“ “Altın kelebek” çox möhtəşəm bir tədbir idi. Bu təklifi alandan, səhnəyə çıxıb, səhnədən enənə qədər yalnız beynimdə bir fikir var idi ki, mən vətənimi burada təbliğ edirəm. Səhnədə 5 dəqiqə də olsam, iki cümlə söyləsəm də mən orada Azərbaycanı təmsil edirdim. Ona görə də çalışırdım ki, hər şey vətənimə layiq olsun. Bir an belə olsun beynimdən bu fikir getmirdi”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Sənubər İsgəndərli deyib.
Sənətkar daha sonra “Altın kelebek” də parıldayan ulduzlarımızı tənqid edənlərdən danışıb:
“Onlar mənim azərbaycanlılarımdır, vətənimin balalarıdır. Başqa bir ölkədə, başqa bir səhnədə, harada oluruqsa-olaq mən hər bir vətənimin balasının tərəfindəyəm, onların arxasındayam. Təbii ki, mən onları o cür gözəl təqdim etməli idim. Çünki onların üçü də buna layiq idilər. İndi kim bəyənir, kim bəyənmir, kim tanıyır, kim tanımırsa bu hər kəsin öz şəxsi işidir. Fəridə Abdulla idman xəbərlərinin aparıcısıdır. Nə qədər insan baxır ki, bu verilişlərə bütün kütlə onu tanısın?! Yaxud Dəniz Tacəddin İctimai televiziyada “Yeni gün” verilişinin aparıcısı idi, seriallarda da çəkilib. Mənimlə birlikdə “Ata ocağı” serialında rol alıb, sənətinə də bələd idim. Eləcə də Rilaya.. Rilayanın öz ana dilində danışmaq istəyini mən çox alqışladım, çünki o rusdillidir. Onun anası da, həyat yoldaşı da rusdur. Belə bir mühitdə böyüyüb. Özünün arzusu, istəyi idi ki, ana dilində danışsın. Həyəcandan ola bilər ki, sözlər dolaşıq düşdü, bir az cümlələri qəliz idi. Onun üçün mətni daha asan cümlələrlə yazmaq olardı. Həqiqətən də gözəl səsə malik müğənnidir. Onun oxumağı qaldı bir kənara, danışığından yazıb-pozdular. Mən düşünürəm ki, onları layiq olduqları kimi təqdim etdim və bundan da çox məmnunam”.
Sənubər İsgəndərlidən Türkan Şorayla görüşüb-görüşmədiyini də xəbər aldıq:
“Əfsuslar olsun ki, Türkan xanım səhnədə olanda məni səhnənin arxasına almışdılar, otaqda oturmuşdum. Çox istərdim onunla üz-üzə gəlim. Heç cür alınmadı. O səhnədən çıxanda başqa tərəfdən getdi. Əfsuslar olsun ki, gözüm onu gəzdi, axtardı, amma görə bilmədim. O vaxt Sevil Nuriyeva, Mailə Muradxanlı, Vüsalə Tağıyeva ilə birlikdə Ans-də “Zərif Çərşənbə” adlı verilişi birlikdə 4 xanım aparırdıq. Türkiyəyə getmişdik. Türkan xanımdan müsahibə aldıq, söhbət etdik, şəkil çəkdirdik. Orada Sevil xanım dedi ki, Sənubər xanım sizi çox istəyir, çünki biz onu həmişə sizə oxşadırıq. Özü də baxıb dedi ki, bənzərliyimiz var. Çox məmnun danışdı. Mən istəmədən özü öz şəklini maşınından gətizdirdi və imzalayıb mənə verdi”.