiyyət vermədən Azərbaycan Respublikası ərazisində Ermənistan tərəfindən yaradılmış seperatçı rejimi dəstəkləmişdir. Bütün bunların fonunda ABŞ-nin Minsk qrupu çərçivəsində fəaliyyətsizliyi əlbəttə ki, təəccüb doğurmur.

 

Qeyd edək ki, qondarma “Dağlıq Qarabağ Respublikası” özünü buraxdıqdan sonra Amerikanın onu müdafiə etməsi siyasi riyakarlıq olub, regionda vəziyyətin yenidən gərginləşməsinə xidmət edən destruktiv yanaşmadır. Amerikanın son illərdə həyata keçirdiyi xarici siyasətin iflasa uğradığının şahidiyik. Xüsusilə, Əfqanıstan və Yaxın Şərqdən əli üzülən ABŞ Ermənistan vasitəsilə Cənubi Qafqaza girməyə çalışır. Daha dəqiq desək Ermənistanın zəifliyindən öz məkrli siyasətini həyata keçirmək üçün istifadə edir. Üzdə erməni lobbisinin arzularını gerçəkləşdirirmiş kimi görünsə də, ABŞ hər vasitə ilə Ermənistandan və ermənilərdən istifadə edir. Nəzərə almadıqlar isə Azərbaycanın 90-cı illərdəki Azərbaycan olmadığıdır. Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət edərək, öz milli maraqlarını reallaşdırmışdır. Bu gün Azərbaycan öz milli maraqlarına zidd olan bütün məkrli, qərəzli, ikiüzlü münaisbətlər adekvat cavab vermək iqtidarındadır. Azərbaycan Respublikasının Milli Məclisinin qəbul etdiyi bəyanat da bunun açıq təzahürüdür.

 

Millət vəkili Tamam Cəfərova belə deyib.

Link kopyalandı!
Son xəbərlər