1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bayramı qeyd edənlər arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin övladları da var.
Şəhid övladları uşaqların bayramını necə keçirirlər?
Şəhidlər xanımları övladlarının 1 iyunla bağlı xatirələrini Modern.az-la bölüşüb.
44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri olan şəhid polkovnik-leytenant Ruslan Tağıyevin həyat yoldaşı Günay Tağıyeva dərsdən sonra övladı ilə həyat yoldaşının məzarını ziyarət etməyə gedəcəyini deyib.
“Bizim günlərimiz o qədər maraqlı keçirdi ki, bayramı gözləməyə gərək qalmırdı. Ruslan elə ata olub ki, övladlarına "yorğunam", "gecdir", "qalsın başqa vaxta" kimi ifadələr işlətmirdi. Uşaqların bir istəyini iki etməzdi”.
Şəhid övladlarının gələcəklə bağlı arzularına gəlincə, Günay xanım bunun əlçatmaz olduğunu vurğulayıb:
“Qızım məktəbəqədər təhsil alır. O, atasına məktub yazmaq üçün müəllimindən kömək istəyib. Deyib ki, həmin məktubu atasına göndərəcək”.
Polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva şəhid övladlarına xüsusi diqqət göstərildiyini bildirib:
“İrqin, milliyətindən asılı olmayaraq bütün körpələrə qayğı ilə yanaşmaq lazımdır. Bu gün xüsusi diqqət şəhid övladlarınadır. Onların ataları uşaqlar azad torpaqlarda böyüsün deyə canlarından keçiblər. Mənim övladlarım da dünən, bu gün şəhid övladları üçün təşkil olunmuş tədbirdə iştirak ediblər. Onların atası övladlarına həmişə qayğı göstərirdi. Düzdür, bir hərbçinin evdə keçirdiyi vaxt çox az olur. İndi atalarının onlarla keçirdiyi vaxtı xoş xatirələrlə anırlar. Sevdiyi nə olubsa, Anar onlar üçün edib. Onların sadəcə ataya ehtiyacı var. Dövlət, millət olaraq hər kəs şəhid övladlarının yanındadır. Cəmiyyət atalarını əvəz etməsə də, yaralarını sarmağa çalışır”.
Vüsalə xanım başda şəhid övladları olmaqla bütün uşaqları təbrik edərək, onlara xoş arzularını çatdırıb:
“Bu gün övladlarım ataları onları necə görmək istəyirdisə, çalışırlar ki, o cür olsunlar. Onların atdığı hər uğurlu addımda atalarının ruhu şad olur”.
Şəhid mayor Rüfət Əsgərovun xanımı Arzu Əsgərova deyir ki, hər bir uşaq özəl günlərini valideynlərinin əhatəsində qeyd etməyi arzulayır:
"Bu gün səhər qızım atasını xatırlayaraq, ondan söz açdı. Övladımın Uşaqlar Günü ilə bağlı xatirələri çoxdur. Ataları onları hədiyyəsiz qoymazdı. Düzdü, hər bayramda bizimlə ola bilmirdi, amma həmin gün olmasa da, sonradan hədiyyələrini mütləq alardı. Övladlarım xatirələri ürəklərində yaşayır, dilə çox gətirmirlər. Əsas oğlum xatirələrini dilə gətirməz.
Rüfət həmişə sürpriz edərdi, amma gəlişi uşaqlara böyük bir hədiyyə idi. Atalarının gəldiyini bilən zaman sevinclərinin həddi hüdudu olmazdı".
Mayor şəhid Rahib Babayevin xanım Aygün Babayevanın sözlərinə görə, 1 iyunda həmişə evlərində bayram əhvalı yanaşıb:
"Həyat yoldaşım digər bayramlarda olduğu kimi, Uşaqlar Günündə də evdə olmurdu. İşlə əlaqədar evə çox gələ bilmirdi. Amma uşaqları təbrik etməyi unutmazdı, hədiyyə seçiminə qədər özü maraqlanar, hər uşağın öz istədiyi hədiyyəni almağı mənə tapşırardı. Uşaqlarım o günləri gözləri dola-dola xatırlayır. Balaca oğlum atası şəhid olanda kiçik idi. O, heç nəyi xatırlamır".
Şəhid xanımı bu gün övladlarını atalarının sağlığında olduğu kimi təbrik edib, gəzməyə aparacağını söyləyib:
"Onlar sevinəndə mən də sevinirəm. Ən çox atalarının şəhid oldugu Kəlbəcəri görmək istəyirlər. Yay tətilində çalışacam ki, onları atalarının canını, qanını qurban verdiyi o torpaqlara aparım. Onu da qeyd edim ki, istədikləri hədiyyələri almışam, bir azdan gəzintiyə aparacam".