Deputat: “Əgər dizel yanacağının litri 1 manata satılacaqsa...”
2470
29 Nov 2024 | 15:18

Deputat: “Əgər dizel yanacağının litri 1 manata satılacaqsa...”

Deputat Elçin Mirzəbəyli Milli Məclisin plenar iclasındakı çıxışı zamanı Rusiyaya etdiyi səfərlə bağlı məlumat verib.

Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, o bildirib:

“Hörmətli Sahibə xanım, öncə Sizə, həmkarım Mixail Zabelinlə birlikdə Moskvada “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların fraksiyalarının və blokların rolu” mövzusunda keçirilən konfransda iştirak etmək imkanı yaratdığınız üçün dərin minnətdarlığımı bildirirəm!

mirze.jpg (272 KB)

Düşünürəm ki, həm MDB üzvü olan ölkələrin parlament partiyaları əlaqələrin qurulması, həm MDB məkanındakı proseslərlə bağlı səhih məlumat əldə edilməsi, həm də faşizm, onun hər cür, o cümlədən Ermənistandakı təzahürləri ilə bağlı fikirlərimizi ifadə etmək üçün çox faydalı səfər oldu”.

Daha sonra deputat müzakirə mövzusu olan qanun layihəsi barədə fikirlərini açıqlayıb:

“Qanunun qüvvədə olan 16.2.1-ci maddəsində fonda ayrılması nəzərdə tutulan vəsait daha aydındır və mənbəyi bəllidir. Burada söhbət, sözügedən maddədə qeyd olunduğu kimi, “enerji resurslarının tarif və qiymətlərində fonda ayrılması nəzərdə tutulan vəsaitdən gedir. Yəni enerji resurslarının satışından əldə olunan vəsaitin tarif və qiymətlərində fonda ayrılması məzərdə tutulan məbləğ müvafiq təsisatlar tərəfindən fonda köçürülür. Təklif olunan redaksiyada isə 16.2.1-ci maddə “enerji resurslarının satış məbləğində fonda ayrılması nəzərdə tutulan vəsait” kimi təqdim olunur. 

Düşünürəm ki, təklif olunan maddənin izahına ehtiyac var. Əvvəla, birinci oxunuşa aidiyyəti olmasa da, düşünürəm ki, təklif olunan redaksiyada “enerji resurslarının satış məbləğində” sözlərinin əvəzinə “enerji resurslarının satışı məbləğində sözləri yer almalıdır”. Bu, dilimizin qaydalarına daha uyğundur. Digər tərəfdən, təklif olunan redaksiyasının məntiqindən belə anlaşılır ki, elektrik enerjisi, təbii qaz, Aİ-92 və dizel yanacağının istehsalçı qiymətlərlə ölkə daxilində satışını həyata keçirən subyektlər satış məbləğində fonda vəsait köçürəcəklər”. 

Elçin Mirzəbəyli daha sonra bunları söyləyib:

“Məsələn, əgər dizel yanacağının litri 1 manata satılacaqsa, o zaman yanacağı satan subyektlər həmin 1 manatı enerji effektivliyi fonduna köçürəcəklər. Arayışda qeyd olunur ki, enerji növlərinin satışından fonda daxil olacaq vəsait əhəmiyyətli dərəcədə artacaq. Sual olunur: nəyin və kimin hesabına? O zaman bu subyektlərin qazancı nədən ibarət olacaq? Yaxud onlar qazanc əldə etmək üçün hansı addımları atacaqlar və bu addımların enerji resurslarının qiymətinə təsiri necə olacaq? Bu sualları verməkdə yeganə məqsədim ondan ibarətdir ki, təklif olunan dəyişiklik sonradan əlavə suallara və mülahizələrə səbəb olmasın, bütün məqamlara burada aydınlıq gətirilsin”.

Link kopyalandı!
Son xəbərlər