“İki uşaqla xidmətə çağırılmaq insafsızlıqdır və...” - Üzeyir Cəfərov
828
20 Dec 2024 | 18:32

“İki uşaqla xidmətə çağırılmaq insafsızlıqdır və...” - Üzeyir Cəfərov

Bu gün Milli Məclisdə “Hərbi xidmət haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, iki uşağı olanlar da hərbi xidmətə çağırılmamalıdır. İki uşağın saxlanması özü elə dövlətə köməkdir. Gələcəkdə qanunvericilikdə məsələyə baxılmalıdır, 2 uşağı olan hərbi xidmətə çağırılmamalıdır. İki uşaq il yarım öz valideynini görmür”.
 
Qeyd edək ki, Azərbaycanda iki və ya daha çox uşağı olan kişilərin hərbi xidmətə çağırılmaması təcrübəsi 1992-1994-cü illərdə tətbiq edilib. Bu qərar əsasən həmin dövrdəki spesifik sosial və siyasi vəziyyətlə bağlı idi. Həmin illərdə, Qarabağ müharibəsinin davam etdiyi dövrdə ölkədə ümumi səfərbərlik şəraiti hökm sürürdü. Sosial müdafiəyə ehtiyacı olan ailələrin dəstəklənməsi məqsədilə belə bir qayda müvəqqəti tətbiq edilmişdi. İki və ya daha çox uşağı olan kişilər müvəqqəti olaraq hərbi xidmətə çağırışdan azad edilirdi.
 
Ancaq bu praktika uzun müddət davam etmədi və sonrakı illərdə müvafiq qanunvericiliyin dəyişdirilməsi ilə bu qayda qüvvədən düşdü. Bununla belə illərdir ki, ekspertlər qanunvericilikdə yenidən bu məsələ ilə bağlı dəyişiklik edilməsini təklif edirlər.
 
Bundan əvvəl isə SSRİ-nin "Hərbi borc haqqında qanun"unda konkret güzəştlər göstərilmişdi. İki və ya daha çox uşağı olan kişilər üçün güzəştlər bəzi yerlərdə tətbiq edilə bilərdi, lakin bu, mütləq qayda deyildi və müharibə vəziyyətində bütün kişilər səfərbərlik üçün çağırılırdı.
 
Sovet dövründə bir sıra digər məqamlar da nəzərə alınırdı. Əgər ailə müharibədə itkilər yaşamışdısa (məsələn, Böyük Vətən Müharibəsində), tək oğlan hərbi xidmətə çağırılmaya bilərdi. İki və ya daha çox uşağa təkbaşına baxan ata, hərbi xidmətdən azad ola bilərdi (bu, yerli hərbi komissarlığın qərarından asılı idi). Eləcə də alternativ xidmət (çox uşaq ailələri üçün) mövcud idi. SSRİ-də əksər kişilər üçün hərbi xidmət məcburi idi. Lakin kənd təsərrüfatı və ya sənaye müəssisələrində çalışaraq hərbi xidmətin əvəzində "alternativ xidmət" keçmək praktikası vardı. Bu güzəştlər ailəli və çox uşaqlı kişilər üçün daha geniş tətbiq edilirdi.
 
Üzeyir Cəfərov polkovnik kimi hərbi xidmətə QAYITDI
 
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Azərbaycanda hərbi xidmətlə bağlı əvvəllər çox gözəl təcrübələr var idi. Çox təəssüflər olsun ki, o təcrübələr müasirlik, Qarabağ işğal altında adı ilə dəyişdirildi. Hətta mətbuatda da, sosial şəbəkələrdə də müzakirə olunan mövzulardan biri odur ki, ölkəmizin savadlı uşaqları aparılır, bu və ya digər səbəbdən, ya bədbəxtlikdən, ya xəstəlikdən dünyasını dəyişir. Mən hesab edirəm ki, uşağı olan hərbi qulluqçular Azərbaycanda kifayət qədər çağırışçı potensialı var. Onların alternativ xidmət keçmək hüququ tanınsın. Deməkdən yorulduq, alternativ xidmət keçmək haqqında qanunu qəbul edin. Bu, Azərbaycan dövləti üçün vacib qanundur. Bir valideyni 1 il 6 ay müddətində iki uşaqdan ayırıb hərbi xidmətə apardıq. İl yarım ərzində uşaq ata nəvazişindən də məhrum olur, uşağın problemləri də qalır yazıq qadının boynunda. Niyə biz öz balalarımızın düşməniyik?! Alternativ xidmət nədir- Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, güc strukturlarının hospitalları, reabilitasiya mərkəzləridir, bunu etmək olar. O təklifi neçə vaxtdır ki, biz səsləndiririk. Nəinki 35 yaşdan 30 yaşa qaytarmaq, hərbi xidmətə çağırış yaşı 27 yaş olmalıdır. Ona görə ki orduda nizamnamədən kənar münasibətlərin sayı azalacaq. İki uşaqla xidmətə çağırılmaq insafsızlıqdır. Biz ailələrin təməl daşını yerindən tərpədirik. Uşaq ata nəvazişi görməlidir. İki uşaqdan biri xəstələndi, həyat yoldaşından başqa yanında kimsə yoxdur, nə etməlidir. Təklifləri sadəcə millət vəkilləri səsləndirməməlidir. Ailə, qadın, uşaq problemləri üzrə Dövlət Komitəsi təklif verməlidirlər, QHT-lər də buna qoşulmalıdır”.
 
O ki qaldı, sui-istifadə hallarına, ekspert dedi ki, xidmət etmək istəməyənlər onsuz da başqa bəhanələr tapacaqlar: “Ya rüşvət verəcəklər, ya özlərini xəstəliyə vuracaqlar. Onsuz da xidmət etmək istəməyənlər etmir. Biz niyə pis tərəfini düşünürük ki. Alternativ xidmətdə ali təhsillilər iki il xidmət edəcək, orta təhsillilər isə üç il edəcək. Yəni seçim veriləcək”.
 
Qeyd edək ki, ötən həftədən Milli Məclis "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə təklif olunan dəyişiklikləri I oxunuşda müzakirə edib. Bununla bağlı Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə layihə Milli müzakirəyə çıxarılıb.
 
Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.
 
Link kopyalandı!
Son xəbərlər