Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Marko Curiç ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Geniştərkibli görüş zamanı, nazirlər Azərbaycan-Serbiya strateji tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İki ölkə arasında qarşılıqlı hörmət və etibarlı tərəfdaşlığa, beynəlxalq hüququn əsas norma və prinsiplərinə, xüsusilə suverenlik və ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsinə əsaslanan strateji tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Strateji tərəfdaşlığın inkişafına töhfə verən amillər arasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, liderlər arasında dostluğun əhəmiyyəti vurğulanıb. İki ölkə arasında enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, turizm sahələri üzrə əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, iqtisadiyyat, ticarət və investisiyalar istiqamətləri üzrə əməkdaşlığın inkişafının zəruriliyi vurğulanıb. Xalqlararası əlaqələrin genişləndirilməsində humanitar sahədə əməkdaşlığın, qarşılıqlı vizadan azad olunma tədbirlərinin töhfələri qeyd edilib. Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Nazir Ceyhun Bayramov ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əldə olunan uğurlardan bəhs edib, Serbiya tərəfinin ali səviyyədə iştirakı və töhfələrinə görə təşəkkür edilib. Yaşıl enerji sahəsində ölkəmizin planları və regionumuzun elektrik enerjisinin ixracı sahəsində rolu barədə məlumat verilib. Serbiyanın Expo 2027 tədbirinə hazırlıq işlərində uğurlar arzulanıb, bu tədbirin Serbiyanın artan əhəmiyyətinin göstəricisi olduğu vurğulanıb.
Qarşı tərəf, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırılıb.Sülh müqaviləsində açıq qalan bəndlər üzrə razılığın əldə olunması, Ermənistan Konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə yönələn iddialara son qoyulmasının sülh prosesinə hədə törədən mövcud çağırışların aradan qaldırılması üçün əhəmiyyəti qeyd edilib. Bununla yanaşı, ATƏT çərçivəsində Minsk Qrupunun rəsmi olaraq ləğvinə Ermənistanın maneçilik səylərinin sülh prosesinə zidd olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Daha sonra keçirilmiş mətbuat konfransında nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış ediblər.
14:11
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Marko Curiçlə geniş tərkibdə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.
Qeyd edilib ki, tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi, enerji, humanitar və digər aspektlərini müzakirə ediblər.
Hər iki tərəf bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı dəstəkləməkdən, regional və beynəlxalq platformalar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
C. Bayramov həmkarına Ermənistanla davam edən sülh və normallaşma prosesi, sülh gündəmi qarşısında duran problemlər barədə də məlumat verib.