“Bizim həyatımızda, bizim dünyamızda, bizim içimizdə Qarabağdan daha ciddi problem yoxdur və ola da bilməz”.
Bunu Moderator.az-a
açıqlamasında BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının
müdiri, professor Cahangir Məmmədli bildirib. Profesor qeyd edib ki,
hər bir vətəndaş Qarabağ uğrunda mübarizədə yer almalı, bu mübarizəyə öz töhfəsini
verməlidir:
“Biz ac qala bilərik,
susuz qala bilərik, amma Qarabağsız qala bilmərik. Mən bütün mətbuatı, sosial şəbəkələrin
hər bir iştirakçısını vətən uğrunda mübarizəyə səsləyirəm. Hər bir vətəndaş bu
müqəddəs mübarizədə iştirak etməli, bu mübarizəyə öz töhfəsini verməlidir”.
C.Məmmədli bu məsələdə
medianın, eləcə də televiziyaların üzərinə böyük iş düşdüyünü vurğulayıb:
“Bu gün dünyamızda sözdən
güclü “silah” yoxdur və biz media nümayəndələri olaraq bu “silahdan” düzgün,
yerində istifadə etməliyik. Bu məsələdə hər bir jurnalistin, media orqanının,
eləcə də televiziyanın üzərinə mühüm iş düşür. Bizim bir an belə olsun Qarabağ
uğrunda apardığımız mübarizəni yaddan çıxarmağa haqqımız yoxdur. Atdığımız hər
addım da məhz bu mübarizəyə, düşmən üzərindəki qalibiyyətə hesablanmalıdır”.
Seymur ƏLİYEV