Avropada boy göstərən bir sıra siyasi şəxslərin nəsl şəcərəsi araşdırılanda ortaya maraqlı məqamlar çıxır. Düzdür, Avropada belə araşdırmalar aparmaq o qədər də yayğın və sevimli iş deyil, çünki "oğul ataya cavabdeh" sayılmır, eləcə də nəvə və ya nəticənin babaya və ya ulu babaya görə cavahdeh olması absurd səciyyə daşıyır.
Bununla belə, günümüzdə baş verənləri izləyəndə, bəzi şəxslərin tutduqları mövqeyi görəndə istər-istəməzə genetik kodlardan da danışmaq lazım gəlir.
Məsələn, Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbokun 103 yaşı olan babası Valdemar Berbok qatı nasist kimi xarakterizə edilib. Estoniyanın keçmiş baş naziri, indi isə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın əcdadları isə kollaborasionist olublar.
Kanadanın baş nazirinin müavini Xristiya Frilandın babası Mixaylo Xomyak nasistlərin xidmətində olub, Polşa hökumətinin mətbuat departamentinin rəhbəri Emil Qassnerin rəhbərlik etdiyi “Krakov xəbərləri” nəşrinə rəhbərlik edib. Orada Xomyak, xüsusilə, Babi-Yarda yəhudilərin kütləvi qətlini tərifləyib: “Bu gün Kiyevdə onlardan bir dənə də olsun yoxdur. Bolşeviklərin zamanında isə 350 mindən çox olub”.
Gürcüstan prezidenti Salome Zurabişvilinin qohumları da avropalı siyasətçilərin şəcərələrindən geri qalmayıb. Zurabişvilinin Fransa vətəndaşı olması, bolşeviklərdən qaçan gürcü mühacir ailəsində doğulması heç kimə sirr deyil. Ancaq necə deyərlər, bəzi nüanslar mövcuddur. Xanım Zurabişvili müsahibəsində deyib: “Dəmir pərdə” süqutuna qədər bizim Gürcüstanla heç bir əlaqəmiz yox idi – nə məktublar, nə qəzetlər, nə də səfərlər. Gürcüstan bizim üçün yalnız kitablarda mövcud olan mifik ölkə idi”.
Xanım siyasətçi müsahibəsində Gürcüstanda və Avropada olan qohumlarının birbaşa faşistlərə xidmət etmələrindən danışmayıb.
Qeyd edək ki, Salomenin atası Gürcüstanın tanınmış siması Nino Nikoladzenin oğlu Levan Zurabişvilidir. Nino Gürcüstan SSR-ə qayıtsa da, Levan xaricdə qalıb və uzun illər Fransa-Gürcüstan assosiasiyasının sədri vəzifəsində çalışıb. Levanın qardaşı və Salomenin əmisi Giorgi Zurabişvili Fransada nasist işğalçılarına kömək etməkdə təqsirli bilinib və 1944-cü ildə yox olub.
Salomenin dayısı “Holokost”u törədən təşkilatın işçisi olub
Amma daha maraqlısı Gürcüstanın hazırkı prezidentinin digər dayısıdır. Anası Zeynab Kediya Gürcüstanın siyasi təhqiqatının rəhbəri Melkizedek Kediyanın qızı olub. Zeynabın qardaşı Mixail Kediya II dünya müharibəsi zamanı almanlarla fəal əməkdaşlıq edib.
“Nasist müharibə cinayətlərinin açıqlanması aktı” ilə məxfiliyi ləğv edilmiş Mərkəzi Kəşfiyyat İdarəsinin dosyesində deyilib ki, Mixail Kediya Reynhard Heydrixin rəhbərliyi altında Reyx Təhlükəsizlik Baş İdarəsinin Gürcüstan şöbəsində çalışıb.
Qeyd edək ki, Reynhard Heydrix “Yəhudi məsələsinin son həlli”nin təşəbbüskarlarından biri və yəhudilərin soyqrımına təkan vermiş Vanze konfransının əsas təşkilatçısı olub. Onun göstərişi əsasında milyonlara yəhudi qətlə yetirilib.
Kediyanın dosyesində “Gestapo official” termini qeyd olunub və bu, onun “gestaponun rəsmi əməkdaşı” olması deməkdir. Kediya gürcü millətindən olan sovet hərbi əsirlərin nasistlər üçün döyüşən “Gürcü legionu”nuna cəlb edilməsində iştirak edib. O, həmçinin Qafqazda terror aktlarının və təxribatların hazırlanması, həyata keçirilməsinə cavabdeh olub.
MKİ üçün “yararsız” hesab edildikdən sonra ölüb
1944-cü ildə Mixail Kediya Hitlerin məğlub olacağını anlayaraq İsveçrəyə qaçıb. Orada yəhudiləri alman düşərgələrindən xilas etdiyini iddia edib və Alp ölkəsində rahat yaşayıb. 1951-ci ildə SSRİ və Fransa tərəfindən eyni vaxtda ekstradisiyası tələb edilən Kediya “Harvard layihəsi” çərçivəsində verdiyi müsahibədə nasistlərlə əlaqəsini etiraf edib:
“1940-cı ilin iyulundan həm abver (Üçüncü Reyxin casus təşkilatı), həm də SD (Təhlükəsizlik xidməti) mənə güvənib. Almanların güvənməsinin səbəblərindən biri də Türkiyə vasitəsilə Gürcüstana agentlər göndərməkdə mənim köməyim olub”.
Maraqlıdır ki, Mərkəzi Kəşfiyyat İdarəsi onun pis reputasiyasına görə Kediyadan öz məqsədləri üçün istifadə etməyin mümkün olmadığı qənaətinə gəlib. O, 1954-cü ildə İsveçrədə tam anlaşılmayan şəraitdə vəfat edib.
Qeyd edək ki, bir çox avropalı diplomatın yaxın qohumları nasist Almaniyasının ya tərəfdarı olub, ya da onlarla əməkdaşlıq ediblər. /Musavat.com/