Ceyhun Bayramov Serbiyanın Baş naziri ilə görüşdü - FOTO
974
23 Dec 2024 | 16:50

Ceyhun Bayramov Serbiyanın Baş naziri ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin baş naziri Milos Vuçeviç ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
 
Görüş zamanı, Azərbaycan və Serbiya arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
 
Nazir Ceyhun Bayramov Azərbaycan və Serbiya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında ali və yüksək səviyyəli səfər və təmasların əhəmiyyətini qeyd edib, bu sahədə mövcud dinamikanın qorunmasının vacibliyi vurğulanıb.
 
İki ölkə arasında xüsusilə iqtisadi-ticari əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın vacib platforma olduğu qeyd edilib.
 
İki ölkə arasında energetika sahəsində əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə olunub, əməkdaşlığın perspektivlərinə toxunulub. Alternativ enerji istehsalı və ixracı sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib. Ölkəmizin yaşıl enerji istehsalı sahəsində potensialı barədə məlumat verilib.
 
Bununla yanaşı, ölkələrimiz arasında turizm sahəsində birgə layihələrin həyata keçirilməsinə, bu xüsusda birbaşa hava nəqliyyatı əlaqələrinin yaradılmasına qarşılıqlı maraq ifadə olunub.
 
Bu il ölkəmizdə keçirilmiş COP29 tədbirinin nəticələri barədə ətraflı məlumat təqdim olunub, iqlim diplomatiyası sahəsində birgə səylərin vacib olduğu diqqətə çatdırılıb. Expo-2027 tədbirinin ölkələrimiz arasında əlavə əməkdaşlıq imkanları yaradacağına dair əminlik ifadə edilib.
 
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb.
 
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
***
 
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın Baş naziri Miloş Vuçeviçlə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
 
Qeyd olunub ki, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən regional və beynəlxalq əməkdaşlığın perspektivlərini, təhlükəsizlik məsələləri müzakirə olunub.
 
Ceyhun Bayramov münaqişədən sonra regionda aparılan yenidənqurma işləri və sülh səyləri barədə qarşı tərəfi məlumatlandırıb.
 
Link kopyalandı!
Son xəbərlər