Ailə planlanlanması nədən ibarətdir? - Mütəxəssisdən TÖVSİYƏ
618
13:01, Bu gün

Ailə planlanlanması nədən ibarətdir? - Mütəxəssisdən TÖVSİYƏ

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Flora Hüseynova nazirliyin saytına müsahibə verib.

Moderator.az müsahibəni təqdim edir:

- Flora xanım, öncə kontrasepsiya və onun əhəmiyyəti barədə məlumat verərdiniz…

- Kontrasepsiya anlayışı sadəcə hamiləliyin qarşısını almaq deyil, həm də sağlam və xoşbəxt bir ailə həyatının planlanlandırılmasıdır. Bu, reproduktiv sağlamlığın əsas elementlərindən biri kimi, ailələrə uşaqlarının sayını və doğulma vaxtını öncədən müəyyənləşdirməyə imkan verir.

Müasir kontraseptiv üsullar müxtəlifdir. Belə ki, bariyer metodları, hormonal preparatlar, təbii üsullar, uzunmüddətli geri çevrilən və daimi metodlar hər bir ailənin fərqli ehtiyacına cavab verə bilir. Əsas məqsəd isə qadın və kişinin öz gələcəkləri üzərində şüurlu qərarlar verməsidir.

Kontraseptiv metodlar əsasən üç qrupa bölmək olar. Məcburi olmayan, yəni qeyri-tibbi metodlara təqvim üsulu və təbii ailə planlaşdırılması.

Bariyer üsulları – prezervativ və diafraqma – həm hamiləlikdən qoruyur, həm də cinsi infeksiyaların qarşısını alır. Hormonal vasitələr, məsələn, həb, inyeksiya və dəri altı implantlar yüksək effektivliyi ilə seçilir. Daxilə yerləşdirilən vasitələr – spiral və digər IUD-lər uzunmüddətli qorunma imkanı yaradır.

Cərrahi sterilizasiya üsulu (qadında boruların, kişidə toxum yollarının bağlanması) isə qadın və ya kişidə daimi qorunma təmin edən metod sayılır.

Kontrasepsiya sayəsində arzuolunmaz hamiləliklərin qarşısı alınır, qadınların sağlamlığı qorunur, uşaqlar isə daha yaxşı həyat şəraiti ilə dünyaya gəlirlər.

- Kontrasepsiyada ən çox rast gəlinən yanlış fikirlər hansılardır?

- İnsanlar düşünür ki, kontraseptiv üsullar sağlamlığa ciddi zərər vurur. Halbuki, müasir metodlar həkim məsləhəti ilə seçildikdə tamamilə təhlükəsizdir. Digər yanlış fikir isə budur ki, ailə planlanması yalnız qadının məsuliyyətidir. Əslində bu, həm qadının, həm də kişinin ortaq qərarı olmalıdır.

Başqa bir yanlış fikir, ailə planlaşdırılmasının ailələrin çoxuşaqlı olmasına maneə yaratmasıdır. Əslində isə ailə planlanması uşaqların sayını azaltmaq yox, onları daha sağlam və planlı dünyaya gətirmək üçün mövcuddur.

Çox vaxt hormonal həb sonsuzluğa səbəb olur deyə düşünülür, lakin bu, həqiqətə uyğun deyil. Əksinə, həb dayandırıldıqdan sonra qadının doğma qabiliyyəti bərpa olunur. Qoruyucu üsul (prezervativ) yalnız arzuolunmaz hamiləliyin qarşısını almır, eyni zamanda cinsi yolla keçən infeksiyalara qarşı da effektiv qoruyucu vasitədir. Spiralın yalnız çox uşaq doğmuş qadınlara qoyulması ilə bağlı fikir də səhvdir, çünki bu vasitə doğmamış qadınlarda da tətbiq oluna bilər.

- Kontrasepsiya ailə planlanması prosesində hansı rolu oynayır?

- Kontrasepsiya ailə planlanmasının ən əsas vasitəsidir. O, insanlara seçim imkanı verir. Əgər ailə hələ uşağa hazır deyilsə, bu metodlardan istifadə etməklə hamiləlik təxirə salına bilər. Əksinə, ailə artıq övlad sayını tamamladığını düşünürsə, uzunmüddətli və ya daimi kontraseptiv üsullardan faydalana bilər.
Ən vacib məqam odur ki, hər kəs üçün uyğun üsul fərqli ola bilər. Buna görə də mütləq həkimlə məsləhətləşmək lazımdır. Hər bir qadının yaşı, sağlamlıq vəziyyəti və həyat planları fərqlidir.

Link kopyalandı!
Son xəbərlər