“Davud dəhlizi” Orta Şərqdə kürdlər üçün dövlət yaradılması və ya ən azından onlar üçün struktural quruluşun yaradılmasını ehtiva edir
Suriyada baş verən son dəyişikliklərdən sonra “Davud dəhlizi”nin reallaşması ilə bağlı iddialar səslənməyə başlayıb. Xüsusilə, Türkiyədə bunun üçün şəraitin yarandığını düşünənlər var.
Xatırladaq ki, Colanddan başlayan dəhlizin Süveyda, Tənəf və Homsdan keçərək Deyr əz-Zövrə çatması nəzərdə tutulur. Beləliklə, terror təşkilatı YPG-nin nəzarətində olan bölgə birbaşa Təl-Əvivə bağlanacaq. Bu isə o deməkdir ki, Suriya həm şimaldan, həm də cənubdan parçalana bilər.
Bəzi ekspertlər hesab edir ki, sözügedən dəhliz Türkiyənin Yaxın Şərqlə əlaqəsini kəsə bilər.
Türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar “X” hesabında bu ehtimalı belə dəyərləndirib:
“Bu dəhliz Türkiyəni mühasirəyə alır. Yəni Türkiyəni boğma məqsədinə xidmət edən böyük bir strateji layihənin parçasıdır. Bu dəhliz həmçinin bölgədə dövlətlərarası və daxili münaqişələrə, hətta məzhəb müharibələrinə səbəb olacaq bir potensiala malikdir. Çıxış yolu isə YPG/PKK terror təşkilatının bu planın əsas parçası olaraq tamamilə sıradan çıxarılmasıdır. Yəni Suriyanın birliyi qorunub-qorunmamasından, siyasi strukturunun dəyişib-dəyişməməsindən və ya parçalanmasından asılı olmayaraq, YPG/PKK məhv edilməli, dağıdılmalı və əllərindəki ərazilər geri alınmalıdır. Çünki Türkiyə 40 illik mübarizənin, on minlərlə şəhidin qanının və trilyonlarla dollarlıq iqtisadi xərclərin nəticəsində ya tarixi bir qələbəyə çatacaq, ya da mühasirəyə alınacaq. Hər şey artıq Türkiyə Cümhuriyyəti dövlətinin və onun şanlı ordusunun qərarlarına bağlıdır”.
Siyasi elmlər doktoru, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Nazim Cəfərsoy Musavat.com-a şərhində bildirib ki, “Davud dəhlizi” ilə bağlı uzun illər əvvəl də müzakirələr olub:
“1982-ci ildə İsrailin bununla bağlı regional strategiyası çərçivəsində bölgə ölkələri, xüsusilə o dövrün şərtlərində İraqın, Suriyanın, İranın parçalanması ilə kürd dövlətinin yaradılması hədəfi var idi. Suriyadakı son proseslərin buna imkan yaratdığını söyləyənlər var. Müxtəlif motivlər, səbəblər ortaya qoyulur. “Davud dəhlizi” Suriya üzərindən kürdləri İsrailə birləşdirən xəttin adıdır. Bu, Orta Şərqdə kürdlər üçün dövlət yaradılması və ya ən azından onlar üçün struktural quruluşun yaradılmasını ehtiva edir. Suriyada baş verən dəyişikliklərdən sonra Türkiyədə bunun reallaşdığını ifadə edən fikirlər var. Bu, tarixi, siyasi, təhlükəsizlik miqyası olan quruluşdur. Dərindən təhlil etsək, bu məsələnin mahiyyətini İsrailin müstəqillikdən sonra gündəmə gələn xarici siyasət kursunda “ərəb dənizinin ortasındakı” yəhudilərin, İsrail dövlətinin proseslərdə mütəffiqlik edə biləcəyi ərəb olmayan ölkələr və toplumlar təşkil edir. O dövrün şərtlərində hədəfdə iki ölkə var idi: İran və Türkiyə. Ancaq zaman keçdikcə xüsusilə, İran İslam İnqilabından sonra İran xətti çökdü.
O zamana qədər İran şahı ilə İsrail arasında yaxın münasibət var idi. Türkiyə ilə münasibətlər isə neqativ xətt üzrə inkişaf etdi. Artıq bir çox analitik hesab edir ki, İran və Türkiyə ilə İsrailin münasibətləri əvvəlki məqsədə uyğun deyil və yeni müttəfiqə ehtiyac var. Belə olan halda həm İraqda, həm Suriyada kürdlərin müxtəlif təşkilatları, yaxud özlərini onlar kimi təqdim edən PKK, PYD (Demokratik Birlik Partiyası) kimi terror təşkilatları ilə, yaxud Bərzani ilə əməkdaşlığı dərinləşdirmək lazım olduğunu düşünənlər var və bu əməkdaşlıq coğrafi dəhliz yaratmağa qədər getməlidir. Müzakirələr bu çərçivədə başlayıb”.
N.Cəfərsoyun fikrincə, PKK, PYD-nin nəzarət etdiyi bölgə ilə İsrail arasında əlaqənin iki formada saxlanması mümkündür:
“Bugünkü Suriyada, PKK, PYD-nin nəzarət etdiyi bölgə ilə İsrail arasında əlaqənin iki formada saxlanması mümkündür: 1. Aralıq dənizi yolu ilə İran yolunun bağlanması, başqa sözlə, Suriyanın cənub hissəsindən PKK ya da PYD ilə İsrail arasında dəhlizin açılması; 2. İndiki Mənbicin altından Suriyadan İsrailə qədər olan istiqamətdə dəhlizin yaradılması. Türk analitikləri hesab edirlər ki, ilk dəhliz İranın Hizbullah, Livan, Aralıq dənizi ilə əlaqəsinin kəsilməsini, ikinci dəhliz isə Türkiyə ilə ərəb dünyası arasına sədd çəkilməsini hədəfləyir, yəni “kürd divarı” çəkilməsi məqsədini daşıyır”.