Politoloq Zərdüşt Əlizadə Moderator.az-a açıqlamasında Azərbaycan ordusundakı mövcud vəziyyəti şərh edib. NATO-ya qəbul olunmadan da NATO dəyərlərinə yiyələnməyin mümkünlüyünə toxunan ekspert, Azərbaycan ordusundakı vəziyyətin arzuedilməz olduğunu qeyd edib:
“Əgər söhbət ordunu NATO standartlarına uyğunlaşdırmaqdan gedirsə, Azərbaycan ordusunu bu standartlara uyğunlaşdırmağa kim mane olur ki? NATO standartları nədir? Qoşunların səmərəli idarə olunması, aşkarlıq, cəmiyyətin ordu üzərində nəzarəti və s. Bunu təmin etmək üçün hökmən NATO-ya girmək lazım deyil. NATO-ya daxil olmadan da bu dəyərləri tətbiq etmək olar. NATO standartları açıq göstərilib, burada heç bir məxfiçilik yoxdur. Ordu quruluğu SSRİ-də diviziya idi, NATO-da briqadadır. Qoşun növləri arasında əlaqə, zabitlərin təhsili, qərargah sənədlərinin hazırlanması və s. kimi məsələlər ortadadır. Istəyirsən NATO sistemini, istəyirsənsə də sovet sistemini öyrən. Axır ki, öyrən, güclü, intizamlı ordu formalaşdır. Lakin Azərbaycan ordusunda korrupsiya, özbaşınalıq, dərəbəylik və s. amillər baş alıb getdiyi üçün normal ordu qurmaq mümkün deyil. Buna görə də ordumuz xeyli zəifdir”.
Seymur Əliyev