Qazandığınız pulları düzgün idarə etməyin YOLLARI - 6 qızıl QAYDA
2216
29 Nov 2024 | 15:44

Qazandığınız pulları düzgün idarə etməyin YOLLARI - 6 qızıl QAYDA

“Gəliri düzgün idarə etmək, pulu qazanmaqdan daha çətindir… Qazancı düzgün idarə etmək, gəlirlərinizi və xərclərinizi mütəmadi olaraq izləmək, səmərəli şəkildə idarə etmək və maliyyə məqsədlərinizə çatmaq üçün düzgün qərarlar vermək deməkdir”. 
 
Bu sözləri Moderator.az-a açıqlamasında beynəlxalq dərəcəli təlimçi, şəxsi inkişaf üzrə kouç İlahə Adil deyib. 
 
“Bu, yalnız pul qazanmaq deyil, həm də onu necə düzgün və savadlı istifadə etmək, qorumaq və artırmaqla əlaqəlidir. Qazancı düzgün idarə etmək maliyyə sabitliyi və rifah yaratmağa kömək olur, gələcəkdə qarşılaşacağınız maliyyə çətinliklərinə hazırlığı təmin edir" söyləyən şüuraltı üzrə uzman, şəxsi inkişaf üzrə kouç, beynəlxalq dərəcəli təlimçi İlahə Adil moderator.az-a müsahibəsində deyib ki, qazancınızı idarə etmək, maliyyə sağlamlığınızı qorumaq və gələcəyinizi təmin etmək üçün çox vacibdir.
 
 
"Bunun üçün bəzi əsas addımlar var:
 
- Büdcə dəftəri yaratmaq: Əvvəlcə gəlirlərinizi və xərclərinizi aydın şəkildə yazacaq dəftəriniz olacaq. Hər ay nə qədər gəlir əldə edirsiniz və bu gəlirin hansı xərclərə sərf edirsinizsə, hamısı bu dəftərə yazılmalıdır. Bu, pulunuzu nəzarət altında saxlamağa və daha sonra lazım olmayan xərclərinizi müəyyənləşdirməyə kömək edəcək.
 
- Gəlirləri artırmaq: Qazancınızı artırmaq üçün işinizdə irəliləyiş etmək, əlavə iş imkanları tapmaq və ya yeni iş sahələrini araşdırmaq faydalı ola bilər. Eyni zamanda, tərəfdaşlıqlar və sərmayələr də qazancınızı artırmağa kömək edə bilər.
 
- Lazım olmayan xərcləri azaltmaq: Ehtiyac olmayan xərclərdən qaçın. Həddindən artıq impulsiv şəkildə alış-veriş etmək və ya lüks mallara pul xərcləmək yerinə, yalnız vacib və ehtiyac duyduğunuz şeylərə pul xərcləyin. Bu, daha çox qənaət etməyinizə kömək olacaq.
 
- Təhlükəsizlik yastığı qurmaq: Bəzilərimiz üçün bu, yeni termin olsa da, insanda güvən yaradacaq ən güclü alətlərdən biridir. Ən az 3-6 aylıq yaşam xərclərini əhatə edən bir qənaət fondu yaratmaq vacibdir. Bu, hər hansı bir təcili vəziyyətdə maliyyə çətinliklərindən qaçmağa kömək edəcək.
 
- Sərmayə qoymaq: Qazancınızı sərmayə qoyaraq artırmaq da yaxşı bir seçimdir. Sərmayə qoyma yolları arasında səhmlər, istiqrazlar, daşınmaz əmlak və digər investisiya vasitələri mövcuddur. Burada məqsədiniz gələcəkdəki qazancınızı artırmaqdır.
 
- Maliyyə məqsədləri təyin etmək: Qısa, orta və uzunmüddətli maliyyə məqsədləri təyin edin. Bu məqsədlər sizi daha disiplinli və fokuslanmış hala gətirəcək. Bu məqsədlərə çatmaq üçün konkret addımlar siyahısını tərtib edin.
 
Şəxsi inkişaf üzrə kouç vurğulayıb ki, eyni zamanda, qazancı düzgün idarə edə bilməməyin bir çox müxtəlif psixoloji səbəbləri də mövcuddur. Bu səbəblərə qıtlıq bilinci, puldan qorxu, "Pul heç vaxt kifayət etməyəcək" və ya "Pul tapmaq çox çətindir" kimi pul ilə bağlı mənfi düşüncə tərzi, təsadüfi alış-veriş və impulsiv xərcləmə və s. aid etmək olar. Uşaqlıq dövründə pul mövzusunda mənfi təcrübələr (məsələn, ailədə pul çatışmazlığı, borc problemi və ya davamlı maliyyə gərginliyi) insanın gələcəkdə maliyyə idarəçiliyinə güclü təsir göstərir. Bu tip təcrübələrdən sonra şəxslər puldan qorxa və ya onu itirməkdən çəkinə bilərlər. Həmçinin pul idarəçiliyi ilə bağlı yanlış inanc və anlayışlar formalaşa bilər. Məsələn, "pul heç vaxt çatmır" kimi düşüncələr şəxsin lazımsız və impulsiv alış-veriş etməsinə səbəb ola bilər. Uşaqlar ailə üzvlərinin pulla bağlı necə davrandığını müşahidə edirlər. Əgər valideynlər pul idarəçiliyini düzgün etmirsə, bu, uşağın gələcəkdəki maliyyə idarəçiliyinə də mənfi təsir göstərə bilər. Albert Enşteynin dediyi kimi: “Qazancınızın dəyəri yalnız nə qədər qazandığınızla deyil, necə idarə etdiyinizlə də ölçülür”.
Link kopyalandı!
Son xəbərlər