Bu universitetlər Qarabağa köçürülə bilər - AÇIQLAMA
Elm və Təhsil
2900
05 Nov 2024 | 23:05

Bu universitetlər Qarabağa köçürülə bilər - AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərdə hər istiqamətdə görülən işlər yüksək səviyyədə davam etdirilir. Bəs, Bakıda yerləşən universitetlərin başqa regionlar da daxil olmaqla , xüsusilə işğaldan azad edilmiş ərazilərə köçürülə bilərmi?
 
Moderator.az xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov danışıb.
 
O, açıqlamasında qeyd etdi ki, bəzi universitetlərin Qarabağ və ətraf ərazilərə köçürülməsi ilə bağlı məsələlər diqqət mərkəzindədir:
 
"İlk növbədə qeyd edim ki, işğaldan azad edilmiş ərazilərə təhsil müəssisələrinin köçürülməsi bu bölgələrin bərpası prosesində, yeni təhsil ocaqlarının yaradılması regionun inkişafına təkan verə bilər. Xüsusən Qarabağ bölgəsinə böyük strateji və sosial əhəmiyyət verildiyindən, Bakıda sıxlıq yaradan və regional inkişafı dəstəkləmək üçün müəyyən universitetlərin Qarabağ və ətraf rayonlara köçürülməsi məsələsi diqqət mərkəzindədir. Bu prosesə hansı universitetlərin daxil olacağı bir sıra amillərdən asılıdır".
 
Təhsil eksperti həmin ərazilərdə hansı sahələr daha çox ehtiyac duyulduğunu da vurğuladı:
 
"İlk növbədə, nəzərə almaq lazımdır ki, Qarabağ və digər azad edilmiş ərazilərdə yeni təhsil infrastrukturunun yaradılması, həmçinin bu ərazilərin kadr ehtiyacını ödəyəcək ixtisaslaşmış universitetlərin yerləşdirilməsi nəzərdə tutulur. Bu kontekstdə, əsasən kənd təsərrüfatı, aqrar tədqiqatlar, ekologiya, turizm və mühəndislik sahələrində ixtisaslaşmış universitetlərin köçürülməsi, həm yerli iqtisadiyyatın, həm də bu sahələrin inkişafına dəstək ola bilər. Məsələn, Azərbaycan Dövlət Aqrar Universiteti, əsasən kənd təsərrüfatı və aqrar elmlərə yönəlik bir universitet olduğundan, Qarabağda aqrar təsərrüfatların yaradılmasını dəstəkləmək üçün əhəmiyyətli bir təkan ola bilər. Bu, regionda kənd təsərrüfatının inkişafına və müasir texnologiyaların tətbiqinə mühüm töhfə verəcəkdir.
 
Bundan əlavə, inşaat və memarlıq üzrə ixtisaslaşmış universitetlərin köçürülməsi də strateji addım ola bilər. Qarabağda bərpa və inşaat işlərinin sürətlə getdiyini nəzərə alsaq, Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi təhsil müəssisəsinin bu bölgəyə köçürülməsi, tələbələrin nəzəri bilikləri praktiki təcrübə ilə birləşdirməsinə imkan verər. Bu universitetin tələbələri və məzunları üçün bərpa layihələrində iştirak etmək əvəzedilməz bir təcrübə təmin edər və regionun infrastrukturu ilə paralel şəkildə böyüməsinə dəstək ola bilər.
 
Son olaraq, iqtisadiyyat və turizm sahəsində ixtisaslaşmış universitetlərin də Qarabağa köçürülməsi ilə regionda müasir iqtisadi modelin qurulmasına təkan vermək mümkündür. İqtisadiyyat Universiteti və ya digər ixtisaslaşmış iqtisad fakültələrinin Qarabağa köçürülməsi, regionun iqtisadi inkişafını və turizminə təkan verə bilər.
 
Təhsil ocaqlarının Qarabağa və digər azad olunmuş ərazilərə köçürülməsi təhsilin regional inkişafda rolunu artıracaq, eyni zamanda Bakıdakı təhsil yükünü azaldacaqdır. Bu strategiya həm də Qarabağın elmi, təhsil və mədəni mərkəz kimi güclənməsinə, gələcək nəsillərin bu ərazilərə olan bağlılığının və inteqrasiyasının dərinləşməsinə şərait yaradacaqdır"
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər