Vergi dərəcəsi azaldı, amma nəzarət mexanizmi risklidir
 
                                            
                                            
                                            
                                            
Azərbaycanda kirayə bazarında yeni dövr başlayır. 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. 
 
Məlumdur ki, kirayə mənzil bazarında 14 faizlik vergi tətbiq olunsa da, vergidən yayınmaq üçün rəsmi qaydada kirayə müqaviləsi imzalayanlar demək olar ki, yox idi. 
 
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc bildirir ki, əvvəlki 14 faizlik vergi dərəcəsi kifayət qədər yüksək idi və vətəndaşlar vergidən yayınırdılar: “Çünki həmin məbləğ ümumi kirayə haqqına əlavə olunduqda ciddi fərq yaranırdı. Məsələn, bir mənzil 600 manata kirayə verilirsə və mülkiyyətçi 14 faiz vergi tələb edirsə, bu, təxminən 84 manat edir. Bu zaman qiymət fərqi tərəflər arasında razılaşmanı çətinləşdirir, nəticədə onlar qeyri-rəsmi razılaşma yolu ilə vergidən yayınmağa üstünlük verirlər. Biz təklif etmişdik ki, bu vergi ən azı iki dəfə azaldılsın. İndi dörd faizlik güzəşt tətbiq olunur. Bu, azalma həm icarəçini, həm də icarə verəni rəsmi şəkildə müqavilə bağlamağa müəyyən qədər təşviq edə bilər”. 

 
 
Əmlak eksperti Ramil Qasımzadə deyir ki, kirayə bazarında verginin 14 faizdən 10 faizə endirilməsi müsbət addımdır. Mütəxəssisin sözlərinə görə, gələcəkdə də hökumət həm kirayə verənlər, həm də kirayə götürənlər üçün stimullaşdırıcı addımlar ata bilər: “Fakt odur ki, daşınmaz əmlakını yüksək qiymətə kirayə verənlərin təxminən 70 faizi artıq müqavilə bağlayır. Qeyri-yaşayış obyektləri ilə də bağlı icarə müqavilələri əksər hallarda məsuliyyət və tənzimləmə səbəbi ilə bağlanır. Amma aylıq kirayə haqqı təxminən 600-700 manat olan, dəyəri nisbətən aşağı mənzillərin sahibləri çox vaxt müqavilə bağlamırlar. Burada həm kirayə verən, həm də kirayə götürən müqavilə bağlamağa həvəsli olmurlar. Halbuki bu müqavilə gələcəkdə yaranacaq problemlərin məhkəmə müstəvisində həlli üçün əsas hüquqi sənəd rolunu oynayır”.

 
 
Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri, iqtisadçı Natiq Cəfərli mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirib ki, kommersiya müəssisələri üçün 14 faizlik vergi tətbiq olunması qüvvədə qalır. Onun sözlərinə görə, bununla əlaqədar olaraq, hələ ki, rəsmi açıqlama yoxdur: “Qanunvericiliyə görə, hüquqi şəxslər icarəyə götürəndə 14 faiz, fiziki şəxslər isə 10 faiz vergi ödəyirdilər. Əgər indiyə kimi, bu məsələyə ciddi yanaşmırdılarsa, çox güman ki, bundan sonra yanaşma dəyişiləcək. Yəqin ki, sahə müvəkkillərinin iştirakı ilə yoxlamalar aparılacaq. Çox xoş olmayan mənzərə yaranacaq. Hökumət vergi toplanmasından ciddi gəlir əldə etməyi düşünürsə, nəticənin ürəkaçan olacağını düşünmürəm. Nəzarət çox güclü olsa, məsələn, 1000 manatlıq evi 500 manata rəsmiləşdirəcəklər, bir sözlə, qarışıqlıq olacaq, korrupsiya halları üçün fürsət yaranacaq. Yoxlama aparan orqanlar vergidən yayınma halları aşkarladıqda təzyiq edə, rüşvət ala bilərlər. Çox sayda problem yaranacaq”.