Rusiya-İran yox, Azərbaycan-Rusiya müharibəsi…-Tariximizə fərqli baxış...
Elm və Təhsil
2953
24 May 2024 | 19:37

Rusiya-İran yox, Azərbaycan-Rusiya müharibəsi…-Tariximizə fərqli baxış...

“Rusiya işğalları ilə Azərbaycan dövlət müstəqilliyini itirdi. Azərbaycan ərazisi müharibə nəticəsində zorla iki hissəyə bölündü...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada:)
 
Rusiya-İran yox, Azərbaycan-Rusiya müharibəsi…- XXXIV mövzu
 
Yeni Azərbaycan-Rusiya müharibələri. Gülüstan və Türkmənçay müqavilələri.
 
 XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Azərbaycanın daxili və beynəlxalq vəziyyəti çox mürəkkəb idi. Azərbaycan ərazisi xırda dövlətlərə parçalanmışdı. Göstərilən dövrdə Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindən biri Cənubi Qafqazın istilasından ibarət idi. Çarizm Cənubi Qafqazı əlavə gəlir mənbəyinə çevirməyə, Xəzər dənizi hövzəsi üzərində Rusiya ağalığına nail olmağa can atırdı. Cənubi Qafqazın siyasi və hərbi-strateji əhəmiyyəti böyük idi. Bu diyarın işğalı ənənəvi Rusiya- Türkiyə rəqabətində qüvvələr nisbətini Rusiyanın xeyrinə dəyişə bilərdi. Nəhayət, rus-ingilis rəqabəti Cənubi Qafqazın, o cümlədən Azərbaycanın əhəmiyyətini artırırdı. Rusiyanın bu yerləri işğal etməsi Böyük Britaniyanın Şərqdə təsirinə ağır zərbə endirə bilərdi.
 
Azərbaycanın Araz çayından cənuba doğru ərazilərində yerli türk mənşəli Qacarlar sülaləsi hakimiyyətini möhkəmləndirdi və Ağa Məhəmməd xan Qacar 1796-cı ildə Tehranda özünü şah elan etdi. Onun ölümündən sonra hakimiyyətə Fətəli şah (1797-1834) gəldi. Dövlətin əsas paytaxtı Tehran, ikinci paytaxtı isə Təbriz şəhəri idi. Şahın varisi, vəliəhd Təbrizdə otururdu. “İran” sözünün “Eyran” və ya “Ayran” sözlərindən əmələ gəldiyi və “arilər ölkəsi” mənasını verməsinə dair versiya heç bir tarixi mənbə ilə təsdiq olunmur və saxtalaşdırılmış bir tarixdir. “İran” adı əfsanəvi dövrə aid edilməklə X əsrin ikinci yarısı-XI əsrin əvvəllərində yaşamış fars şairi Firdovsi tərəfindən ortaya atılmışdır. Onun “Şahnamə” əsərində İran və Turan ölkələrindən bəhs olunur, İranın yeri indiki Əfqanıstanın ərazisində göstərilir. Onun İrana aid etdiyi 27 şəhər, o cümlədən, Bəlx, Tərməz, Nimruz, Kəşmir, Kabil, Qəndəhar və sair Əfqanıstan və ya ətraf ölkələrdə yerləşir. İran ifadəsi bir ölkə kimi əsasən Nadir şahdan sonra ara-sıra işlənib. Qacar dövründə ölkənin adı “Qorunan məmləkətlər” (“Məmaliki-Məhrusə”) və ya “Qacarların qorunan məmləkəti” (“Məmaliki-Məhruseyi Qacar”) şəklində işlədilib [6]. Dövlətdə fars dili və Azərbaycan türkcəsi istifadə olunurdu [15, s.128; 12].
 
 Qərbi Avropa dövlətlərinin də, xüsusən İngiltərə və Fransanın Cənubi Qafqaz barədə işğalçı planları var idi. Onlar Rusiyanın bu ərazidə hərəkətlərini diqqətlə izləyir və çarizmin planlarına mane olmağa çalışırdılar. İngiltərə maraqlarının təmin olunması işini təcrübəli diplomat və hərbçi, general Con Malkolma həvalə etmişdi. O, min nəfərlik hərbi, diplomatik və ticarət heyəti ilə Tehrana gəldi və 1801-ci ilin yanvarında yerli hakimiyyətlə siyasi və ticarət əlaqələrinə dair iki müqavilə imzaladı. İngiltərə hər hansı dövlətin Qacarlar dövləti üzərinə hücum edəcəyi təqdirdə hərbi yardım göstərməyi öz üzərinə götürürdü [27, s.67-69]. Çar hökuməti də öz planlarının həyata keçirilməsinə başladı. 1801-ci il sentyabrın 12-də Kartli-Kaxetiyanın (Şərqi Gürcüstan) Rusiyaya birləşdirilməsi haqqında çar manifesti elan olundu. Rus qoşunları baş komandanı və mülki hakim tərəfindən idarə olunan Tiflis quberniyası yaradıldı. Kartli-Kaxetiya ilə birlikdə Qazax, Borçalı, Şəmşəddil ərazilərimiz də bu quberniyanın tərkibinə daxil edildi. Bununla, Azərbaycan torpaqlarının Rusiya tərəfindən istilasının başlanğıcı qoyuldu.
 
 1802-ci ilin sentyabrında Qafqazın baş komandanı təyin edilən general Pavel Sisianov Cənubi Qafqazda müstəmləkə siyasətinin icraçısı oldu. Çar hökuməti Şərqi Gürcüstan ərazisindən hücum meydanı kimi istifadə edərək, özünün Azərbaycan barəsindəki planlarını həyata keçirməyə başladı. 1803-cü ilin martında Rus qoşunları Car-Balakən istiqamətində hərəkət etdi. Bununla ikinci Azərbaycan-Rusiya müharibəsi (1803-1813) başlandı. Martın sonunda Car zəbt olundu. 1803-cü ilin aprelində Car-Balakənin 9 nəfərdən ibarət nümayəndə heyəti Tiflisə general Sisianovun yanına getdi. Burada onlarla Car-Balakən camaatının Rusiyanın hakimiyyəti altına alınması barədə saziş bağlandı. Car-Balakənin işğalından sonra qonşu İlisu sultanlığı da Rusiya təbəəliyini qəbul etməli oldu [12, s.224-225]. General Sisianov Gəncə xanlığının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. Sisianov yazırdı ki, “Gəncə qalasının mövqeyi bütün Azərbaycan üzərində hökmrandır. Bax buna görə də bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malikdir” [25, s.112]. O, 1803-cü il noyabrın sonunda qoşunu Gəncə üzərinə yeritdi. Gəncəyə doğru yolda, şəhərin iki kilometrliyindəki Quruqobu adlı yerdə rus qoşunları ilə gəncəlilər arasında ilk vuruşma baş verdi. Cavad xan bir qədər müqavimətdən sonra qalaya qayıtdı. Bundan sonra rus qoşunları Gəncəni mühasirəyə aldılar. 1804-cü il yanvarın 2-dən 3-ə keçən gecə rus qoşunları qalaya hücuma başladılar. Onların iki cəhdi dəf olundu. Qalanın müdafiəçiləri inadlı müqavimət göstərdilər. Cavad xan və oğlu Hüseynqulu ağa döyüşlərdə qəhrəmancasına həlak oldular. Gəncə döyüşlərində 1500 dən çox adam həlak oldu [14, s.12]. Gəncə xanlığı ləğv olundu, şəhər isə öz qədim adını itirdi və I Aleksandrın arvadının şərəfinə Yelizavetpol adlandırıldı. Gəncədə yaşayan ermənilər Cavad xana xəyanət edərək rusların yanında yer aldılar, qala divarlarının əsas qülləsinin ruslar tərəfindən tutulmasına kömək etdilər. Cavad xanın arvadlarından biri erməni idi. Astagül və onun qardaşı Revaz xəyanətkarlara rəhbərlik edirdi [3]. Gəncə xanının vassal asılılığında olan Samux hakimi Şirin bəy Gəncənin süqutundan sonra Rusiya təbəəliyini qəbul etəməyə məcbur oldu.
 
Gürcüstanın, Azərabycanın bir hissəsinin Rusiya tərəfindən işğalı Qacarların və Türkiyənin, habelə İngiltərə və Fransanın narahatlığına səbəb oldu. 1804-cü ilin mayında Qacarlar Azərbaycan-Rusiya müharibəsinə qoşuldu. Onların iştirakı ilə ilk döyüş İrəvan xanlığının ərazisində 1804-cü il iyulun sonunda oldu. Sentyabrın əvvəlində rus qoşunları geri çəkildi, Gəncəyə, sonra Tiflisə getdilər [20, s.85-86]. Bu dövr ərzində Rusiyaya qarşı hərbi və siyasi mübarizəyə görkəmli Azərbaycan Qacar sərkərdəsi, Fətəli şahın oğlu, vəliəhd Abbas Mirzə rəhbərlik edirdi. Abbas Mirzənin Şahbulaq, Əsgəran, Zəyəm və digər istiqamətlərdə rus qoşunlarını məğlub etmək cəhdləri bəzən uğurlu olsa da, sonda məğlubiyyətlə nəticələndi [2, s.76]. Bu şəraitdə İbrahimxəlil xan Sisianovun şərtlərini qəbul etməli oldu. Sisianov həmin vaxt Gəncə yaxınlığında idi. İbrahimxəlil xan da buraya gəldi və 1805-ci il mayın 14-də Kürəkçay deyilən yerdə Sisianovla görüşdü. Görüşdə imzalanan Kürəkçay müqaviləsinə əsasən xan, onun varisləri və xanlığın bütün əhalisi Rusiya təbəəliyinə qəbul olunur və onların üzərinə rus çarına sadiq qalmaq öhdəliyi qoyulurdu. Çar isə öz növbəsində bu xan sülaləsinin hüquqlarını “bütün zamanlar üçün” təsdiq edirdi, lakin hər dəfə xan varisləri çar tərəfindən təsdiq olunmalı idi [21, s.148]. Sisianovun düşərgəsinə İbrahimxəlil xanla birlikdə onun kürəkəni, bundan bir az əvvəl Şəki xanlığında hakimiyyəti ələ keçirmiş Səlim xan da gəlmişdi. Səlim xan qaynatasının məsləhəti ilə mayın 21-də ruslarla müqavilə bağladı. Bu müqavilə Qarabağ xanı ilə bağlanmış müqavilənin şərtlərini təkrar edirdi. Bundan sonra Sisianov Şirvana doğru hərəkət etdi. Öz vəziyyətinin çıxılmazlığını görən Mustafa xan Rusiya təbəəliyinə keçməyə razı oldu. Mustafa xan və Sisianovun Fit dağı yaxınlığında 1805-ci il dekabrın 27-də imzaladıqları müqavilə əvvəlcə bağlanmış iki müqavilə ilə eyni idi. 1806-cı il fevralın əvvəllərində Sisianov artilleriyası olan böyük qoşun dəstəsi ilə Bakının iki kilometrliyində düşərgə saldı, qalanın təslm edilməsini tələb etdi [12, s.228]. Bakılı Hüseynqulu xan onun şərtləri ilə razılaşdı. Fevralın 8-də Sisianov onu qalanın girişində gözləyən xanla görüşmək üçün yola düşdü. Görüşün gedişində Sisianov Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy tərəfindən tapanca atəşi ilə öldürüldü. İbrahim bəy onun başını kəsərək, Təbrizə yola düşdü, düşmənin başını Abbas Mirzəyə təqdim etdi. Sisianovun bədəni Bakıda basdırılmışdı, sonralar çıxarılaraq Tiflisə aparıldı, Sioni monastrında dəfn olundu [22, s.38-39]. Sisianovun öldürülməsinlən sonra rus qoşunlarının vəziyyəti ağırlaşdı. Xanların çoxu tərəddüd etməyə başladı. 1806-cı ilin yazında Qacar qoşunları yenidən fəallaşdı və Arazı keçərək Qarabağa yeridi. İyunda Ağdamda ruslar Qacar qoşununu sıxışdırdı və Əsgəranı tutaraq Şuşaya doğru irəlilədi [9, s.237].
Şahzadə Abbas Mirzə İbrahimxəlil xanı öz tərəfinə çəkmək üçün elçilərini onun yanına göndərdi. İbrahimxəlil xan ailəsinin təhlükəsizliyini təmin etmək üçün Şuşa qalası yaxınlığındakı Xankəndinə köçdü. O, artıq ruslara qarşı Qacarlarla ittifaq qurmaq istəyirdi. Rus qoşunlarının komandiri mayor Lisaneviç bunu hiss edərək, xain basqın təşkil etdi, iyunun 12-də onu ailə üzvləri və yaxınları ilə birlikdə qətlə yetirdi. Bu hadisə bir çox xanların Rusiyadan üz döndərməsinə səbəb oldu. Amma ruslara ciddi müqavimət göstərmək artıq mümkün deyildi. Qarabağ xanlığı Rusiyadan asılı vəziyyətdə qaldı, İbrahim xanın oğlu Mehdiqulu yeni xan təyin edildi [17, s.124-134]. 1806-cı ilin iyununda rus qoşunları Quba xanlığına tabe olan Dərbəndə yaxınlaşdı və oranı tutdular. Sonra onlar Bakıya doğru yönəldilər. 1806-cı ilin sentyabrında Bakı xanlığı Rusiyaya tabe edildi. Rus qoşunları bundan sonra Quba şəhəri istiqamətində hərəkət etdi. 1806-cı ilin noyabrında ruslar şəhərə daxil oldular. Rusiya rəhbərliyi xanlığın ləğv olunduğunu elan etdi. Lakin Şeyxəli xan müxtəlif kəndlərdə yaşamaqla, faktiki olaraq xanlığı idarə edir, ruslara qarşı mübarizə aparırdı. Bu mübarizə 1819-cu ilə qədər davam etdi. Həmin ilin avqustunda baş verən döyüşdə Şeyxəli xan məğlub oldu və dağlara çəkildi. Onun 1821-ci ildə vəfat etdiyi, Balakəndə dəfn olunduğu güman edilir. [11, s.216-229; 2, s.189-193].
 
Beləliklə, 1806-cı ilin sonunda Lənkəran, İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla, Azərbaycanın şimal ərazisi Rusiya tərəfindən işğal edildi.
 
Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsi Türkiyə, Fransa və İngiltərəni narahat edirdi. 1806-cı ilin sonunda Türkiyə Rusiyaya qarşı müharibəyə başladı. Osmanlı-Rusiya müharibəsi (1806-1812) Cənubi Qafqaz və Moldova-Valaxiya ərazilərində bu və ya digər tərəfin üstünlüyü ilə davam etdi [24]. 1810-cu ilin avqustunda Qacarlar və Osmanlı arasında Rusiya əleyhinə hərbi ittifaq bağlandı. 1812-ci ilin əvvəllərində 20 minlik Qacar ordusu Qarabağa daxil oldu. O, Şahbulaq və Sultanbud tərəfə irəlilədi. Böyük miqdarda artilleriyaya malik olan şah qoşunları rus qarnizonunu mühasirəyə aldılar və asan qələbə qazandılar. Bununla Abbas Mirzə müəyyən üstünlük əldə etdi.
 
 Rus qoşunları rus-türk müharibəsinin Qafqaz və Balkan cəbhələrində bir sıra qələbələr qazandı. M.I.Kutuzovun komandanlığı altında Balkanlardakı qələbə xüsusən təsiredici idi və bu da Türkiyəni sülh istəməyə məcbur etdi. 1812-ci ilin mayında Buxarestdə Rusiya və Türkiyə arasında sülh müqaviləsi bağlandı. Bu müqaviləyə görə Türkiyə Cənubi Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən işğal olunmasını təsdiq etdi [29, s.163-164]. 1812-ci ilin yayında Napoleon Fransası ilə Rusiya arasında müharibə başlandı. Abbas Mirzə rus ordusunun əsas qüvvələrinin Napoleona qarşı yönəlməsindən istifadə edərək öz ordusunu Cənubi Qafqaz üzərinə yeritdi. Avqustda Qacar qoşunu Lənkəranı tutdu. Abbas Mirəzənin komandanlığı altında 30 minlik ordu Aslandüz (indiki İranın Ərdəbil vilayətində şəhər, Azərbaycanın Horadiz qəsəbəsi ilə üzbəüz) yaxınlığında Araz sahilində cəmləşdi. Lakin Abbas Mirzənin planları həyata keçmədi. Rus qoşunları 1812-ci ilin oktyabrında Aslandüz döyüşündə qalib gəldi. Rus qoşunları sonra Lənkəran istiqamətində hərəkət etdi, 1813-cü il yanvarın əvvəlinə qədər Muğan və Lənkəranı nəzarətə götürdü [29, s.165-167]. Bundan sonra Qarabağda, Gülüstan kəndində (Azərbaycanın Goranboy rayonunda kənd) danışıqlar başladı və 1813-cü il oktyabrın 12-də sülh müqaviləsi imzalanması ilə başa çatdı. Gülüstan müqaviləsinə görə, Qacar hökuməti Rusiyanın qələbəsini, Gəncə, Qarabağ, Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Lənkəran xanlıqlarının ərazisinin, habelə Şərqi Gürcüstanın Rusiyanın ixtiyarına keçməsini tanıdı. İrəvan və Naxçıvan xanlıqları müstəqilliyini saxladı. Qacarlar Rusiyaının Xəzər dənizində hərbi gəmilər saxlamaq barədə hüququnu tanıdı [5]. Beləliklə, ikinci Azərbaycan-Rusiya müharibəsi şimal torpaqlarımızda 10 il ərzində davam etdi. Bu müharibədə Şimali Azərbaycan xanlıqları əsas tərəf kimi çıxış etdi, Azərbaycanın cənub torpaqlarını öz hakimiyyəti altında birləşdirərək Qacarlar isə fəal şəkildə müharibənin gedişinə müdaxilə etdilər, lakin uğur qazana bilmədilər. Rusiya torpaqlarımızın işğalı ilə bağlı müqavilələri Şimali Azərbaycan xanları ilə imzaladı. Sonda Osmanlı dövləti Buxarest, Qacar dövləti isə Gülüstan müqavilələri ilə rus işğalının nəticələrini tanıdılar.
 
Rusiya qələbədən sonra xanlıqların daxili müstəqilliklərini də ləğv etməyə başladı. Rusiyaya silahlı müqavimət göstərmiş xanlıqlar (Gəncə, Quba, Dərbənd, Bakı) dərhal ləğv edildi. 1819-cu ildə Şəki xanlığı ləğv edildi. Qarabağ xanı Mehdiqulu xan 1822-ci ildə hakimiyyətdən imtina edərək Qacarların tərəfinə keçdi. Rusiya hökuməti bundan bəhanə kimi istifadə edərək xanlığı ləğv etdi. Mehdiqulu xan 1826-cı ildə özünü yenidən Qarabağ xanı elan etdi, 1827-ci ildə Mirzə Adıgözəl bəyin vasitəçiliyi ilə Qarabağa qayıtmaq icazəsi aldı, Şahbulaq yaxınlığında yaşadı, 1845-ci ildə vəfat etdi. Ağdamda “İmarət” məzarlığında dəfn edildi [10]. 1826-cı ildə Lənkəran xanlığının da varlığına son qoyuldu. Beləliklə, Şimali Azərbaycanda rus müstəmləkə rejimi hökm sürməyə başladı. Bu vaxtdan etibarən, Rusiya mənbələrində Azərbaycanın Araz çayından cənuba doğru əraziləri Persiya (İran) və ya Qacarlar dövləti, şimala doğru əraziləri isə Azərbaycan adlandırıldı. Bu yanaşma tədricən Avropada da qəbul edildi.
 
Azərbaycan xanları Rusiya işğalı ilə barışmır, Qacarlarla birlikdə yeni müharibəyə hazırlaşırdı. Rusiya isə Azərbaycanın bütün ərazilərini zəbt etmək istəyirdi. Hər iki tərəfin təşəbbüsü ilə 1826-cı ildə üçüncü Azərbaycan-Rusiya müharibəsi (1826-1828-ci illər) başlandı. 1826-cı ilin iyulunda Abbas Mirzənin 60 minlik ordusu Şimali Azərbaycana daxil oldu [23]. Ordunun bir hissəsi Gəncəyə tərəf hərəkət etdi. Digər əsas qüvvələr Şuşa üzərinə yeridildi. Qacar odusu Gəncəli Cavad xanın oğlu Uğurlu xan, Bakılı Hüseynqulu xan, Şirvanlı Mustafa xan, Qarabağlı Mehdiqulu xan və başqaları da gəlirdilər. Qarabağda bəy qrupları öz fəallığını artırırdı. İrəvan xanı rus odusunun düşərgə saldığı rayona böyük atlı dəstəsi ilə hücum etdi. Əhali Rusiya əleyhinə üsyanlar qaldırdı. Belə üsyanlardan biri Gəncədə baş verdi. Bu çıxışın iştirakçıları iyulda həbsxananı ələ keçirdilər, yerli qarnizonu darmadağın etdilər. Şəhər Abbas Mirzə və Uğurlu xanın qoşunu tərəfindən tutuldu. Hərbi əməliyyatlar Şimali Azərbaycanın demək olar ki, bütün ərazisini əhatə etdi. Qoşunlarımız bütün Qarabağ mahallarını tutaraq Şuşa qalasını mühasirəyə aldı. Hüseynqulu xan böyük bir dəstə ilə Bakı qalasını dənizdən və qurudan mühasirə etdi. Mustafa xan yeni Şamaxını ələ keçirməyə müvəffəq oldu. Bütün əhalinin köməyinə baxmayaraq, o, köhnə Şamaxını ələ keçirə bilmədi. Elə həmin vaxt şəkili Səlim xanın oğlu Hüseyn xan Şəki xanlığına daxil oldu. Mirhəsən xan Lənkəranı azad etdi [9, s.247]. Qacar ordusunun və yerli xanların dəstələri Gəncəni tutduqdan sonra Tiflisə tərəf hərəkət etdi. 1826-cı il sentyabrın əvvəlində Şəmkir yaxınlığında qanlı döyüş oldu. Bu döyüşdə Azərbaycan-Qacar qoşunları məğlub oldu və tələsik Gəncədən geri çəkildi [1, s.46].
 
 1826-cı il sentyabrın ortalarında qoşunlarımız yenidən Gəncə üzərinə hücuma başladı. Amansız döyüş baş verdi. Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy bu döyüş haqqında yazırdı: “Səhər vaxtı sərdar Paskeviç və general Mədətov qoşunlarına nizam verib Şeyx Nizami türbəsinə yaxınlaşdılar. Qızılbaş qoşunu ilə üz-üzə gəldilər. Burada böyük bir müharibə oldu. Bir saatdan sonra qızılbaşlar basıldılar” [7, s.95]. Abbas Mirzənin qoşununun qalıqları tələsik Qarabağdan keçərək cənuba, Arazın o tayına çəkildi [12, s.240].
 Hərbi əməliyyatlar 1827-ci ilin yazında yenidən başlandı. Apreldə rus qoşunları iki istiqamətdə irəliləməyə başladı. Dəstələrdən biri Xudafərin körpüsünü ələ keçirdi, Cənubi Azərbaycana yol açıldı. Əlahiddə Qafqaz korpusunun əsas qüvvələri İrəvan qalasına yaxınlaşaraq onu mühasirəyə aldı. Lakin İrəvanda müvəffəqiyyət qazana bilmədiyindən rus komandanlığı qoşununu Naxçıvan üzərinə yeritdi. 1827-ci ilin mayında rus qoşunu döyüşlərlə Naxçıvanı ələ keçirdi, müdafiəyə rəhbərlik edən Məhəmmədəmin xan qalanın açarlarını ruslara təhvil verdi [26, s.57]. Rus qoşunları avqustun sonlarında yenidən İrəvana yaxınlaşdı, Sərdarabad qalasını mühasirəyə aldı. Sentyabrda Sərdarabad qalası süqut etdi. İrəvan xanlığı əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət idi. General İ.Paskeviçin yazdığı kimi, “İrəvan vilayətində 10 min müsəlman (azərbaycanlı – Red.) və ancaq 3 min erməni ailəsi var idi” [4]. İrəvan şəhəri rus qoşunlarının komandanı general Paskeviçin təkidli tələblərinə baxmayaraq təslim olmadı. İrəvanlı Həsən xan inadla müdafiəni davam etdirirdi. Paskeviçin əmri ilə 40 topdan 1000-dən artıq mərmi yağdırıldı. Şəhər od-alov içində yanmağa başladı [8, s.242-243]. Oktyabrın 1-də şəhər süqut etdi, ruslar şəhərə daxil oldu. Həsən xan və digər hərbi rəhbərlər əsir düşdülər (Həsən xan sonra geri qaytarıldı) [8, s.243-244]. Bu vaxta qədər Cənubi Azərbaycanın sərhədlərində dayanan rus qoşunu ölkənin içərilərinə doğru irəliləməyə başladı. Oktyabrın əvvəlində Mərənd, Xoy, Təbrizi ruslar ələ keçirdi [28]. 1828-ci ilin yanvarında Paskeviç rus qoşununa Ərdəbil və Tehran istiqamətndə hərəkət etməyi əmr etdi. Rus qoşunları yanvarda Urmiyanı, fevralın əvvəlində isə Ərdəbili tutdular [19, s.26]. 1828-ci il fevralın 6-da Təbriz yaxınlığındakı Türkmənçay kəndində Abbas Mirzə ilə Paskeviç arasında sülh danışıqları başlandı. Rusiya hökuməti Paskeviçin qarşısında şahdan Cənubi Azərbaycan ərazisinin də Rusiyaya birləşdirilməsini tələb etmək vəzifəsini qoymuşdu. Danışıqların iştirakçısı, diplomat A.S.Qriboyedov da Cənubi Azərbaycan ərazisinin Rusiyaya birləşdirilməsi fikrinə tərəfdar çıxdı [18]. Britaniya Cənubi Azərbaycanın rus qoşunları tərəfindən tutulacağından qorxurdu və bütün gücünü ona sərf edirdi ki, Rusiya özünün Cənubi Azərbaycana olan iddialarından əl çəksin. Türkiyə ilə yaxınlaşmaqda olan müharibə təhlükəsi şəraitində çar hökuməti sülh müqaviləsi bağlamağa tələsdi. Müqavilə 1828-ci il fevralın 10-da (22-də) imzalandı. Türkmənçay sülh müqaviləsinə görə, Qacarlar dövləti Şimali Azərbaycana olan iddialarından əl çəkir, onun üzərində Rusiya hakimiyyətini tanıyırdı.
 
Bu vaxt Rusiya ilə Türkiyə arasında münasibətlər kəskin şəkildə pisləşdi. Xəzərdən sonra çar Rusiyası öz qarşısına Qara dənizi, ilk növbədə Qara dənizdə hökmranlığın açarı hesab edilən Bosfor və Dardanel boğazlarını ələ keçimək vəzifəsini qoymuşdu. 1828-ci ilin aprelində Rusiya Türkiyəyə müharibə elan etdi. Qafqaz hərbi əməliyyatları rus qoşunlarının Qars istiqamətində hücumu ilə başlandı. Qarsı tutduqdan sonra Ahalsıxı ələ keçirdilər. Avqustun sonlarına qədər rus qoşunları Bəyazid qalası ilə birlikdə bütün Bəyazid paşalığını ələ keçirdi [19, s.31]. 1829-cu il hərbi əməliyyatlarının gedişində rus qoşunu Ərzrumu ələ keçirdi. Balkan hərbi əməliyyat meydanında isə rus qoşunları Ədirnəni ələ keçirdi və İstanbula yaxınlaşdı. Sultan II Mahmud (1808-1839) sülh xahiş etməyə məcbur oldu. 1829-cu ilin sentyabrında Ədirnədə bağlanan sülh müqaviləsinə görə, Türkiyə Qara dənizin bütün şərq sahillərini Rusiyaya güzəştə getdi. Bosfor və Dardanel boğazları rus və Qərbi Avropa ticarət gəmiləri üçün açıq elan edildi. Ədirnə sülhü Şimali Azərbaycanın, bütün Cənubi Qafqazın Rusiya tərəfindən zəbt ounmasını təsbit etdi [16]. Rusiya bu müharibələr nəticəsində Şimali Azərbaycan xanlarının son müqavimət cəhdlərini aradan qaldırdı, xanları ağır döyüşlərdə məğlub etdi, torpaqlarımızı işğal etdi, həmçinin Qacar və Osmanlıların bu ərazilərə iddialarından imtina etmələrinə nail oldu.
 
Beləliklə, Rusiya işğalları ilə Azərbaycan dövlət müstəqilliyini itirdi. Azərbaycan ərazisi müharibə nəticəsində zorla iki hissəyə bölündü. Bu tarixi ədalətizlik nəticəsində vahid xalq bölündü və onların hər biri fərqli sosial-iqtisadi, siyasi və mədəni mühitdə inkişafını davam etdirməli oldu…
 
Ədəbiyyat:
 
1. Azərbaycan tarixi. 7 cilddə, IV cild (XIII-XVIII əsrlər). Bakı, “Elm”, 2007.
 
2. Bakıxanov A.A. Gülüstani-İrəm, Bakı, “Minarə”, 2000.
 
3. Əlibəyli Ə. “Erməni arvadı Cavad xanı necə öldürtdü?- publika.az/news/bilsi/ 31173.html.
 
4. Əliyeva F. İrəvan xanlığı.- “Azərbaycan” qəzeti, 2009, 18 mart, s.6.
 
5. Gülüstan müqaviləsi-Tam mətn.- oxu.az/politics/47033.
 
6. “İran” adlı “ölkə” Əfqanıstanda yerləşib.- Məmmədli P.- axar.az/news/layiheler/ 778825.html.
 
7. Qarabağnamələr, I kitab. Bakı, “Şərq-Qərb”, 2006.
 
8. Qarayev E. Azərbaycanın İrəvan bölgəsinin tarixindən (XVII yüzilliyin sonu-XIX yüzilliyin ortaları). Bakı, “Mütərcim”, 2016.
 
9. Qəniyev H. Azərbaycan tarixi (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək). Ali Məktəblər üçün dərslik. Bakı, “Elm və Təhsil” nəşriyyatı, 2019.
 
10. Mehdiqulu xan Cavanşir.- axtar.len.az/?q=Mehdiqulu_xan_Cavanşir.
 
11. Mustafazadə T. Quba xanlığı. Bakı, “Elm”, 2005.
 
12. Nuriyeva İ. Azərbaycan tarixi (ən qədim dövrlərdən zəmanəmizədək). Texniki Ali Məktəblər üçün dərslik. Bakı, “Elm və Təhsil”, 2019.
 
13. Azerbaijan x. Azeri Turkish Literature. Encyclopaedia Iranica.- web.archive.org/web/ 20130201033259/  //www.iranicaonline.org/articles/azerbaijan-x.
 
14. Bournoutian G. “The Khanate of Erevan Under Qajar Rule, 1795-1828. Persian Studies Series, number 13, Bibliotheca Persia, Iran Center, Columbia University, New York, 1992.
 
15. Katouzian H. “Iranian history and politics”. Published by Routlendge, 2003.
 
16. Spencer C. Tucker, ed. A Global Chronology of Conflict: From the Ancient World to the Modern Middle East. ABC-CLIO. 2010, s.1154.
 
17. Абасов Ф. Гарабагское ханство. Баку, «Тахсил», 2007.
 
18. Адыгезалов Г. «Литературный Азербайджан» о связах А.С.Грибоедова с Азербайджаном.- azerhistory.com/?p=30622.
 
19. Аллен У., Муратов П. Битвы за Кавказ. История войн на турецко-кавказском фронте. 1828-1921. Пер. с англ. Е.В.Ламановой. Москва, Центрполиграф, 2016.
 
20. Большая Российская энциклопедия. (в35т). Москва, изд. БРЭ, 2015.
 
21. Гарабаг: Кюрекчайский договор-200/ Под.ред. Г.Н.Мамедовой и Ф.Г.Вахабовой. Баку, «Тахсил», 2005.
 
22. Ибрагимбейли Х.М. Россия и Азербайджан в первой трети XIX века. (Из военно-политической истории). Москва, «Наука», 1969.
 
23. История русской армии и флота. Москва, изд. «Образование», Т.6, 1911, s.61.- runivers.ru/bookreader/book9717/#page/66/mode/1up.
 
24. Краткий курс истории. Русско-Турецкая война 1806-1812 годов.- histrf.ru/read/ articles/kratkii-kurs-istorii-russko-turetskaia-voina-1806-1812-ghgh.
 
25. Лапин В.В. Цицианов. Москва, «Молодая гвардия», 2011.
 
26. Нагдалиев Ф. Ханы Нахичеванские в Российской империи. Москва, «Новый аргумент», 2006.
 
27. Новая история Ирана. Хрестоматия. Москва, изд. «Наука», 1988.
 
28. Русско-иранские войны.- histrf.ru/read/articles/russko-iranskiie-voiny.
 
29. Фадеев А.В. Россия и Кавказ первой трети XIX в. Москва, изд. АН ССР, 1960.
 
Link kopyalandı!
Son xəbərlər