“Aprel ayının 5-də cənab Prezident İlham Əliyev Tacikistan Respublikasında rəsmi səfərdə olub. İki ölkə arasında imzalanan sənədlər və prezidentlərin mətbuata birgə bəyanatı onu deməyə əsas verir ki, Azərbaycan və Tacikistan arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir. Hələ keçmiş SSRİ-nin tərkibində olan zaman hər iki ölkə müttəfiq respublika olmuşlar. Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələrin tarixi qədimdir. Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur. Hər iki xalq əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır. Xüsusilə qeyd etməliyik ki, iki ölkə arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı 1990-cı illərdəki fəaliyyətin nəticəsində əldə olunmuşdur”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bilirib ki, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra Azərbaycan və Tacikistan arasında münasibətlər daha da inkişaf etmişdir. Xüsusilə vurğulamalıyıq ki, 1990-cı illərdə hər iki ölkə böyük çətinliklərlə üzləşmiş, lakin, müdrik rəhbərlər sayəsində qanlı səhifələri çevirib, inkişaf və tərəqqi yoluna addım atmışdır. Prezident İlham Əliyevin çıxışında dediyi kimi “ Həm Prezident Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular”. Liderlərin müdrikliyinin nəticəsində bu gün hər iki ölkədə sabitlik və davamlı inkişaf mövcuddur. Cənab Prezident də çıxışında bu gün həm Tacikistanın, həm də Azərbaycanın sabit dövlətlər olduğunu qeyd edərək, məhz sabitlik amilinin inkişafın və təhlükəsizliyin əsasında durduğunu vurğuladı.
Millət vəkili Tamam Cəfərova fikirlərinin davamı olaraq qeyd edib ki, şübhəsiz, Prezident İlham Əliyevin məlum səfəri və imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olacaqdır. Onu da qeyd etməliyik ki, ölkə Başçısı çıxışında deyib: “Bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürlər mövcuddur. Nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırdır. Ona görə ki, Tacikistan bizə yaxın ölkədir və sabitlik hökm sürən ölkədir.” Qeyd etməliyik ki, səfər çərçivəsində müxtəlif sahələri əhatə edən 14 adda sənəd imzalanmışdır. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı məqamlar və imzalanan sənədlər onu deməyə əsas verir ki, Azərbaycan və Tacikistan arasında münasibətlər tamamilə yeni və daha yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Millət vəkili Tamam Cəfərova belə deyib.