“Cəhalət gülləsi, aydınlıq çiləsi” – Fazil Mustafadan düşüncənin dirənişi haqqında yeni kitab
264
13:32, Bu gün

“Cəhalət gülləsi, aydınlıq çiləsi” – Fazil Mustafadan düşüncənin dirənişi haqqında yeni kitab

Azərbaycan Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Dr. Fazil Mustafa 60 illik yubileyi ərəfəsində oxuculara 30-cu kitabını təqdim edib.

Moderator.az xəbər verir ki, yeni əsərin adı “Cəhalət gülləsi, aydınlıq çiləsi”dir.

Kitab “AVE Print” nəşriyyatında Əkbər Qoşalı və Nərgiz Cabbarlının redaktorluğu ilə çapdan çıxıb. Əsər müəllifin şəxsi həyat hekayəsi ilə yanaşı, bütöv bir xalqın yaddaşında qalan düşüncə və dirəniş mübarizəsinin fəlsəfi salnaməsi kimi təqdim olunur.

Cəhalətə qarşı mübarizənin manifesti

Fazil Mustafa kitabda 2023-cü ilin 28 martında ona qarşı törədilən terror aktını yalnız şəxsinə deyil, cəmiyyətə, dövlətçiliyə və dünyəvi dəyərlərə qarşı yönəlmiş ideoloji təxribat kimi dəyərləndirir. Əsərdə hadisənin istintaq və məhkəmə mərhələləri, terrorun ideoloji, siyasi və psixoloji kökləri, İran təsiri və cəhalət psixologiyası fəlsəfi-publisistik tərzdə təhlil edilir.

Müəllif “Sözönü”ndə yazır:

“Mənim yaşadığım olay bir insanın həyatına yönəlmiş sui-qəsd kimi görünsə də, əslində, bütöv bir toplumun gələcəyinə tuşlanmış güllələrin qara simfoniyası idi… Cəhalət vurmaq, qorxutmaq, susdurmaq istəyir; aydınlıq isə oyatmaq, düşündürmək, diriltmək anlamlarını daşıyır”.

Trilogiyanın son həlqəsi

Yeni əsər müəllifin bu il çap olunmuş “Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” və “Anladım. Tanıdım. Yaşadım” kitabları ilə birlikdə bir trilogiyanın son hissəsini təşkil edir. Bu üç əsər bütövlükdə Fazil Mustafanın fikri təkamülünü, milli düşüncə, vicdan və aydınlıq uğrunda mübarizəsini tamamlayır.

Kitab həm publisistik ruhu, həm də elmi təhlil dərinliyi ilə seçilir və oxucunu inama gətirir:

“Cəhalətin gülləsi insana tuşlansa da, aydınlığın çiləsi xalqın düşüncəsini qoruyur”.

Link kopyalandı!
Son xəbərlər