Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin Klivlend şəhərində yerləşən “Case Western Reserve” Universitetinin professoru, görkəmli azərbaycanlı alim Elşad Allahyarov Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində elmi seminar keçib.
Bu barə Moderator.az-a BDU-dan məlumat verilib.
Seminarın əvvəlində Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri, professor Maarif Cəfərov Elşad Allahyarovun elmi tədqiqat sahəsi, əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Sonra professor Elşad Allahyarov “Yüksək qütbləşdirilə bilən inklüziyaların elektrik sahəsi ilə induksiya olunan klasterləşməsi” adlı məruzəsini təqdim edib.
O, nanokompozitlərdə qütbləşdirilə bilən dipol sistemlərinin xarici elektrik sahəsinin təsiri altında özünü aparması ilə bağlı ən son tədqiqatların nəticələrini nümayiş etdirib. Bu sistemlər müxtəlif struktur konfiqurasiyaları formalaşdıra bilmək qabiliyyətinə malikdir və materialşünaslıq sahəsində geniş tətbiq perspektivləri vəd edir.
Məruzəçi bu sistemlərin xarici qüvvələrə sensor kimi necə reaksiya verdiyini və dipol paylanmasının elektrik sahəsinin gücü və mexaniki məhdudiyyətlərdən asılılığını izah edib. Həmçinin, 2D dipol sistemlərinin bioloji membranlar üçün prototip kimi potensialı, amfifillər və zülallarla qarşılıqlı təsiri barədə məlumat verib.