“Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”-nın “Almaz”ı ilə MÜSAHİBƏ
269
14:38, Bu gün

“Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”-nın “Almaz”ı ilə MÜSAHİBƏ

Bu günlərdə onun adı “Vətəndaş A” serialı ilə bağlı daha çox çəkilir. Söhbət ekran işində Almaz rolunu canlandırmış aktrisa Günəş Tegindən gedir.
 
HAŞİYƏ: Günəş Mehdizadə 8 aprel 1985-ci ildə Bakı şəhərində anadan olub. 2004 –2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisası üzrə Vaqif İbrahimoğlunun kursunda təhsil alıb.
2005-ci ildən etibarən aktrisa kimi kino karyerasına başlayıb. 20-dən çox film və seriallarda rol alıb.
 
“Suğra və oğulları”, “Xəzər gəlini”, “Hökmdarın taleyi”, “Sübhün səfiri”, “Skripkaçı”, “Fədakar”, “Qayıdış”, “Gecə axını”, “Qaranlıqlar çiçəyi”, “Məryəm”, “Yad gəlin” Sevgi naminə” adlı  ekran işlərindəki rolları daha çox sevilib.
 
2023-cü ildə Qazaxıstanda keçirilən "Biken" Beynəlxalq Teatr Festivalında “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb. Ailəlidir, iki övladı var.
 
Moderator.az tanınmış aktrisa Günəş Teginin Lent.az-a müsahibəsini təqdim edir.
 

- Günəş, sizə az qalıram Almaz deyə müraciət edəm. Bu rolla daha çox sevildiniz və məşhurlaşdınız. Almaz rolunun əsirinə çevrilməkdən qorxmursunuz? Adətən bir rolla tanınıb, sonra o  çərçivədən çıxa bilməyən aktyorlar olur. Məsələn, Aleksandr Demyanenko ömrü boyu Şurik rolu ilə anıldı. Halbuki güclü dramatik rollara da çəkilə bilərdi.

- Qorxmuram, amma tamaşaçı adətən səni bir rolda görüb elə o şəkildə qəbul eləmək istəyir. Mənə tamaşaçılardan çoxlu zənglər gəlir, yazırlar. Deyirlər, Almaz çox əla alınıb, nə olar daha bundan zəif rola çəkilməyin. Səhəri gün məni bu rolda bəyənənlərin hər hansı bir fərqli obrazda qəbullanmaları çətin ola bilər.

 - “Vətəndaş A”-nı çəkmək üçün Daşkəsənin Bayan kəndini seçməyinizin xüsusi səbəbi var idi?

- Bayan kəndi çox koloritlidir. Elə bil orta əsrlərdən qalıb. Hazır dekorasiyadır. O kolu-kosu, tör-töküntünü çıxarıb mənzərəsinə bir fərqli nəzərlə baxsan, yüz illər öncəsinə bənzəyən bir yurd yeri görürsən. Mərkəzdə Alban kilsəsi, kəndin özünün boz görünüşü. Keçmişinə çox bağlı olan kənd olduğu hər halından bilinir.

- Bu köhnə kənddə çəkilişlərdə hansısa problemlər yaşandı?

- Olurdu. Təzə gedəndə qısa şort geyinmək qadağası qoyuldu. İstəmirdilər şəhərdən gələn heyətin müasir formalarda ortalıqda dolaşmasını. Hətta bir dəfə çəkilişin ortasında paytaxtdan bir aktrisa gəlmişdi. Bir az açıq geyinmişdi. Dərhal film heyəti onu avtobusa saldı, üst-başını dəyişdirib, sonra çölə çıxmağına icazə verdilər. Düzdür, mehribanlıqla ev sahibliyi edənlər də var idi, amma çətinliklər də olurdu.
Bu günlərdə bir universitetə tələbələrin görüşünə getmişdim. Bir tələbə qız mikrofonu aldı dedi “mən həmin filmin çəkildiyi kənddənəm. Mat qaldım ki, sizə nəcə icazə veriblər orada çəkiliş etməyə”. Lap dağların zirvəsində deyil, amma gözdən uzaq bir kənddir. Qızların məktəb oxuması problemdir məsələn. 13 yaşa qədər icazə verirlər. O qız deyirdi ki, mən kəndimizdə bulaq başına gedəndə kişilərin mənə qəribə baxışlarla baxdığını hiss edirəm və o gözlərin ağırlığı altında əzilirəm.

- Bu mənada kənd camaatı işlərinizə qarışırdı?

- Elə çox yox. Öz aralarından bir neçə nəfər bizə kömək edirdi. Məsələn, uşaqlar çəkiliş meydançasına girməsin, sakitlik olsun deyə. Bir də evlərlə bağlı çətinlik yaşandı. Orda   çəkiliş gedən evləri kirayələmişdik. Bir neçə bölümdən sonra qiyməti üç dəfə qaldırdılar. Bilirdilər ki, ayrı yolumuz yoxdur, çəkmişik davam eləməliyik.

- Çayxana səhnələri də çox təbii alınıb. Hətta  bir kənd sakini var, sizdən “manipulyasiya nədi?” soruşan adam, onu kənddən dəvət etmişdiniz? 

- Yox o rejissorumuzun tapıntısıdır. Mingəçevir teatrının aktyorudur.

- Məktəbli uşaqların da rolu həddən artıq təbii alınmışdı.

- Onlar İncəsənət Universitetinin tələbələridir. Rejissorumuz onlara anladırdı ki, kim davakar, kim çılğın, kim sakit obraz yaradır.

- Vidadinin sizi çayxanada vurması səhnəsi çox unudulmaz və təsirli idi.

- Hə. Hətta qohumlar soruşurdular ki, o səni doğrudan döyüb? Niyazini (Vidadi rolunun ifaçısı Niyazi İlyasoğlu) axtarışa vermişdilər (gülür).

- Bəzən aktyorlar deyirlər rola elə daxil oluram ayrıla bilmirəm. Sizdə necə olur bu hal?

- Yox mən onun əleyhinəyəm. O nə deməkdir, rola görə bir-birimizi döyüb öldürməliyik? Tanıdığım bir aktrisa var, rolda döymüşdülər, amma tərəf müqabili ekstaza gəlib həqiqətən vurmuşdu. Hələ də fizioterapiya alır. Rola görə canımızı xərcləməməliyik. Səhhətimizə ziyan vurmamalıyıq. Biz illərlə bu işin məktəbini elə buna görə oxuyuruq. Bir seriala çəkilirdim, bir gündə neçə epizod çəkilir, hamısında da mən ağlamalı, stress yaşamalıyam. Dedim mənə göz karandaşı verin, sürtdüm göz yaşlarım axdı. Yoxsa bütün günü ağlayım, o stressi çəkim. Xəstə düşər insan. O qədər rolun fəlakətini özününküləşdirib dəli olan aktyorlar, aktrisalar var.

- Çox təbii görünürsünüz. Almaz rolunda da sıfır makiyajla idiniz.

- Hə fikrimiz o idi ki, diqqəti Almazın gözəlliyinə yox, fikirlərinə ideyalarına verək. Almaz xarici görünüşü ilə diqqət çəkməməli idi. Ümumiyyətlə, aktrisaların üzü onların biznesidir deyərdim. Aktyorun iş aləti öz bədənidir. Üzümüzü qorumalıyıq. Gedib plastik əməliyyatlar etdirirlər, dodaq, qaş, yanaq dəyişir. Botoksla mimikaları itirirlər. Sən bu şəkildə tarixi bir rolda necə çəkiləcəksən? Bununla bir aktyor kimi özünü artıq məhv etdin deməkdir.

- Hansı şəkildə qadağa qoymaq olar sizcə buna? İzləyicini də belə məqam narahat edir. Axı hansısa qədim filmdə estetik gözəli olan qaşı döyməli qadını görmək bizə də xoş gəlmir...

 Məncə bu məsələyə İncəsənət Universitetində diqqət yetirilməlidir. Necə ki, qəbul vaxtı görünüşə diqqət edirlər, qabiliyyət imtahanı verirlər, buna da diqqət etməlidirlər. İş o həddə çatıb ki, indi təbii simalı insan görəndə təəccüblənirik, adama qəribə gəlir. Heç bir Avropa ölkəsində bizim qadınlar qədər dəyişmə, estetik əməliyyata meyl göstərilmir. Təəssüf ki, edənlərin çoxu da vulqar formada etdirir. Bunu kimə xoş gəlmək üçün edirlər anlamıram. Ağlı başında olan heç bir kişi belə vulqar qadına aşiq olmaz.

- Adətən bütün aktrisaların oynamaq istədiyi bir rol mütləq olur. Sizin də belə bir xəyalınız var?

- Hansısa rolu arzulamamışam, çünki arzuladığım şeyə nail olmalıyam. Nəyin bahasına olursa olsun.

- Deyəsən Almaza bənzərliyiniz çoxdur.

- Onun kimi inadkaram. Mənim üçün ağ-qara var. Ya varsan, ya yoxsan, bunun orta halı mümkün deyil. Nə ətdir, nə balıq - bu adamlarla mənimki tutmaz. Məsələn, dostlarımla görüşəcəyik, həmin gün məndə alınmır, desələr biz oturaq, Günəşlə də gələn dəfə oturarıq, inciyərik. Necə ki, mən dəyər verirəm. Eyni dəyər mənə də verilməlidir.

Uşaqlarıma da deyirəm. Ya əla oxuyun, ya da heç oxumayın. Ortabab olmaq bir iş deyil. Məktəbdə də elə idim. Demirəm əlaçıydım, amma aktiv uşaq idim. Bir şəkildə bilmədiyim dərslərin də öhdəsindən gələ bilirdim. Yaxşı yaddaş əsasında.

- Kaprizləriniz var?

- Bəlkə də var. Əslində bu kaprizdən çox bir peşəkarın işə qarşı məsuliyyəti, tələbidir. Məsələn, mən çəkiliş meydançasına gəlmişəmsə qrim ustası, geyim üzrə rəssam, kostyum ustası öz işini bilməlidir yaxınlaşmalıdır. Onları oturub gözləməli deyiləm. Mən vaxtında gəlmişəm, sən də vaxtında yaxınlaş, işini gör. Görmürsə, deyirəm getdim, indi siz məni axtararsınız. Və ya mənim paltarlarımı geyindirməli olan geyim ustasının uzun caynaq kimi dırnaqları var, düymələrimi ha çalışır bağlaya bilmir. Mən isə artıq o hala girmişəm, bir neçə dəqiqə sonra kamera qarşısında olmalıyam. Nə qədər gözləməliyəm onu? Tutaq ki, filmə və ya hansısa rola aktyor axtarırlar. Dur gəl səni çəkirik demək mənə, sənətimə təhqirdir. Bu yaxınlarda bir nəfər zəng edib, deyir reklam çarxı çəkəcəyik, 3 saat ərzində gəlib çəkilə bilərsiniz? Dedim özünə hörmət qoyan heç bir aktyoru, aktrisanı siz 3 saat ərzində tapıb gətirə bilməzsiniz. Gərək bu mənada hamımız birlik olaq, işimizə hörmət qoyaq.

- Sizi bir aktrisa kimi nə hövsələdən çıxarır?

- Bəli. Məsələn, hansısa bir məclisdə, toyda kimsə kənardan durub deyəndə ki, aktrisasan dur bir şeir de. Aktyorluğu klounluqla səhv salırlar.

- Siz məşhurlaşandan sonra həyat yoldaşınızın qısqanclıqları yaranmadı?

- Evlənəndə o da, mən də kiminlə ailə qurduğumuzu bilirdik. O mənim əlimdən tutub sənətə gətirib. Səs rejissorudur. Mən daha eqoluyam. Onda bu yoxdur. Rasim yanlışlarımda məni doğruya yönləndirməyi bacarır. Kiçik anlaşılmazlıqlar isə hər ailədə olur və onu həll edirik.
Onunla tanış olanda 11-ci sinifdə oxuyurdum. Meydançaların birində çəkiliş edirdilər, mən də təsadüfdən orada idim. Orda tanış olduq. Universitetə daxil olan gündən bitirənədək yanımda olub. Hərdən deyir "mən sənin əlindən tutub universitetə apardım". Ssenarilərə bir yerdə baxırıq, seçirik, bir-birimizdən məsləhət alırıq. Onun istəmədiyi şeyləri "yox, bu olmalıdır", – deyə təkid etmirəm.

- Sənət yoxsa ailə?

- Ailə.

- Bahalı aktrisasınız?

- Bizdə kino bazarı kiçikdir. Qonorar qane eləmir. Hər bir sənət adamı öz qiymətini bilməlidir. Aktyor pulsuz çəkilməməlidir. Heç vaxt pulsuz çəkilmərəm. Mən heç vaxt kiçik məbləğdə çəkilməmişəm. Bizim sənətlə bahalı, lüks həyat yaşamaq qeyri-mümkündür.

- Almaz sizə və cəmiyyətə nə qazandırdı?

- Almaz  kifayət qədər dərin sosial problemlərə toxundu, işıqlandırdı, maarifləndirməyə çalışdı. Filmdə bizim “ABAD” adını hallandırmaqla çətinliyi olan insanlara yol göstərir, necə dəstək ala biləcəklərini vurğulamağa çalışırdıq. Azadlıq gözəl duyğudur, amma hər bir azadlıq da iqtisadi güclə özünü reallaşdıra bilir. Küçədə insanların üzümə sevgi ilə, təbəssümlə baxmaları mənə pozitiv enerji verir. Demək ki, onlara xoş enerji ötürə  bilmişəm. Axı heç nə qarşılıqsız olmur. Əgər rollarımla kiminsə həyatına toxunub, düşüncələrində nə isə xoş bir yeniliklərə nail ola bilmişəmsə bu da  sevindiricidir.

Link kopyalandı!
Son xəbərlər