Bakıda ŞOK: gənc qızın qarnından 5 kiloluq şiş çıxdı - FOTO
Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda tibbdə nadir görünən əməliyyatlardan biri yerinə yetirilib.
Moderator.az-ın xəbərinə görə, sözügedən əməliyyat Xətai Tibb Mərkəzində baş tutub. 27 yaşlı qadının uşaqlıq borusundan nəhəng şiş – sistadenoma çıxarılıb.
Əməliyyatı Ginekologiya və Doğum Şöbəsinin müdiri, tibb elmləri doktoru Mehriban Hacızadə icra edib. Əməliyyat barədə məlumat verən cərrah bildirib ki, xaric edilən şişin çəkisi 5 kiloqram olub.
"Adətən, uşaqlıq borusunda əmələ gələn şişlər böyüdükcə borunun bütövlüyünü pozur. Bu, əksər hallarda uşaqlıq borusunun partlamasına səbəb olur və xüsusilə hamiləliyin üçüncü-dördüncü həftələrində bu təhlükə daha yüksəkdir. Lakin bu xəstədə belə bir hal baş verməyib. İlk müayinələr zamanı şişin yumurtalıqlarda olduğunu düşünürdük. Əməliyyat zamanı məlum oldu ki, şiş sağ uşaqlıq borusunda yerləşir.
Xoşxassəli olan bu şiş maye tərkibli idi. Onun bütövlüyünü pozmadan xəstənin bədənindən çıxarmağa nail olduq. Hər iki yumurtalığı və uşaqlığı sağlam saxladıq, lakin sağ uşaqlıq borusunu kəsib götürmək məcburiyyətində qaldıq. Xəstə hazırda evə buraxılıb, səhhətində heç bir problem yoxdur. O, gələcəkdə ana olmaq şansını itirməyib,” – deyə cərrah qeyd edib.