Koronavirusla bağlı testlərin pullu olması son vaxtlar cəmiyyətdə müəyyən narazılıq doğuran əsas məsələlərdən biridir.
Pandemiya ilə bağlı testlərin pullu olması nə dərəcədə məntiqlidir? İmkansız şəxslərin bu testlərdən pulsuz yararlanmasının təmin olunması mümkündürmü?
Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa imkansız vətəndaşlar üçün koronavirus testlərinin pulsuz olmasının vacibliyini vurğuladı:
“Koronavirusla bağlı testlərin pulsuz olması çox vacibdir. Əhali 100-150 manatı hardan tapıb bu testə versin? Elə insanlar var ki, imkanı var və könüllü şəkildə bu testdən keçir, koronavirusa yoluxub-yoluxmadığını müəyyənləşdirir. Lakin imkansız insanlar üçün bu testlər pulsuz olmalıdır. Bu yükü vətəndaşın üzərinə qoymaq olmaz. Vətəndaş həm cannın hayına qalmalı, həm dərman axtarmalı, dərmana da pul verib almalı, həm də testdən keçməyə pul tapmalıdır. Bunlar absurd bir şeydir. Vətəndaşın vəziyyətini anlamaq lazımdır.
Bu testi kütləvi şəkildə həyata keçirmək elə də asan məsələ deyil. Amma yoxsul, aztəminatlı insanlar üçün bu, pulsuz olmalıdır. Bu məsələdə pullu xidmətin mövcudluğu anlaşılan deyil. Imkansız adamlara bu testdən pulsuz keçmək üçün şərait yaratmaq lazımdır. Xeyli insan var ki, adi yol pulu ödəmək imkanı yoxdur. Belə bir insan təbii ki, testdən keçmək üçün gərəkli vəsaiti tapa bilmir və əgər yoluxubsa, o zaman xəstəliyin yayıcısı olur. Onsuz da dərmanlarla bağlı problemlər var. İnsanlar lazımi dərmanları tapa bilmir. Evdə müalicə haqqında danışırıq. Əgər evdə müalicə alacaqlarsa, heç olmasa elə etmək lazımdır ki, apteklərdə dərman olsun. Insanlar özlərini qoruya bilsinlər. Bu məsələlər dərhal öz həllini tapmalıdır.
Biz əgər vətəndaşa “evində otur” deyiriksə, onun maddi təminatını ödəməliyik. Bu məsələdə hər kəs fədakarlıq etməlidir. Həm hakimiyyət, həm biznes qurumları, həm də cəmiyyət birlikdə bu problemi çözməyə çalışmalıdır. Konsensus əsasında müəyyən işlər görülməlidir. Biz bütün cəmiyyət olaraq səfərbər olmalıyıq ki, evində ərzaqsız, köməksiz vətəndaş qalmasın. Testdən keçmək istəyən imkansız vətəndaşların bu testdən pulsuz keçməsi təmin olunmalıdır. Bu, xəstəliyin vaxtıdna aşkarlanması baxımından da vacibdir”.
Seymur ƏLİYEV