Azərbaycan növbəti bir il ərzində UNESCAP-a sədrlik edəcək - YENİLƏNİB +  FOTO
436
13:40, Bu gün

Azərbaycan növbəti bir il ərzində UNESCAP-a sədrlik edəcək - YENİLƏNİB +  FOTO

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tailand Krallığının paytaxtı Banqkok şəhərinə işgüzar səfəri çərçivəsində BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasına (UNESCAP) sədr seçilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Ölkəmizin növbəti bir il ərazində UNESCAP-a sədrlik etməsi nəzərdə tutulub.
 
"Heç kəsi geridə qoymamaq: Asiya və Sakit okean regionunda bütün yaşlar üçün cəmiyyətin irəlilədilməsi" mövzusuna həsr olunmuş sessiyanın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sessiya iştirakçılarına ünvanlanmış müraciəti nazir Ceyhun Bayramov tərəfindən səsləndirilib.
 
Cənab Prezidentin müraciətində qlobal miqyasda artan geosiyasi gərginliklərin beynəlxalq sülh və təhlükəsizlik üçün yaratdığı çağırışlar qeyd olunub, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin əhəmiyyəti bir daha vurğulanıb.
 
Müraciətdə Azərbaycanın suverenliyini tam bərpa etməsi, Ermənistanla normallaşma prosesində əldə olunan irəliləyişlər, Böyük Qayıdış proqramı, mina təhlükəsinin yaratdığı təhdidlər, dayanıqlı inkişaf göstəriciləri, Orta Dəhlizin artan rolu və ölkənin enerji təhlükəsizliyi ilə regional bağlantıya töhfəsi önə çəkilib.
 
Müraciətdə Azərbaycanın beynəlxalq təşkilatlar və platformalarda artan fəallığı diqqətə çatdırılıb. Türk Dövlətləri Təşkilatına, AQEM-ə sədrlik, COP29-un uğurla təşkili və tarixi nəticələri, D-8 üzvlüyümüz, qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumu və digər təşəbbüslər vurğulanıb.
 
Daha sonra, Ceyhun Bayramov sessiyanın sədri qismində çıxış edərək Azərbaycanın inklüziv inkişaf, rəqəmsal transformasiya, yaşıl enerji, regional əlaqəlilik və çoxtərəfli əməkdaşlıq sahələrində prioritetlərini təqdim edib.
 
Çıxışda vurğulanıb ki, sürətlə dəyişən qlobal şəraitdə inklüzivlik əsas istiqamət olaraq qalmalıdır. Bu yanaşmanın “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində həyata keçirildiyi və bilik əsaslı, rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşdırılmasını hədəflədiyi diqqətə çatdırılıb.
 
Rəqəmsal texnologiyalar, onlayn dövlət xidmətləri və süni intellekt tətbiqləri idarəetmənin səmərəliliyini artırdığı qeyd edilib.
 
Çıxışda bərpa olunan enerji mənbələrinin həm iqlim, həm də iqtisadi dayanıqlılıq baxımından əhəmiyyəti vurğulanıb. Bakıda keçirilmiş COP29 çərçivəsində əldə edilmiş tarixi razılaşmalar, o cümlədən ildə ən azı 300 milyard ABŞ dolları həcmində iqlim maliyyəsinin səfərbər olunması öhdəliyi xatırlanıb. Bu öhdəliklərin praktiki layihələrə çevrilməsinin vacibliyi qeyd olunub.
 
Nəqliyyat, ticarət və logistika əlaqələri inklüziv inkişafın mühüm vasitəsi kimi qiymətləndirilib. Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşən strateji mövqeyi vurğulanaraq Orta Dəhlizin regional əməkdaşlıq və dayanıqlılıqda roluna diqqət çəkilib.
 
Çıxışda bölgəmizdə sülh quruculuğu səylərinin, Cənub–Cənub əməkdaşlığı çoxtərəfli diplomatiyanın önəmi qeyd olunub.
 
Sessiya çərçivəsində ümumi müzakirələr zamanı həmçinin xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edib. Çıxış zamanı, regionda inklüziv və dayanıqlı inkişafın təşviqi, sosial bərabərliyin gücləndirilməsi və bütün təbəqələrin inkişaf prosesinə cəlb olunmasının əhəmiyyəti vurğulanıb.
 
BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasına sədrliyin Azərbaycana həvalə olunması ölkəmizə göstərilən yüksək etimadın, Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun və qlobal və regional proseslərdəfəal iştirakının bariz təzahürüdür.
 
UNESCAP Asiya və Sakit okean regionunda iqtisadi vəsosial əməkdaşlığı təşviq edən BMT-nin əsas regional platformalarından biri olmaqla, dayanıqlı inkişaf, inklüziv artımvə sosial rifah məsələləri üzrə dialoq üçün mühüm rol oynayır.
 
10:05
 
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Banqkok şəhərində keçirilən BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyasına sədrlik edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
"Heç kimi kənarda qoymamaq: Asiya və Sakit Okean regionunda bütün yaş qrupları üçün cəmiyyətin tərəqqisi" mövzusuna həsr olunmuş sessiyanın açılışında nazir Prezident İlham Əliyevin iştirakçılara ünvanladığı yazılı müraciəti oxuyub.
 
Sessiya çərçivəsində Azərbaycan ortaq çağırışların həlli və inkişafın cəmiyyətin bütün təbəqələrinə çatdırılması üçün regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
 
Nazir Azərbaycanın əsas siyasi mesajlarını diqqətə çatdıraraq inklüziv inkişaf, rəqəmsal transformasiya, yaşıl enerji keçidi, regional bağlantı, sülh quruculuğu və Cənub-Cənub əməkdaşlığı kimi istiqamətləri önə çəkib.
 
Azərbaycanın "Heç kəs kənarda qalmasın" gündəliyi çərçivəsində insan mərkəzli, dayanıqlı və qarşılıqlı əlaqəli regional gələcək vizyonu təqdim olunub.
 
Sessiya zamanı "Azərbaycan 2030" sosial-iqtisadi inkişaf üzrə milli prioritetləri, o cümlədən inklüziv iqtisadi artım, təhsil və səhiyyəyə bərabər çıxış, rəqəmsal ictimai xidmətlərin genişləndirilməsi və nəsillər arasında bərabər imkanların təmin edilməsi xatırladılıb.
 
Bundan əlavə, Avrasiya bağlantısında Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb.
 
Sessiyanın əsas nəticələrindən biri kimi Asiya və Sakit Okean regionunda bütün yaş qrupları üçün sosial inkişafın təşviqinə dair Bakı–Banqkok Bəyannaməsi qəbul olunub. Bu sənəd inklüzivlik və dayanıqlı inkişaf üzrə ortaq öhdəliyi əks etdirir və ESCAP-ın inklüziv inkişaf gündəliyi ilə uyğunluq təşkil edir.
 
Sessiya üzv dövlətlərin yüksək səviyyəli nümayəndələrini, beynəlxalq təşkilatları və BMT tərəfdaşlarını bir araya gətirərək inklüziv artım, sosial bərabərlik və dayanıqlı inkişaf üzrə dialoqu təşviq edib.
 
Azərbaycan çoxtərəfli diplomatiyada fəal rol oynamaqda davam edir və Asiya-Sakit Okean regionu ilə əməkdaşlığını ümumi inkişaf məqsədləri naminə dərinləşdirməyə sadiqdir.
 
Həmrəylik, innovasiya və ortaq məsuliyyət prinsiplərini rəhbər tutan Azərbaycan insan mərkəzli inkişaf modelini təşviq edir, regional bağlantını gücləndirir, rəqəmsal və yaşıl keçidi sürətləndirir, sülh və əməkdaşlığı möhkəmləndirir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər