Bizi sosial şəbəkələrdən izləyin:
“Qax və Zaqatala qalalarınına tura getmişdik. “Zaqatala qalası” Tarix və Mədəniyyət Qoruğunda olduq. Qoruq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinə aiddir. Bu qalaların çox böyük əhəmiyyəti var. Qoruqda hardasa 58 tarixi abidə olub. Hazırda 22-si qalıb. İnsanlar bunları müəyyən müddətə qədər qoruyublar. Sovet illərində bu abidələri müxtəlif idarələrə çeviriblər. Ən sonuncuda bura hərbi hissənin yerləşdiyi yer olub. Bütün bu abidələrin üzərinə “qorunur” sözü yazılıb, amma baxımsızdır. Tariximiz məhv olur”
Bunu Moderator.az-a açıqlamasında ekoloq Gülçöhrə Hüseynova deyib. O bildirib ki, bu abidələrin bərpası mütləqdir:
“Onu da hər adam gəlib bərpa edə bilməz. Bu bərpalarda süni materiallardan, kubiklərdən istifadə etmək olmaz. Orijinalı necədirsə bərpası da elə olmalıdır. Bu cür qala və qoruqlara insanları cəlb etmək üçün ekoturizmdən çox istifadə edilməlidir. Car kəndində yerləşən Cingöz qalası 16-cı əsrə aiddir. Bu qala mülkü obyekt sayılır. Ev sahibi Layuza xanım infotur iştirakçılarını qonaqpərvərliklə qarşılayıb, bizlərə qalanın tarixçəsi və ev sahiblərinə aidliyi barədə məlumat verdi. Qalanın üzərindəki ərəb dilində yazı mütəxəssislər tərəfindən incələndi. Qalanın bürc olduğu və Cingöz ailəsinə aidiyyəti yazıdan aydın olur. Qalanın vəziyyəti yaxşı deyil. Onun dam örtüyü dağılıb, divarlarında problem yaranıb. Bu qalada da müəyyən bərpa işləri görülməlidir. Gələcək nəsillər bunları görməli, bilməlidirlər. Qalaları necə gəldi bərpa edirlər. Müəyyən materiallardan istifadə edirlər. Hansı ki, heç o materiallar bu qalalara olmaz. Onlar qalanın qədimliyini itirir. Qala o qədər baxımsızdır ki, üzərində ağac belə bitib. O ağaclar təmizlənməlidir. Elə təmizlənməlidir ki, onun hörgüsünə heç bir mənfi təsiri olmasın. Hörgünü uçurtmasın. Yabanı əncir ağacının kökləri üzdə gedir, şaxələnir, böyüdükcə həmin qalanın divarlarına da mənfi təsir göstərir. Bundan başqa qala mühafizə olunmalıdır” deyə ekoloq bildirib.
Gülçöhrə Hüseynova bildirib ki, Qax rayonu Kürmükoba kəndində yerləşən Kürmük məbədininin qalıqları indiyə qədər arxeoloji baxımdan araşdırılmayıb.
“Əslində dövlətçilik tariximizlə dərin bağları olan bu abidənin tam şəkildə öyrənilməsinə böyük ehtiyac var. Kürmük kilsəsi isə yerli xristianların ibadət etməsi və müsəlman əhalinin xristianlaşdırılması üçün Çar Rusiyası tərəfindən inşa olunub. Bir həftə əvvəl burada Kürmükoba dini mərasiminin keçirildiyi oradakı külli miqdarda ərimiş şam qalıqlarından görünür. Kənardan cəlbedici görünməsinə baxmayaraq abidənin mühafizə vəziyyəti yaxşı deyil. Abidəyə sonralar edilən müdaxilələr, xüsusilə sement məhlulu ilə bərpa böyük problem yaradıb. Kilsənin bərpaya ehtiyacı var. Sonra Qax rayonu Oncallı kəndində yerləşən Hacı Tapdıq və Şeyx Yunis Əmrə ziyarətgahlarına baxış keçirdik. Qəbristanlığın ərazisində çox sayda yazılı qəbir daşları var. Onların bir qismi çox əvvəllər bir yerə toplanıb və nümayiş olunur. Lakin, həmin qəbir daşlarının aşınması və kitabələrin məhv olması problemi var. “Zaqatala qalası” Tarix-Mədəniyyət Qoruğu təmiz, səliqəli saxlanmasına baxmayaraq əksər abidələrin - qala divarları, hamam, inzibati bina, silah anbarları, ovdanlar və s. bərpaya ehtiyacı var” deyə o bildirib.