2025–2026-cı tədris ilindən etibarən Ermənistanın üç məktəbində Azərbaycan dili tədris ediləcək. Bu qərar xarici və regional dillərin inkişafına dair dövlət proqramı çərçivəsində qəbul olunub.Məlumata görə, kurs könüllü xarakter daşıyacaq və yalnız müəllimlər olduqda 10–12-ci sinif şagirdləri üçün əlçatan olacaq. Qeyd edə ki, 2022-2023-cü tədris ilində Ermənistanda 12 məktəbdə Türk dili, 4 məktəbdə isə Azərbaycan dili tədris olunub.
 
                                            
                                            
                                            
                                            
Bəs,ölkəmizdə  erməni dili tədris oluna bilərmi? 
 
Moderator.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, Ermənistanda 2025–2026-cı tədris ilindən etibarən üç məktəbdə Azərbaycan dilinin tədris olunması regionun təhsil və mədəniyyət sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, bu qərar sıradan bir tədris təşəbbüsü deyil, iki ölkə arasında uzun illər gərginlik və qarşıdurma ilə müşayiət olunan münasibətlərdə humanitar diplomatiyanın formalaşması baxımından mühüm dönüşdür:
 
 “Ermənistan hökumətinin bu addımı “xarici və regional dillərin inkişafına dair dövlət proqramı” çərçivəsində həyata keçirməsi, təhsilin siyasi ritorikadan deyil, mədəni inteqrasiyadan qaynaqlanan bir sahə kimi qəbul olunmağa başladığını göstərir. Elm və Təhsil Nazirliyinin bu prosesi diqqətlə izləməsi, regionda dil siyasətinin taraz və qarşılıqlı faydalı istiqamətdə inkişafına müsbət təsir edə bilər. Azərbaycan və Ermənistan arasında uzun illər davam edən gərginlik səbəbindən iki xalq bir-birinin dilinə və mədəniyyətinə praktik baxımdan uzaq düşüb. Halbuki dilin öyrənilməsi, xüsusilə qonşu ölkələrin dillərinin mənimsənilməsi, regionda sabitliyin və qarşılıqlı anlaşmanın vacib alətidir. UNESCO-nun 2023-cü il “Regional Dillərin Qorunması və İnkişafı” hesabatında göstərilir ki, qonşu ölkə dillərinin tədrisi olan ölkələrdə diplomatik münasibətlərdə gərginlik səviyyəsi 27% azalıb, mədəni əməkdaşlıq göstəriciləri isə 40% artıb. Bu fakt, dilin təkcə kommunikasiya vasitəsi deyil, həm də sülh və diplomatiyanın strateji komponenti olduğunu təsdiqləyir. Azərbaycan qanunvericiliyi də bu kontekstdə açıq və çevik yanaşma sərgiləyir. “Təhsil haqqında” Qanunun 6-cı maddəsinə əsasən, dövlət bütün vətəndaşlara “xarici dilləri öyrənmək və tədris etmək üçün zəruri şəraitin yaradılmasına” zəmanət verir. Bu müddəa hüquqi cəhətdən ölkəmizdə erməni dilinin tədrisi üçün də əsas yaradır. Lakin belə təşəbbüslər siyasi deyil, elmi və tədqiqat məqsədli çərçivədə reallaşmalıdır. Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti və ya ADA Universiteti kimi ali təhsil müəssisələrində “Cənubi Qafqaz dilləri” və ya “Regional tədqiqatlar” istiqamətində erməni dilinin tədrisi regionşünaslıq, beynəlxalq münasibətlər və diplomatiya ixtisasları üçün faydalı elmi baza yarada bilər”.
 
Təhsil eksperti regionda azərbaycan dilini öyrənənlərin sayının sürətlə artdığına diqqət çəkib:
 
“ Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin 2024-cü il məlumatına görə, ölkədə 12 məktəbdə türk, 4 məktəbdə isə Azərbaycan dili tədris olunub, 2025–2026-cı ildən isə bu rəqəmin 3 məktəbdə yenidən davam etdirilməsi nəzərdə tutulub. Bu, ümumi təhsil müəssisələrinin təxminən 0,4 faizinə bərabərdir, lakin humanitar baxımdan çox böyük simvolik əhəmiyyət daşıyır. Əgər müqayisə üçün Gürcüstan təcrübəsinə baxsaq, orada Azərbaycan dili 80-dən çox məktəbdə tədris olunur və dövlət bunu milli azlıqların inteqrasiyasının əsas elementi kimi görür. Ermənistan da bu modeldən müəyyən dərəcədə ilhamlanaraq azərbaycan dilini “regionda kommunikasiyanın aləti” kimi qəbul etməyə başlayıb. Azərbaycan tərəfindən bu yanaşma Elm və Təhsil Nazirliyi üçün strateji imkan yaradır. Nazirlik bu prosesi izləyərək qarşılıqlı təhsil diplomatiyasını genişləndirə, universitetlərarası əməkdaşlıq layihələrində Azərbaycan dilinin beynəlxalq statusunu gücləndirə bilər. Azərbaycan dilinin hazırda 20-dən çox ölkədə – o cümlədən Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan və Ukraynada – tədris olunduğunu nəzərə alsaq, Ermənistanın da bu sıraya qoşulması dilimizin beynəlxalq tanınmasına əlavə töhfə verəcək”.
 
 
Kamran Əsədovun fikrincə, məsələyə yalnız qarşılıqlı humanitar mübadilə prizmasından deyil, həm də strateji planlaşdırma baxımından yanaşmaq vacibdir:
 
“Əgər Azərbaycan universitetlərində də erməni dilinin tədrisi elmi-tədqiqat səviyyəsində təşkil olunarsa, bu, regionun tarixi, etnoqrafiyası və mədəniyyətini obyektiv elmi kontekstdə öyrənmək üçün yeni imkanlar yaradacaq. Bu, həm də informasiya müharibələrində üstün mövqe qazanmaq, dilin vasitəsilə qarşı tərəfin media və mədəni diskurslarını düzgün analiz etmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu addımın sosial və psixoloji aspektləri də nəzərə alınmalıdır. Cəmiyyətin emosional yaddaşı və müharibə travmaları səbəbindən belə təşəbbüslər həssas qəbul edilə bilər. Ona görə də erməni dilinin tədrisi məktəb səviyyəsində deyil, yalnız ali təhsil və tədqiqat institutlarında həyata keçirilməlidir. Belə halda, bu addım siyasi deyil, elmi-analitik məzmun kəsb edəcək. Bu da cəmiyyətin qəbul edə biləcəyi balanslı yanaşmadır. Dünya təcrübəsində bu model uğurlu nəticələr verib. İsrail universitetlərində ərəb dili, İran universitetlərində ivrit, ABŞ universitetlərində isə fars və türk dilləri uzun illərdir tədqiq olunur və tədris edilir. Bu dillərin tədrisi həmin ölkələr üçün düşmənçilik deyil, strateji biliyə sahib olmaq vasitəsidir. Azərbaycan da bu modeldən istifadə edərək regionda bilik üzərindən qurulan sülh diplomatiyası yarada bilər. Elm və Təhsil Nazirliyinin bu məsələdə yanaşması pragmatik, rasional və gələcəyə yönəlik siyasətin göstəricisidir. Nazirlik dil və təhsili sadəcə fənn kimi deyil, dövlətin mədəni və diplomatik gücünün tərkib hissəsi kimi görür. Əgər bu yanaşma ardıcıl şəkildə davam etdirilərsə, Azərbaycan təkcə təhsil baxımından deyil, həm də regionda humanitar nüfuz mərkəzi kimi mövqeyini gücləndirəcək. 
Beləliklə, Ermənistan məktəblərində Azərbaycan dilinin tədrisi regionda yeni mərhələnin başlanğıcını qoyur, Azərbaycan üçün isə elm, dil və təhsil diplomatiyasının inkişafı üçün geniş imkanlar yaradır. Bu, Elm və Təhsil Nazirliyinin dəstəkləməli və gələcəkdə qarşılıqlı şəkildə genişləndirməli olduğu çox müsbət və strateji bir təşəbbüsdür”.
 
Mehin Mehmanqızı