Bizi sosial şəbəkələrdən izləyin:
Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Moderator.az xəbər verir ki, memorandumu BDU rektoru Elçin Babayev və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev imzalayıb.
Memorandumda BDU və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun arxeologiya, antropologiya, tarix və mədəni irsin öyrənilməsi sahəsində birgə elmi tədqiqatlar aparması, təhsilalan və tədqiqatçılar üçün sahə işləri, laboratoriya təcrübələri və elmi araşdırmalarda iştirak imkanlarının yaradılması, tərəflərin resurslarından istifadə edərək tədris və təlim proqramlarının təkmilləşdirilməsi, müştərək təlimlərin təşkil olunması nəzərdə tutulur. Memorandumda BDU tələbələrinin arxeoloji qazıntı sahələrində praktika, İnstitutun mütəxəssislərinin isə universitetdə dərslər keçməsi, arxeologiya və antropologiyanın müasir problemlərinə həsr olunmuş ortaq seminar və konfransların təşkili, tərəflərin birgə beynəlxalq layihələrə və tədqiqat proqramlarına qoşulması, müvafiq xarici qurumlarla əlaqələrin genişləndirilməsi məsələləri də əks olunub.