Bələdiyyə vergiləri ilə bağlı narazılıqlar var. Vətəndaşlara bildirişlər göndərilir və istifadələrində olan torpaq, üzərindəki əmlakın vergisini ödəmək tələb olunur. Bələdiyyə vergiləri çox böyük məbləğlər olmasa da, narazılığın əsas səbəbi toplanan vergi qarşılığında heç bir iş görülməməsidir. Vergi şəkilində toplanan pulların hara, necə xərclənməsi bilinmir. Hesabatlılıq yox səviyyəsindədir. Olsa da, belə hesabatların bələdiyyə ərazisində yaşayan, vergi ödəyənlərin gözündən uzaq tutulur.
Üstəlik, bələdiyyələrlə yanaşı, mənzil istismar sahələri (MİS) də pul yığır.
2011-ci ildə qəbul olunan Mənzil Məcəlləsində MİS-lərlə bağlı müddəa ləğv olunub və onların fəaliyyəti ilə bağlı heç bir qanuni əsas yoxdur.
Mənzil istismar sahələrinin səlahiyyətinin əsas hissəsi yerli bələdiyyələrə, bir qismi isə icra hakimiyyətlərinin ərazi nümayəndəliklərinə həvalə olunub. Amma hər məhəllənin mənzil istismar sahəsi də, bələdiyyəsi də var.
Ekspertlər deyir ki, bələdiyyələr vətəndaşdan vergi toplamaq üçün əvvəlcə onunla müvafiq müqavilə bağlamalıdır. Sonra xidmət göstərib vergiləri toplamalıdır. İndiki halda isə, bələdiyyələrin fəaliyyəti ümumiyyətlə, nəzərə çarpmır. Söhbət tullantıların toplanmasından gedirsə, bu işi də əsasən mənzil istismar sahələri görür.
Qanunla sahəsi 30 m2-dən az olan birotaqlı mənzillərə əmlak vergisi tutulmamalıdır. Lakin bələdiyyələr istisnasız şəkildə vergi tələb edirlər. Ümumilikdə, bələdiyyələr 2 növ vergi toplayır - torpaq vergisi və əmlak vergisi. Mənzilin ümumi sahəsindən 30 m2 çıxılır, bu hissə vergiyə cəlb olunmur, yerdə qalan hər kvadratmetrə 40 qəpik vergi müəyyən olunub.
Çoxmərtəbəli binaların torpaq vergisinə cəlb edilməsi də mübahisəlidir. Binaların tikildiyi torpağın dövlətə, yoxsa bələdiyyəyə aid olması çox vaxt bilinmir.
Vətəndaşın mənzili öz mülkiyyətindədirsə, əlində bunu təsdiq edən çıxarışı varsa, bələdiyyəyə torpaq vergisi verməsi də mübahisə doğurur.
Formal olaraq bələdiyyə müstəqil qurumdur, icra hakimiyyətindən və digər dövlət qurumlarından asılı deyil. Lakin reallıq başqadır. Bir çox bələdiyyə sədrlərinin möhür-ştampı belə çox vaxt icra hakimiyyətlərindəki seyflərdə saxlanılır. Bələdiyyələr icra hakimiyyətlərinə tabe olan “komxoz”dan çox da fərqlənmir.
Azərbaycan bələdiyyələri ilə məsələn, Türkiyə bələdiyyələrinin müqayisə belə etmək gülüncdür. Qardaş ölkədə vətəndaşın ən etibar etdiyi qurum elə bələdiyyədir. Ən böyük şəhərlərdən tutmuş ərazisi elə də böyük olmayan bütün şəhər, kənd, qəsəbələri bələdiyyələr idarə edir. Azərbaycanda isə bələdiyyə deyəndə ağla gələn ilk torpaq satmaq və vergi toplamaq düşür.
“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanun 2001-ci ilin dekabrında qüvvəyə minsə də, onun tətbiqinə 2015-ci ilin yanvarında edilən dəyişikliklərdən sonra başlanılıb. Mənzil-kommunal istismar sahələrinin bələdiyyələrin əvəzinə vergi toplaması qanunsuzdur. Çünki qanunvericiliyə əsasən, bələdiyyələr yerli vergi və ödənişlərin toplanmasını təmin etmək məqsədilə öz vergi xidməti orqanlarını yaratmalıdır.
Tanınmış vəkil Əkrəm Həsənov Musavat.com-a deyib ki, bələdiyyələr bir çox hallarda qanunda nəzərdə tutulandan daha çox məbləğdə vergi yığır:
-Son zamanlar bələdiyyələr torpaq mülkiyyətçilərindən torpaq vergisinin, bina və mənzil mülkiyyətçilərindən isə əmlak vergisinin ödənilməsini tələb edirlər. Hətta bəzən qanunsuz olaraq icra məmurları vasitəsilə həmin vergiləri tuturlar da (bir çox hallarda qanunda nəzərdə tutulandan daha çox məbləğdə).
Düzdür, Vergi Məcəlləsinin 8-ci maddəsinə görə bələdiyyə vergilərinə fiziki şəxslərin torpaq və əmlak vergisi aiddir. Məcəllədə həmin vergilərin dərəcələri də təsbit edilib. Amma 4.4-cü maddədə o da vurğulanıb ki, bələdiyyə vergilərinin dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir (“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 10-cu maddəsində də belə müddəa var). Başqa sözlə, hər bələdiyyə ərazisində tutulan verginin dərəcəsini müəyyən etməlidir. Bələdiyyələr bunu hansı hüquqi aktda müəyyən etməlidir?
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.3-cü və 4.1.6-cı maddələrinə əsasən bələdiyyələrin əhali üçün məcburi qərarları normativ xarakterli akt formasında rəsmiləşdirilməlidir. O cümlədən həmin akt 78-ci maddəyə uyğun olaraq Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməlidir. Lakin Azərbaycan bələdiyyələrinin indiyədək həmin Reyestrə daxil etdikləri bir akt var – nizamnamələri.
Beləliklə, Vergi Məcəlləsi yerli (bələdiyyə) vergilərini nəzərdə tutsa da, hətta onların yuxarı həddini də müəyyən etsə də, bələdiyyələr sırf özlərinə münasibətdə bu cür vergiləri normativ xarakterli aktlarında təsbit etməmişlər. Buna görə də vətəndaşlar həmin vergini ödəmədiyi təqdirdə bələdiyyələr qanuni alətlərlə heç nə edə bilməzlər. Vətəndaş bələdiyyənin normativ xarakterli aktının mövcud olmadığı səbəbindən məsuliyyətə cəlb oluna bilməz.
Ən əsası isə əhalidən yığılan vergilərin nəyə və necə xərclənməsi naməlumdur. Bələdiyyələr heç kəsə, nə dövlətə, nə də ictimaiyyətə hesabat vermir. “Dövlət satınalmaları haqqında” Qanun da onlara aid olmadığı üçün bələdiyyələr yığılan pulu istədiyi kimi xərcləyirlər. Məlumdur ki, faktiki olaraq bələdiyyələr yerli icra hakimiyyəti başçılarına tabedir. Zatən bələdiyyəni “seçdirən” də icra başçılarıdır. Buna görə də ortada külli miqdarda məbləğlərin nəzarətsiz-filansız başına daş salınması faktı var. Prokurorluq orqanları istənilən bələdiyyədə yoxlama aparsa, böyük ehtimalla xeyli maliyyə pozuntusu üzə çıxacaq.
Üstəlik bələdiyyələrin real fəaliyyəti də yoxdur. Nə ilə məşğuldurlar? Konstitusiyanın 144-cü maddəsinə əsasən bələdiyyələr ən azı 3 yerli proqram qəbul və icra etməlidirlər:
1) sosial müdafiə və sosial inkişaf,
2) iqtisadi inkişaf,
3) ekoloji.
Heç olmasa bir bələdiyyə qəbul edibmi bu proqramları? Yoxsa ancaq yerli icra hakimiyyətinin rəhbərliyi ilə əhalidən yığılan verginin başına daş salmağı bacarırlar?”