Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxıstanda "Azerbaijan Airlines" aviaşirkətinə məxsus təyyarənin qəzasının səbəbi ilkin olaraq quş sürüsü ilə toqquşma hesab edilir.
Bu barədə "Abzas" nəşri material hazırlayıb.
Pilot Vadim Bazıkin nəşrə müsahibəsində bildirib ki, əgər mühərrikə quş düşsə, onun tam sönməsi baş verə bilər:
"Bu, sürət itkisi ilə əlaqəli ola bilər. İdarəetmə itkisinin səbəbi kabinin hava keçirməzliyinin pozulması ola bilər ki, bu da quşun kabinin şəffaf örtüyünə dəyərək deşik açması nəticəsində baş verir. Belə bir depressurizasiya ya fiziki olaraq heyətə mane ola bilər, ya da heyət üzvlərindən biri xəsarət alır. Bu halda idarəetmə itirilə bilər. Belə qəzalar zamanı sağ qalanlar nadir hallarda olur. Burada qəza zamanı yəqin ki, yanğın olmayıb və təyyarə az sürətlə yerə düşüb. Bu isə heyətin sərnişinlərinin həyatını xilas etmək üçün mübarizə apardığını göstərir. Sağ qalanlar varsa, bu, 100% heyətin xidmətidir".
Qeyd edək ki, 2014-cü ilin iyulunda "Azerbaijan Airlines" donanmasına Braziliya istehsalı olan "Embraer 190" təyyarələri əlavə olunub. Məhz bu model təyyarə Qazaxıstanda qəzaya uğrayıb.
Şirkətə aid təyyarənin iştirak etdiyi son hadisə 12 avqust 2010-cu ildə baş verib. Bakı-İstanbul marşrutu ilə uçuş həyata keçirən "Airbus A319" Atatürk adına İstanbul hava limanında eniş zolağından çıxıb. Şassilər və mühərriklər ciddi zədələnib. Təhlükəli vəziyyətə baxmayaraq, 120 sərnişin və səkkiz heyət üzvü arasında xəsarət alan olmayıb./Musavat.com/