“Qazaxıstan müəllimi nüfuzdan salmaqla yox, onun sosial statusunu yüksəltməklə təhsil islahatı apardı...”-EKSPERT 
Elm və Təhsil
279
15:45, Bu gün

“Qazaxıstan müəllimi nüfuzdan salmaqla yox, onun sosial statusunu yüksəltməklə təhsil islahatı apardı...”-EKSPERT 

“Qazaxıstanın  təhsilində proseslərə uzunmüddətli strateji baxış mövcuddur...”
 
“Qazaxıstan  modelinin  məntiqi  müəllimi  sistemin mərkəzinə gətirir, müəllimin rifahı ilə təhsilin keyfiyyəti  arasında əlaqəni görür, etiraf edir, problemi həll edir...”
 
“Biz isə insan kapitalından 23 ildir danışırıq, amma insan kapitalının yaradıcı olan müəllimi sosial starusunu, nüfuzunu aşağı endiririk...”
 
“İnkişaf üçün əsas resurs pul deyil, problemi görmək və onu həll etmək iradəsidir...”  
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Qazaxıstan təhsilindən çox şey öyrənməliyik” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır: 
“Qazaxıstan ilə Azərbaycan arasında elm, təhsil və innovasiya sahəsində əməkdaşlıq tədricən artmaqdadır.  Son illər Qazaxıstanda  elm və təhsilin inkişafına dair yazdığımız  analitik məqalələr, müşahidələr  və təhlillər əsasında bu iki ölkədə təhsilinin inkişafında olan kəskin fərqləri və səbəblərini  şərh etmək istəyirik. Əsas məsələ idarəetmə fəlsəfəsinin fərqli olmasıdır.   Mövcud fərq  resurs  səbəbi ilə yox, idarəetmə modeli və düşüncə fərqi səbəbi ilə yaranır. 
 
Qazaxıstanın elm-təhsil siyasətində strateji və sistemli yanaşma var...  
 
Qazaxıstanın  təhsilində proseslərə uzunmüddətli strateji baxış mövcuddur.  Qazaxıstanın inkişaf modeli konkret strategiyalara əsaslanır:  “Qazaxıstan–2050” strategiyası  və  “Rəqəmsal Qazaxıstan” dövlət  proqramı.  Bu sənədlər iqtisadiyyat, təhsil, elm, innovasiya və texnologiya arasında sistemli əlaqə yaradır.  Yəni  təhsil siyasəti ayrıca yox, ümummilli inkişaf strategiyasının tərkib hissəsidir. 
Müəllim amili prioritetdir...  
 
Qazaxıstanda qəbul edilmiş “Müəllimin statusu haqqında” qanun təhsildə dönüş nöqtəsi oldu. Onlar müəllimi nüfuzdan salmaqla yox, müəllimin sosial statusunu yüksəltməklə təhsil islahatı apardılar.  Onlarda da “şaftalı” sözünü yaza bilməyən, kvadratın perimetrini tapa bilməyən  müəllimlər aşkar etmək olardı, amma onların menecerləri anlayırlar ki, bu fərdlərin yox, təhsil sisteminin problemidir... 
 
Qazaxstan  modelinin  məntiqi  müəllimi  sistemin mərkəzinə gətirir, müəllimin rifahı ilə təhsilin keyfiyyəti  arasında əlaqəni görür, etiraf edir, problemi həll edir.  Bu yanaşma  insan kapitalı nəzəriyyəsindən qidalanır. Biz isə insan kapitalından 23 ildir danışırıq, amma insan kapitalının yaradıcı olan müəllimi sosial starusunu, nüfuzunu aşağı endiririk. Bu yanaşma son illər xüsusən aydın görünür. Çünki müəllimlərin taleyini elmə, təhsilə, müəllimliyə aidiyyatı olmayanlar həll edir, özü də acımasız... 
 
Qazaxıstan təhsilində  tənqid və özünütənqid  var (bizdən fərqli olaraq)... 
Qazaxıstanda  özünü qiymətləndirmə mədəniyyəti,   idarəetmədə əsasdır.  Qazaxıstan təhsilinin güclü tərəfi təhsildəki problemlərin  qabardılması, sistemli təhlilidir.  
 
Qazaxıstanda  sistematik olaraq  “Elm, təhsil, innovasiya (ETİ)  sahəsində səhvlərin təhlili” adlı dövlət hesabatları hazırlanır. Bu hesabat səhvlərdən öyrənmə və təkmilləşmə imkanı yaradır, səhvlərin təkrarlanmasının qarşısını alır... 
 
Hər iki ölkənin elm-təhsil sistemində problemlər  mahiyyət   və strukturca  yaxındır...   
 
Qazaxıstanın elm-təhsilindəki problemlər: maliyyələşmə çatışmazlığı, elm–sənaye əlaqəsinin zəifliyi, kadr potensialı problemi, innovasiya infrastrukturunun zəifliyidir.  Bu problemlər Azərbaycanda da mövcuddur, amma problemlərə yanaşma fərqlidir... 
 
Fərq nədir?..  
 
Qazaxstanda  problemlərə yanaşma açıq, analitik yönlüdür. Monitorinqlər sistemli, ictimai müzakirələr geniş, səhvlərə reaksiya korreksiya xarakterlidir. Azərbaycanda isə problemlərə yanaşma inkar və gizlətmə, monitorinqlər formal, ictimai müzakirələr səthi və məhdud, ictimai rəy nəzərə alınmır, səhvlərə reaksiya müdafiə xarakterlidir, iş görüntü xarakterlidir... 
 
İdarəetmədə fərqlər...  
 
Qazaxıstanda  menecerlər seçilir, fəaliyyətləri təhlil edilir,  ölçülür.   Azərbaycan   təhsilində bu, qüsurludur.  Səriştəsizlik hər addımda hiss edilir. Sanki təhsildə struktur var, amma sistem yoxdur, qərarlar var, analitika zəifdir. Bu fərqlər təhsil kimi geniş  əhatəli  və mürəkkəb sistemin ictimai idarəsi baxımından qüsurludur. 
 
Universitet modelləri  və maliyyə fərqi...   
 
Qazaxıstanda güclü tədqiqat universitetləri var (Nazarbayev University, Al-Farabi Kazakh National University v.s.).  Nazirlik və universitetlər dövlət və daxili qrant sistemləri, texnoparklar və innovasiya infrastrukturu yarada biliblər. Azərbaycanda isə  hələ də tədqiqat universiteti(TU) modeli formalaşmayıb. Ola bilər ki,  meyarları manipulyasiya etməklə  gələcəkdə 1-2 TU yaradılsın, amma bu nəinki ABŞ və Avropa, hətta Rusiya, Türkiyə və Qazaxıstanın TU-dən xeyli zəif olacaqdır. Universitetlərin maliyyə müstəqilliyi məhduddur,  azsaylı  qrantlar da qeyri-şəffaf və səmərəsizdir... 
 
Bu ölkələrdə  elm–təhsil–innovasiya (ETİ) üçbucağında ciddi fərqlər var... 
 
Qazaxıstanda  bu üç element daha yaxşı inteqrasiya edilib:  elm, təhsil, innovasiya, iqtisadiyyat. Azərbaycanda isə bu əlaqə  zəif, fragmentar, sistemsiz və səmərəsizdir. 
 
Rəqəmsal  transformasiya prosesləri... 
 
Qazaxıstan “Rəqəmsal Qazaxıstan” proqramı ilə e-government, 5G infrastrukturu, texnoloji modernləşmə sahəsində ciddi addımlar atıb.  Bu yanaşma  rəqəmsal transformasiya modelinə uyğundur.
 
Əsas problem təşkilati öyrənmənin yoxluğudur...   
 
Azərbaycanda  səhvlərdən öyrənmə mexanizmi yoxdur.  Nəticədə  müxtəlif təhsil nazirləri  eyni səhvlərə yol verir,  sistem isə inkişaf etmir. 
 
Süni intellekt və qlobal rəqabət  yeni inkişaf mərhələsi yaradır... 
 
Bugünkü  reallıq  əvvəlkindən fərqlidir. Süni intellekt əmək bazarını dəyişdirir, universitetlər transformasiya olunur. Bu kontekstdə zəif idarə olunan sistemlər  sürətlə geridə qalacaq...
 
Qazaxıstandan öyrənməli olduğumuz  strateji dərslərimiz çoxdur:
1.Problemləri qəbul etmək, inkişafın başlanğıcının göstəricisidir. 
 
2.Müəllimə real dəyər vermək, maaş, status, inkişafı problemlərini həll etmək.
 
3.Qrant və maliyyə sistemini dəyişmək, bunu şəffaf, ədalətli, səmərəli və nəticə əsaslı etmək. ETN-nin son 5 ildə verdiyi qrant mövzuları  yararsız, səmərəsiz və israfçıdır.  
 
4.Tədqiqat universitetləri yaratmaq zəruridir, ETN bu məsələdə universitetlərə dəstək verməlidir.  
 
5.İctimai nəzarəti gücləndirmək, təhsilə dair beyin mərkəzləri,  ekspert müzakirələri, açıq hesabatlılıq sistemi yaradılmalıdır...
 
Bu müqayisə göstərir ki,  hər yerdə olduğu kimi,  Qazaxıstan təhsilinin  də problemləri var, amma onlar problemləri idarə edə bilir, səmərəli həll edirlər.  Azərbaycan isə  problemləri idarə edə bilmir, ona görə də  30 ildir təhsildə inkişaf yoxdur.   İnkişaf üçün əsas resurs pul deyil, problemi görmək və onu həll etmək iradəsidir...  
Dünya “gör-götür” dünyasıdır. Amma öyrənmək üçün əvvəlcə problemləri, müsbət  təcrübəni  görmək, anlamaq  və qəbul etmək lazımdır.  Bu isə peşəkarlıq tələb edir...
Dosent İlham Əhmədov”.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər