Cavid Osmanov: “Ermənistanda revanş arzulayan qüvvələrin Hərbi Qənimətlər Parkına nəzər salmasında fayda var”
Bakıda ordumuzun işğalçı Ermənistan üzərində tarixi zəfərini əks etdirən Hərbi Qənimətlər Parkının açılışı bütün vətəndaşların sevinc və məmnunluğuna səbəb olub.
Moderator.az-a açıqlama verən millət vəkili Cavid Osmanov, Hərbi Qənimətlər Parkının bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:
“Əslində işğalçı Ermənistan ordusunun 44 günlük Vətən müharibəsində verdiyi itkilər, əldə edilən hərbi qənimətlər haqqında Ali baş Komandan elə müharibənin gedişində ictimaiyyətə müntəzəm məlumatlar verirdi. Bu məlumatlardan da görünürdü ki, düşmən çox böyük itkilərə məruz qalır, Azərbaycan ordusunun hücumları qarşısında silahını atıb qaçmağa məcbur olur.
Bu baxımdan, Hərbi Qənimətlər Parkı ilk növbədə Azərnbaycan ordusunun qalibiyyətinin təzahürü, əyani sübutudur. Bu, gələcək nəsillərin milli tariximizi daha dərindən öyrənməsi, daha yaxşı mənimsəməsi baxımından da atılan mühüm bir addımdır.
Hərbi Qənimətlər Parkının yeni salınmış bulvarda yerləşməsi də təsadüfü deyil. Bura həm də ölkəmizin inkişafını əks etdirən bir məkandır. Hərbi Qənimətlər Parkı “Dəmir Yumruğ”un hər zaman öz yerində olduğunu göstərir. Bu gün Ermənistasnda revanş tələb edən qüvvələrin də tarixdən dərs alması üçün Hərbi Qənimətlər Parkına nəzər salması vacibdir”.
Seymur ƏLİYEV