Eks-millət vəkili Hüseyn Abdullayev haqqında Cinayət Məcəlləsinin 213.2.2, yəni külli miqdarda vergidən yayınma maddəsi ilə cinayət işinin qaldırılması onun siyasi baxışları ilə əlaqədardır.
Bu barədə Moderator.az saytına hüquqşünas Aslan İsmayılov məlumat verib. A.İsmayılovun sözlərinə görə, H.Abdullayevin 2007-ci ildəki həbsi də məhz bununla bağlı idi:
“Hüseyn Abdullayevin axtarışı birmənalı şəkildə onun siyasi baxışları ilə əlaqədardır. 2007-ci ildə də onu məhz siyasi baxışlarına görə həbs etdilər. H.Abdullayevin o zaman parlament iclasındakı çıxışını dinləsəniz görərsiniz ki, o, parlament üzvlərini formal fiqur olmamağa çağırıb. Tələb edib ki, Nazirlər Kabineti nağıl söyləməsin, obyektiv hesabat versin. Buna görə də o vaxt onu həbs elədilər. Daha sonra onun əmlakını əlindən aldılar. H.Abdullayev bundan sonra da dayanmadı və tənqidi fikirlərini davam etdirdi. “Susma” marşını yazdı. Bundan sonra yenə də təzyiqlərə məruz qaldı. Hər şeyin arxasında H.Abdullayevin siyasi baxışları dayanır. İnanmıram ki, H.Abdullayev bu hakimiyyətlə bu cür savaşa-savaşa vergidən yayınmış olardı. Əgər həqiqətən də o, vergidən yayınmışdısa, niyə “Susma” marşına qədər ona qarşı hər hansı bir tədbir görülmürdü? Bu, hakimiyyətin taktikasıdır. Sabah az-çox biznesə sahib istənilən şəxs ağzını açan kimi onun haqqında cinayət işi qaldıracaqlar”.
Seymur Əliyev