"ABŞ-dan Avropaya sərt mesaj, mümkün hərbi cavab və yeni sanksiyalar..."
ABŞ-ın Avropadakı keçmiş qoşun komandanı, istefada olan general Ben Hoces Rusiyanın faktiki olaraq Avropa ilə müharibə vəziyyətində olduğunu bəyan edib.
Moderator.az xəbər verir ki, o, bu fikirləri Norveçin Oslo şəhərində keçirilən konfransda səsləndirib. Məlumatı "theguardian.com" nəşri yayıb.
"Rusiya Avropa ilə müharibə aparır"
Nəşrin yazdığına görə, Hoces Rusiyanın fəaliyyətini sadəcə "hibrid müharibə" kimi təqdim etməyin reallığı əks etdirmədiyini vurğulayıb. Generalın fikrincə, Moskvanın əsas məqsədi Avropanı Ukraynaya dəstəyi dayandırmağa məcbur etməkdir. O hesab edir ki, Rusiya hərəkətlərinə görə real cəza almayana qədər bu proses davam edəcək.
Avropaya birbaşa müraciət edən Hoces bildirib ki, qitə öz təhlükəsizliyini təmin etmək gücündədir: "Xahiş edirəm, sızlamağı dayandırın. ABŞ geri çəkilərsə nə edəcəyinizlə bağlı bu qədər şikayət nəyə lazımdır? Mənim prezidentimə - Donald Trampa qarşı durun. Bizi məsuliyyət daşımağa məcbur edin və verdiyimiz vədləri yerinə yetirməyə vadar edin".
Avropa və ABŞ-dan koordinasiyalı plan
"Financial Times" nəşrinin yazdığına görə, Ukrayna Avropa və ABŞ-la birlikdə Rusiyanın mümkün atəşkəs pozuntularına cavab verilməsi üçün çoxsəviyyəli plan üzərində razılığa gəlib. Məlumata əsasən, Rusiya istənilən atəşkəsi pozarsa, 24 saat ərzində reaksiya veriləcək.
Planın birinci mərhələsində diplomatik xəbərdarlıq və zərurət yaranarsa Ukrayna ordusunun cavab addımları nəzərdə tutulur. Əgər hücumlar davam edərsə, proses ikinci mərhələyə keçəcək və burada "İstəklilər koalisiyası" adlandırılan qrupun - Aİ ölkələri, Böyük Britaniya, Norveç, İslandiya və Türkiyənin iştirakı mümkün olacaq.
Məqalədə qeyd olunur ki, hücumlar genişlənərsə və 72 saat ərzində dayandırılmazsa, ABŞ Silahlı Qüvvələrinin də daxil olduğu Qərb qüvvələrinin koordinasiyalı hərbi cavabı işə düşə bilər.
Avropa İttifaqı yeni sanksiyalara hazırlaşır
"Bloomberg"-in məlumatına görə, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiya paketi çərçivəsində mis və platin qrupuna aid metalların idxalını qadağan etməyi müzakirə edir. Söhbət iridium, rodium, platin və misdən gedir.
Bu metallar bazarında hazırda ciddi gərginlik var. Xüsusilə misin qiyməti yüksək tələbat və məhdud təklif səbəbindən rekord səviyyəyə çatıb. Qeyd olunur ki, Rusiya metalları artıq əsas Qərb birjalarından sıxışdırılıb, lakin hələ də müəyyən həcmdə bazarlara daxil olur.
Yeni sanksiyalar ilk növbədə "Norilsk Nikel" şirkətinə təsir göstərə bilər. Bu şirkət Rusiyada platin qrupuna aid metalların əsas istehsalçısı olmaqla yanaşı, dünya paladium istehsalının təxminən 40 faizinə nəzarət edir.