Regional İnsan Hüquq və Maarifləndirmə mərkəzinin sədri, hüquq müdafiəçisi Lətafət Məlikova bu gün Lənkəran şəhər polis şöbəsinin rəisi Möhübbət Hüseynovla görüşərək dünən 6 saat istintaq edildikdən sonra polis şöbəsinin təcridxanasında saxlanılan Yadigar Sadıqovun işi ilə maraqlanıb.
Moderator.az-ın "Minval.az"a istinadən xəbərinə görə, rəis ona bildirib ki, Y.Sadıqovun məhkəməsi, barəsindən həbs qəti-imkan tədbirinin seçilib-seçilməməsi gələn həftənin birinci günü məlum olacaq, daha dəqiqi, məhkəmə iyulun 1-nə təyin olunub.
Hüquq müdafiəçisi ona diqqət cəlb edir ki, həmin gün Y.Sadıqovun həbsdə saxlanmasının 4-cü sutkası tamam olacaq, bu isə mövcud qanunvericiliyə görə yolverilməzdir, çünki şübhəli şəxs qismində saxlanılan adamları polis təcridxanasında məhkəmə qərarı olmadan 3 gündən artıq saxlamaq olmaz.
Bundan başqa, Yadigar Sadıqovun qohumlarından biri musavat.com-a xəbər verib ki, artıq başqan müşavirinin səhhətində problem yoxdur.
Qeyd edək ki, dünən axşam radələrində Y.Sadıqov tibbi yardıma ehtiyac duyub və ona görə polis şöbəsinə təcili yardım briqadası çağırılıb.
Xatırladaq ki, müsavatçı fəal və yazar Yadigar Sadıqovu Lənkəranda Qarabağ əlilinə xəsarət yetirməkdə təqsirləndirirlər və ona qarşı "xuliqanlıq" maddəsi ilə cinayət işi açılıb. Y.Sadıqov və onu müdafiə edənlər isə ortada məqsədli şərləmənin olduğunu bildirirlər.