“O,  daha çox Avropa dəyərlərinə üstünlük verir, Rusiyaya qarşı İngiltərə və Fransa ilə münasibət qururdu...”
Elm və Təhsil
6384
20 May 2024 | 21:07

“O,  daha çox Avropa dəyərlərinə üstünlük verir, Rusiyaya qarşı İngiltərə və Fransa ilə münasibət qururdu...”

“Fətəli xan və digər Azərbaycan xanları həmin vaxt Rusiyanın əsil niyyətlərini, onun mürtəce, işğalçı siyasətinin mahiyyətini bilmir, bu qonşu dövlətin köməyi ilə köhnə qaydalardan uzaqlaşıb, yeni tipli Azərbaycan dövləti quracaqlarına inanırdılar...”
 
“II Yekaterina hökuməti Rusiya təbəəliyini qəbul etmək istəyən xanların səylərini rəğbətlə qarşılayırdı...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada: )
 
Ağa Məhəmməd xan Qacarla Fətəli xan Qubalının fəaliyyətindən kimlər narahat idi?..- AKİF NAĞIDAN TARİXİMİZƏ FƏRQLİ BAXIŞ-  XXXII mövzu
 
Vahid Azərbaycan dövlətinin bərpa edilməsi uğrunda mübarizə...
 
 XVIII əsrin ikinci yarısında Rusiyanın Qafqaza marağı daha da artmışdı. Rusiyanın Cənubi Qafqaz, Xəzər hövzəsini ələ keçirmək üçün xüsusi planı var idi. Eyni zamanda Türkiyə də fəallaşmışdı. 1768-74-cü illərdə Türkiyə-Rusiya müharibəsi dövründə Türkiyə Sultanı III Mustafa öz elçilərini Azərbaycan və Dağıstana göndərir, müxtəlif vədlərlə yerli hakimləri öz tərəfınə çəkməyə çalışır, onları Rusiyaya qarşı birgə mübarizəyə çağırırdı. Türkiyə Azərbaycanın ən güclü siyasi lideri Fətəli xanı öz tərəfinə çəkməyə daha çox cəhd edirdi. Türkiyə nümayəndəsi Fətəli xanın yanına gəlmiş, onu Rusiyaya qarşı çıxmağa təhrik etmişdi. Lakin Fətəli xan bu təklifı qəbul etməmişdi. 1769-cu ildə Bakıda olan rus konsulu öz hökumətinə bildirmişdi ki, Fətəli xan Rusiyaya qarşı müharibədə Türkiyəyə kömək təklifini qəbul etmədi və onun hədiyyələrini almadı. Fətəli xanın simasında özünə müttəfiq qazanmaq istəyən Kərim xan Zənd 1774-cü ildə çoxlu hədiyyələrlə elçi göndərmişdi. Lakin Fətəli xan hədiyyələri qəbul etmədi və onun da təkliflni rədd etdi [6, s.220].
 
 Fətəli xan və digər Azərbaycan xanları həmin vaxt Rusiyanın əsil niyyətlərini, onun mürtəce, işğalçı siyasətinin mahiyyətini bilmir, bu qonşu dövlətin köməyi ilə köhnə qaydalardan uzaqlaşıb, yeni tipli Azərbaycan dövləti quracaqlarına inanırdılar. Azərbaycanın siyasi liderləri Rusiyanı Avropada gedən mütərəqqi proseslərin, dindən ayrı milli dövlət quruculuğunun təmsilçisi kimi qəbul edirdi. Bu mənada Nadir şah Əfşarın din və dövlətin münasibətinə dair mövqeyi diqqətə çatdırılmalıdır. O, dinə hörmətlə yanaşır, eyni zamanda məzhəb qarşıdurmasını aradan qaldırmağa, hətta islam və xristian dinlərini barışdırmağa çalışırdı. Bu, siyasi pərakəndəlik, xanlıqlar dövründəki yeni xəttin, yeni tarixi dövrün ilk əlamətlərini təşkil edirdi. Fransalı Napoleon Nadir şaha fatehliyi ilə yanaşı, həm də yenilik tərəfdarı olduğuna görə pərəstiş edirdi. Deyilənlərdən çıxış edən Fətəli xan Rusiyanın köməyinə arxalanaraq, yeni qaydalar əsasında Azərbaycan torpaqlarını birləşdirməyə çalışırdı. O, bu istiqamətdə müəyyən nəticəyə nail oldu, 70-ci illər üçün Şimali Azərbaycan ərazilərinin yarısını nəzarətə götürdü [7, s.115]. Cənubi Azərbaycanda da bəzi milli qüvvələr, xüsusilə, Səfəvi sülaləsinin nümayəndələri Fətəli xanın yanına nümayəndələr göndərir, dəstəyini qazanmağa çalışırdı [12, s.188-189; 2, s.191]. Rusiyanın regiona göndərdiyi kəşfiyyatçıların qənaətinə görə, Fətəli xan Qarabağ xanlığını tutmaq, Azərbaycanın Arazdan cənuba doğru torpaqlarına daxil olmaq, Kərim xan Zənd və digərlərini məğlub etmək üçün planlar qurur, qüvvə toplayırdı. O, həmçinin Cənubi Dağıstanı da tam şəkildə tabe etmək fikrində idi [7, s.117-118; 12, s.516,521]. Fətəli xan 1780-1783-cü illərdə bir neçə dəfə Qarabağa yürüş etdi, Ağdam, Şuşa ətrafına çatdı, lakin istəklərinə nail ola bilmədi [7, s.143]. Fətəli xan Gürcüstanı da nəzarətə götürməyə çalışır, bunun üçün gürcü şahzadələrinin daxili ixtilaflarından istifadə edirdi. Bu mənada hakimiyyətə iddialı şahzadə Aleksandrı himayə edir, yanında saxlayır, Gürcüstana yürüşə hazırlaşırdı. Lakin Rusiyanın 1783-cü ildə Krımı ilhaq etməsi (Krım e.ə. VII əsrdən başlayaraq kimmeri, skif-iskit, yunan, hun, xəzər və digərlərinin nəzarətində olub. XIII əsrdə moğolların (Qızıl Ordanın), XV əsrdən isə Osmanlı Türkiyəsinin himayəsi altında olub. 1441-1783-cü illər ərzində Krım-Tatar xanlığı olaraq Osmanlının vassal asılılığında olub. Bu xanlıq 1441-ci ildə Çingiz xanın oğlu Cuçinin nəslindən olan Hacı Gəray tərəfindən quruldu. Xanlıq Türkiyənin ali hakimiyyətini qəbul etməklə, kifayət qədər müstəqil xarici siyasət yeridirdi. Hətta 1521-ci ildə Mehmet Gəray Moskvanı tutaraq rusları özündən asılı vəziyyətə saldı, Moskva knyazlığı onlara vergi ödəyirdi. 1571-ci ildə isə I Dövlət Gəray Moskvanı tutaraq yandırdı. Bu vəziyyət I Pyotrun hakimiyyətə gəlişinə qədər davam etdi. Krım tatarları həmçinin Avropaya yürüşlər təşkil edirdilər. Sonrakı illərdə Krım xanlığı tədricən zəiflədi. 1768-1774-cü illər Türkiyə-Rusiya müharibəsində Krım yarımadası ruslar tərəfindən işğal edildi (1771-ci il). 1774-cü ildə Rusiya ilə Türkiyə arasında imzalanmış Kiçik Qaynarca sülhünə görə Krım xanlığı Türkiyənin təsirindən çıxaraq, müstəqil oldu. 1777-ci ildə ruspərəst Şahin Gəray hakimiyyətə gəldi və 1783-cü ildə Rusiya hakimiyyəti altına keçdi. Az sonra Şahin Gəray səhvini başa düşdü, İstanbula gedərək yenidən Türkiyəyə sığındı, amma əfv olunmadı, Rodos adasına sürgün edildi, orada da öldü. Türkiyə 1792-ci ildə Yassı müqaviləsi ilə Krımın Rusiyaya birləşdirilməsini qəbul etdi. Krım xanlığının paytaxtı Bağçasaray şəhəri olmuşdur. Krım yarımadası 1954-cü ilə qədər Rusiyanın tərkibində olmuş, həmin il sovet rəhbərliyinin qərarı ilə Ukraynaya verilmiş, 2014-cü ildə yenidən Rusiya tərəfindən ilhaq edilmişdir.) və həmin ilin yayında Georgiyevsk müqaviləsi ilə Şərqi Gürcüstanın Rusiya himayəsinə qəbul edilməsi ilə bu plan yarımçıq qaldı [14, s.142-144]. Ona görə də Rusiya hökuməti Fətəli xanın qüvvətlənməsi ilə razılaşmırdı. Hətta II Yekaterina 1775-ci ildə Fətəli xanın köməyinə göndərilmiş rus ordusunun geri çəkilməsini tələb etdi. 1784-cü ildə Fətəli xanın Ərdəbili tutması rus çarını narahat etdi. Lakin buna baxmayaraq Fətəli xan Rusiyaya meylində ardıcıl siyasət yeridirdi [6, s.221].
Qarabağlı İbrahim xan da eyni səbəbdən Rusiya ilə yaxınlaşmağa çalışırdı. 1784-cü üdə İbrahim xan məktubla II Yekaterinaya müraciət etdi və Peterburqa nümayəndə heyəti göndərərək Qarabağ xanlığının Rusiya təbəəliyinə qəbul edilməsini xahiş etdi [8, s.208]. Lakin İbrahim xan Rusiyaya o qədər də inanmır və onunla münasibətdə ardıcıl deyildi.
 
Kərim xan Zəndin (1759-1779) ölümündən sonra Qacarlar daha fəal oldular. Ağa Məhəmməd xan (1742-1797) Qacar 1792-ci ilə qədər Azərbaycanın Arazdan cənuba doğru bütün ərazilərini öz hakimiyyəti altında birləşdirdi. Ağa Məhəmməd xan Qacar qəddar, qəzəbli hökmdar kimi tanınırdı. İnsanlara xüsusi işgəncə verməkdən, o cümlədən, burun, qulaqlarını kəsdirməkdən zövq alırdı. Bu, onun uşaq vaxtı Kərim xan Zənd tərəfindən qəddarlığa məruz qalması, axtalanmasının  buraxdığı izlərlə bağlı idi [1, s.40]. O, özünün və atasının qisasını Kərim xan Zəndin qəbrindən aldı. 1792-ci ildə Şiraz şəhərini tutarkən onun qəbrini qazdırmış, nəşini Tehrana aparmış, oradakı sarayının ayaqyolusunun girişində basdırmışdı [15, s.11]. Ağa Məhəmməd xan (şah) Qacarın mənfi obrazının yaradılması müəyyən ideoloji  tezislərlə bağlı olmuşdur. Onun bəzi hallarda xüsusi qəddarlığını inkar etmək olmaz, amma bu, onun tam obrazı deyildir. O, kifayət qədər müsbət, mütailəli, ədəbiyyatı, incəsənəti sevən, ağıllı dövlət adamı və cəsarətli sərkərdə olmuşdur. O, ilahiyyat, fəlsəfə, riyaziyyat, astronomiya, poeziya sahələrində dərin biliyə malik idi. O, dünyanın mütərəqqi ideyaları ilə tanış idi, bu ideyalara müsbət yanaşır, amma əvvəlki üsul-idarədən, köhnə mövqedən tam ayrıla bilmirdi. Ən əsası isə, onun fəaliyyəti Səfəvilər və Əfşarların dövründəki Azərbaycan dövlətinin bərpa olunmasına yönəlmişdi. O, türk oğlu türk və türk ideallarının daşıyıcısı idi. O, Azərbaycanın şimal hissəsini də birləşdirmək üçün hərəkətə keçdi. Azərbaycan xanlarına məktublar göndərərək, onun hakimiyyətini qəbul etmələrini tələb etdi. O, daha çox Avropa dəyərlərinə üstünlük verir, Rusiyaya qarşı İngiltərə və Fransa ilə münasibət qururdu. Rusiyanın Şərqdəki siyasətinə mane olmaq üçün İngiltərə və Fransa ona kömək edir, Orduları yenidən qurmaq üçün təlimatçılar göndərirdilər.
 
1795-ci ilin yayında Qacar 85 minlik qoşunla Qarabağa hücum etdi. II İrakli Qarabağ xanlığı ilə ittifaqa girdi. Bu ittifaqa Talış və İrəvan xanları da qoşuldular. Qacar Şuşa şəhərini mühasirəyə aldı [5, s.257]. Şuşanın müdafiəsi 33 gün davam etdi. Qacar qoşunlarının sayı azalmış, bütün topları sıradan çıxarıldı. Ağa Məhəmməd xan Şuşada qoşunlarının tamamilə darmadağın ediləcəyindən ehtiyat edərək deyirdi: “Zərərin yarısından da qayıtmaq mənfəətdir. Müsibətlə dolu olan bu təhlükəli yerdə at başı qaytarmaq nicat xəzinəsinin açarıdır. Yoxsa çox çəkməz, bütün qoşunumuz və heyvanlarımız dərin xunxarlıq dəryasında məhv olub gedər” [3, s.59-60].
 
 Gəncəli Cavad xan Ağa Məhəmməd xanın düşərgəsinə gəldi və onun himayəsini qəbul etdi. O, Gəncədə hakimiyyətini möhkəmlətmək üçün Qacardan istifadə etməyə çahşırdı. Cavad xan Şuşanın mühasirəsindən əl çəkməyi və Tiflisə hücum etməyi Ağa Məhəmməd xana təklif etdi. Onlara Səki hakimi Məhəmmədhəsən xan da qoşuldu. 1795-ci ilin sentyabrında Qacar qoşunları şiddətli vuruşmadan sonra Tiflisə daxil oldular. Şəhərə od vurulub yandırıldı. Qacar ordusu Gürcüstanı taladıqdan sonra 1795-ci ilin payızında Azərbaycana qayıtdı və Muğan düzündə düşərgə saldı [4, s.103-104].
 Ağa Məhəmməd xan Muğanda qışladıqdan sonra yazda yenidən Şuşaya hücum etməyi planlaşdırdı. Lakin cənubda baş verən üsyan onu geri çəkilməyə məcbur etdi. 1796-cı ilin yazında Ağa Məhəmməd xan mərkəz olaraq seçdiyi Tehrana qayıtdı və özünü şah elan etdi. O, 1796-cı ildə taxta çıxdığı zaman tacqoyma mərasimini Nadir şah kimi türklərin yaşadığı Muğanda həyata keçirdi. O, başına Nadir şahın tacını qoymadı, özünü o taca layiq bilmədi ki, hələ Azərbaycanın bütün ərazilərini birləşdirə bilməyib. O, Azərbaycan dövlətçiliyinin davamçısı olduğunu daha bir hadisə ilə nümayiş etdirdi. Tacqoyma mərasiminə Ərdəbildən Azərbaycan Səfəvilərinə məxsus qılınc və kəmər gətirildi [13, s.33]. Ağa Məhəmməd şah və ondan sonra Fətəli şahın dövründə Azərbaycanın Təbriz şəhərinə xüsusi rol ayrıldı, bu şəhər vəliəhd, şahzadə şəhərinə, dövlətin ikinci siyasi mərkəzinə çevrildi. Vəliəhd Abbas Mirzə ilk olaraq Təbrizdə oturdu və bu ənənə sonralar davam etdirildi. Bu, o demək idi ki, dövlətin başına keçəcək şahzadələr “Təbrizdə böyüyür və türk mühitində tərbiyə alırdılar” [10, s.116-117]. Ağa Məhəmməd şahın bir təşəbbüsü də qeyd olunmalıdır. “Qacar Yasası”na, qanununa görə, hakimiyyətə gələcək şahzadənin atası ilə yanaşı, anası da Qacarlara mənsub olmalı idi [9, s.6-7]. Bu dövlət rəhbərliyində türkçülüyün qorunub saxlanılmasına xidmət edirdi.
 
Ağa Məhəmməd şahın Cənubi Qafqaza hücumu Rusiyanı narahat edir və burada onun mənafeyinə toxunurdu. II Yekaterina hökuməti Rusiya təbəəliyini qəbul etmək istəyən xanların səylərini rəğbətlə qarşılayırdı. 1796-cı ilin aprelində Valerian Zubovun komandanlığı ilə 12 minlik rus qoşunu Dərbəndə yaxınlaşdı. Qubalı Şeyxəli xan müqavimət göstərməyə cəhd etsə də, nail olmadı və rus qoşunları Dərbəndi tutdu. Dərbəndin idarə edilməsi Fətəli xanın qızı Pəricahan xanıma tapşırıldı [14, s.179-180].
 
 1797-ci ilin yazında Qacar qoşunları yenidən Qarabağa hücum etdi. O zaman Qarabağda baş vermiş quraqlıq vəziyyəti ağırlaşdırmışdı. Mirzə Camal göstərir ki, İbrahim xan yaxın adamları ilə Car və Tala tərəfə getdi. Burada Gürcüstan və Dağıstandan qüvvə toplamaq istəyirdi. Şuşanın müdafıəsi özbaşına buraxıldığından Qacar qoşunları şəhəri tutdu. Lakin şah öz xidmətçiləri Səfərəli və Abbas bəy tərəfindən 1797-ci il iyunun 17-də yatağında öldürüldü [11, s.37]. Qacar qoşunları çəkilib getdi. Qacarlar Azərbaycanın şimal torpaqlarında möhkəmlənə bilmədilər. Rusiya da hakimiyyət dəyişikliyi ilə bağlı müvəqqəti geri çəkilməli oldu.
 
 Ədəbiyyat:
 
1. Ağaoğlu Ə. İran və İnqilabı. Bakı, “Azərnəşr”, 2009.
 
2. Azərbaycan tarixi. S.Əliyarlının redaktəsi ilə. Bakı, “Elm”, 1993.
 
3. Hacıyeva Z. Qarabağ xanlığı: sosial-iqtisadi münasibətlər və dövlət quruluşu. Bakı, “Təhsil”, 2007.
 
4. Hüseynov Y. “Qarabağnamələr” Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi. Bakı, “Mütərcim”, 2007.
 
5. Qarabağnamələr, II kitab. Bakı, “Şərq-Qərb”, 2006.
 
6. Qəniyev H. Azərbaycan tarixi. Bakı, “Elm və Təhsil”, 2019.
 
7. Mustafazadə T. Quba xanlığı. Bakı, “Elm”, 2005.
 
8. Nuriyeva İ. Azərbaycan tarixi (ən qədim dövrlərdən zəmanəmizədək). Texniki Ali Məktəblər üçün dərslik. Bakı, “Elm və Təhsil”, 2019.
 
9. Pakrəvan Ə. Abbas Mirzə və Azərbaycan, Farscadan çevirən: G.Cavanşir. Bakı, “Qanun”, 2010.
 
10. Rəsulzadə M.Ə. İran türkləri// Əsərləri, II cildş Bakı, “Şirvannəşr”, 2001.
 
11. Tahirzadə Ə. Ağaməhəmməd şah Qacar. (Tərcümeyi-hal oçerki). Bakı, “Kür” nəşriyyatı, 2002.
 
12. Абдуллаев Г.Б. Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. Баку, изд. АН Азерб. ССР, 1965.
 
13. Исмаилов Э. Персидские принцы из дома Каджаров в Российской империи. Москва, “Старая Басманная”, 2009.
 
14. Левиатов В.Н. Очерки из истории Азербайджана в XVIII веке. Баку, изд. АН Азерб. ССР, 1948.  
 
15. Тазкере Ахмада Горджи Ахтара «Анджоман-ара» (Вторая половина XVIII-начало XIX века). Москва, «Наука», 1986.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər