901
21 Dec 2024 | 17:25

"Qardaşlaşmış Qarabağ məktəbləri" V Qış Düşərgəsinə start verilib - FOTO

Azərbaycan Diasporuna Dəstək Fondu, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Qardaşlaşmış Qarabağ məktəbləri" V Qış Düşərgəsinə start verilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, Moldovada yaşayan soydaşlarımızın övladları və Azərbaycanın qəhrəman şəhidlərinin övladlarının iştirakı ilə baş tutan düşərgənin açılış mərasimində çıxış edən Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev bütün düşərgə iştirakçılarını salamlayıb və artıq ənənə halını alan bu layihənin əhəmiyyəti barədə məlumat verib. Daha sonra çıxış edən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova nitqində layihənin gerçəkləşdirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib və bütün düşərgə iştirakçılarına uğurlar arzulayıb.
 
Layihənin ideya müəllifi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov isə dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın övladlarını birləşdirən bu layihənin artıq 5-ci dəfə doğma Vətəndə keçirilməsindən böyük sevinc və qürur hissi keçirdiyini bildirib və layihənin gələcəkdə də eyni axarda davam edərək dünya azərbaycanlılarının həmrəyliyinə töhfə verəcəyinə ümid etdiyini qeyd edib.
 
Qeyd edək ki, 20-27 dekabr 2024-cü il tarixlərində keçiriləcək bu düşərgədə Azərbaycandan olan şəhid övladları və Moldovada yaşayan soydaşlarımızın övladları daxil olmaqla ümumilikdə 12-15 yaş aralığında olan 20 məktəbli iştirak edir. Düşərgə ərzində iştirakçılar müxtəlif istiqamətli peşəkar təlimlərdə iştirak edəcək, həmçinin Bakı şəhərinin tarixi-turistik məkanlarını ziyarət etmək şansı əldə edəcəklər.

 

Link kopyalandı!
Son xəbərlər