İran bu il də “terrorçuluğun başlıca sponsoru” sayılıb.
Belə ki, ABŞ Dövlət Departamenti bu il dekabrın 12-də terrorçuluq haqqında illik hesabat yayıb. Sənəddə bildirilib ki, İran İslam Respublikası Livanda “Hizbullah”, “Yəməndə “Ənsarullah” (husilər), Fələstinin Qəzza zolağında HƏMAS, “İslami-cihad” və başqa marionet qruplaşmaları vasitəsilə Yaxın Şərqdə terror aktları reallaşdırır.
Hesabatda husilərin Qırmızı dənizdə gəmilərə hücum etməsi, bununla da dəniz və qlobal ticarət haqqında qanunları pozması vurğulanıb.
Departament Tehranın İraq və Suriyadakı döyüşçülərinin regionda ABŞ-nin qüvvələrinə hücum etdiklərini vurğulayıb.
Azərbaycanla qonşuluqda yerləşən İslam Respublikasının adının belə bir siyahıda ön sırada yer alması təəssüfləndirici və təhlükəlidir. İranda milyonlarla Azərbaycan türkü var. Bu o deməkdir ki, onları terrorçuluğun sponsorları idarə edir. Yaxud onlar terrorçu rejimin nəzarəti altındadır. Belə bir vəziyyətdə onların terrorun baş sponsorunun girovluğunda olduğu qənaətinə də gəlmək olar.
Qəzza zolağında, Livanda və Suriyada baş verən hadisələrdə İran hakimiyyətinin rolu açıq-aşkar göründü. Oradakı proseslər nəticəsində Tehran hakimiyyətinin İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) xaricdə fəaliyyət göstərən Qüds qoşunlarının adı tez-tez hallanıb. Elə həmin ölkələrdə Sepaha bağlı yüksək rütbəli və vəzifəli hərbçilərin öldürülməsi də onun fəallığının göstəricisi sayıla bilər.
Hesabata əsasən, Qüds qüvvələri və İran İslam Respublikasının İnformasiya Nazirliyi (ETTELAAT) qlobal səviyyədə - Afrika, Asiya, Avropa və Amerika boyu terrorun planlaşdırlması, maliyyələşdirilməsi və həyata keçirilməsinə yardım edir.
Bundan əvvəl, noyabrın 18-də ABŞ Ədliyyə Nazirliyi İslam Respublikasının ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa qarşı prezident seçkisi öncəsi sui-qəsd planının qarşısının alınması ilə bağlı ittiham aktının təfərrüatlarını açıqlayıb.
Yeri gəlmişkən, bir müddət əvvəl “Reuters” agentliyi hesabatında bildirmişdi ki, İran hakimiyyəti Avropa və Amerikada azı 33 qətl və adam oğurluğunda iştirak edib.
Hesabatda İranın xarici ölkələrdə rəqiblərini təqib etməsi də vurğulanıb. Bu mənada iranlı dissident Məsiha Əlnijadın Nyu-Yorkda öldürülməsi qeyd olunub. Avropa və Amerikada yaşayan iranlı mühacirlər, müxaliflər yaşadıqları ölkədə təhlükəsizliklərinin təmin edilməsi üçün uyğun qurumalara müraciət edib, aksiyalar keçiriblər.
Ötən illərdə İranın Azərbaycandakı səfirliyinin xidməti avtomobilindən mümkün terror aktı törədilməsində istifadə ediləcək alətlər aşkarlanmışdı. Yaxud İran ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin Azərbaycan Respublikası üzrə nümayəndəsi höccətülislam Ələkbər Ocaqnejatın fəaliyyətini xatırladaq. Onun fəaliyyəti nə diplomatik münasibətdə, nə də dövlətlərarası əməkdaşlıq sahələrində görünüb. Ocaqnejat diplomatik pasporta və müəyyən toxunulmazlığa malik olsa da, diplomat sayılmayıb.
İranın xarici nümayəndəliklərində səfirliklərlə yanaşı, həm də mədəniyyət mərkəzləri var. Azərbaycandakı mərkəzin rəhbəri isə o olub. Sonrakı dövrdə onun “beşinci kalon” yaratmaq, bununla da Azərbaycanda pozuculuq fəaliyyəti göstərdiyi aşkarlanıb.
Ona görə də Ocaqnejat “arzuolunmaz” sayılıb.
Bu, ilk hadisə deyil. Albaniya Xarici İşlər Nazirliyi ölkədə fəaliyyət göstərən İran səfirliyinin iki diplomatını, o cümlədən səfir Qulamhüseyn Məhəmmədniyanı ölkədən qovub. Onlar Albaniyada terror hücumları planlaşdırmaqda günahlandırılıblar.
Qeyd edək ki, İran rejiminin ən böyük müxalif qruplarından sayılan İran Xalq Mücahidləri Təşkilatının iki minə yaxın üzvü Albaniyada yaradılmış qeyri-hərbi bir düşərgədə fəaliyyət göstərir. Onlar mücahidlərə terror hücumu etməkdə ittiham olunublar. Bu hadisə həm də İran hakimiyyətinin xaricdəki müxalifətə və rəqiblərinə qarşı terror cəhdlərindəndir.
Belçikada isə iranlı diplomat Əsədullah Əsədi terror fəaliyyətinə görə həbs edilmişdi.
Niderland krallığında da İran səfirliyinin diplomatları terror fəaliyyətində şübhəli bilinərək ölkədən qovulublar.
Ötən illərdə baş verənlər, yəni İranın terrorçuluqda iştirakı qlobal miqyasda sülh və təhlükəsizliyə ciddi təhdiddir.
Bir sıra İran vətəndaşları da terrorla məşğul olurlar. 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu edən İslam Respublikası vətəndaşı hələ də cinayət əməlinə görə cəzalandırılmayıb. Bu hadisədə İranın hüquq-mühafizə, təhlükəsizlik orqanlarının da şübhəli davranışları diqqətdən yayınmır. Çünki həmin hadisədən əvvəl İranda Səudiyyə Ərəbistanı, Böyük Britaniya və ABŞ səfirliklərinə terror hücumları edilib.
Bu, Tehranın təkcə ölkə xaricində deyil, daxilində də terror aktlarına sponsorluq etdiyini təsdiqləyir.
Ötən ilin martında Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafaya silahlı hücum olmuşdu. Bu cinayət nəticəsində deputat yaralanmışdı. İstintaq materiallarına əsasən, hadisəni törədənlərin İran, xüsusi ilə Qum şəhərindəki mərkəzlə əlaqələri olub. Bu əmələ görə onlara pul mükafatı verildiyi də bildirilib.
İran hakimiyyəti Fələstin, Livan, Yəmən, Suriya, İraqda olduğu kimi Cənubi Qafqazda, xüsusən Azərbaycan Respublikasında terror aktlarının sponsoru olub. Bu istiqamətdə müxtəlif qruplaşmalar yaradır.
Bəşşar Əsədin süqutu, HƏMAS və “Hizbullah”ın zəifləməsi bir daha sübut edir ki, İran hakimiyyəti din adı altında regional nüfuzunu gücləndirmək, hegemonluq etmək niyyətində olub. Bütün qlobal və regional terrorlara sponsorluğunun əsasında da bu məsələ durur. Onun üçün din hakimiyyəti, panfarsçı hədəfləri qorumaq, gələcəyə daşımaq üçün bir alətdir. Çünki regionda ilk terrorları panfarsizm törədib. Ölkə daxilində qanuni, konstitusion milli hüquqlarını tapdalamaqla həm də vətəndaşlarını mənəvi terror edir.
Qonşuluqda qlobal terrorçuluğun sponsorunun yerləşməsi Azərbaycan üçün təhlükəlidir. Bu, terror mənbəyinin sərhədin o tayında olduğu deməkdir. İran sərhədlərindən uzaqlarda, məsələn, Argentinada yəhudi mədəniyyət mərkəzinin, İsrail səfirliyinin partladılmasında iştirak edə bilirsə, o zaman təhlükənin, təhdidin Azərbaycana nə qədər yaxın olduğunu təsəvvür etmək çətin olmaz.
Odur ki, Tehranın yenidən bu siyahıya başçılıq etməsi təəssüf doğurur. Çünki baş verən hadisələr, beynəlxalq qınaqlar onu islah etmir. Əksinə, sponsorluq etdiyi əməllərinə “ədalət”, “məzlumların haqqını müdafiə” donu geyindirir.
Tehran hakimiyyətinin əsas dayağı Sepah sayılır. O, bir sıra ölkələrin hökumətləri və parlamentləri tərəfindən terrorçu təşkilatlar siyahısına daxil edilib. Bu isə o deməkdir ki, terror İran hakimiyyətinin dayağıdır.
Görünür, qonşuluqda mütərəqqi, iqtisadi və sosial baxımdan aparıcı, mədəni, vətəndaşına hörmət edən dövlətin olması da bir bəxtəvərlikdir. Tehran hakimiyyəti mürtəceliyi ilə qonşularına bunu bəxş etmək istəmir...
Sədrəddin İsmayılov,
Report.az