“Əsas məsələ ondan ibarətdir ki, hələlik əldə olan məlumatlara görə, Azərbaycanın Arran (Albaniya) bölgəsinin qədim tarixini e.ə. I minilliyin ortalarına qədər apara bilirik. Həmin dövrdə burada dövlət yarandı və inkişaf etdi...”
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
Arranda (Albaniyada) davam etdirilən dövlətçiliyimiz... -X mövzu
Arranda (Albaniyada) klassik dövlət ənənələrinin yaranması...
Adərbayqanla eyni vaxtda Azərbaycanın Araz çayından şimala doğru ərazilərində digər dövlətimiz- Arran (Albaniya) dövləti mövcud idi. Bu dövlətin eradan əvvəlki dövrü ilə bağlı məlumatlar çox azdır. Bəzi mənbələrdə bu ərazidə çox qədimdən dövlətin, tanınmış hökmdarların olması ilə bağlı işarələr vardır. Məsələn, Azərbaycan tarixçisi Musa Kalankatlı burada “alban” adlı tayfaların qədim dövrlərdən yaşadığını, onların hökmdarlarının Nuh peyğəmbərin (e.ə. III minilliyin birinci yarısı, bəzi məlumatlara görə, e.ə. IV minilliyin birinci yarısı) oğlu Yafəsin nəslindən olduqlarını iddia edir, 40 hökmdarın adını çəkir. Onlardan təxminən eradan 1700 il (bəzi mənbələrdə 2100 il) əvvəl, İbrahim peyğəmbərin dövründə yaşamış Aran, ondan sonrakı dövrlərə aid Ərbaq, Cavan, Sur, Əmbək, e.ə. XI-X əsrlərdə, Davud peyğəmbərin dövründə yaşamış Borc, daha sonra Xoy, Cavanşir və digərlərinin adlarını çəkir [2, V fəsil]. M. Kalankatlının və digər müəlliflərin fikrinə görə, yeni eranın əvvəlinə qədər Arranda (Albaniyada) bu şəcərənin nümayəndəsi Aranın adına bağlanan Aranlılar sülaləsi hakimiyyətdə olub. Bu sülalənin yuxarıda qeyd olunanlardan başqa, rəsmi mənbələrdə təsdiq olunan nümayəndələri, demək olar ki, məlum deyil. E.ə. I əsrdə Romalıların hücumları ilə bağlı adları çəkilən və Aranlılar sülaləsinə aid edilən Oroys, Kozis, Zober haqqında məlumatlar mövcuddur. O da aydındır ki, onların adları Roma mənbələrində dəyişikliyə uğramış, təhrif olunmuşdur. Arran (Albaniya) dövlətinin e.ə. IV əsrdən etibarən mövcud olduğu məlumdur, lakin həmin vaxtlarda dövlətin quruluşu, konkret fəaliyyəti, idarəetmə sistemi, hökmdarları ilə bağlı məlumatlar hələlik yox dərəcəsindədir.
Dövlətimizin həmin dövrü ilə bağlı kifayət qədər zəngin arxeoloji materiallar vardır. Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığında son dövrdə aparılan qazıntılar nəticəsində e.ə. VI-IV əsrlərə aid saray qalıqları, yaşayış məskəni aşkar edilib. Burada 1000 kv metrdən artıq ərazidə çoxlu sayda maraqlı nümunələr əldə edilib [5]. Mingəçevirdə aşkar edilmiş arxeoloji nümunələr burada, Arranda yaşayan əhalinin madaylarla əlaqələrindən, həyat və məişətlərinin yaxınlığından xəbər verir. Orada tapılan e.ə. V əsrə aid üzük-möhürlər dövlətin yüksək səviyyəsini, iqtisadiyyatın inkişaf etdiyini göstərirdi [11, s.54]. Qəbələ rayonu Yaloylutəpə ərazisində aşkar edilən arxeoloji materiallar Arranın (Albaniyanın) e.ə. III-I əsrlərə aid tarixinə dair qiymətli məlumatlar verir. Buradakı tapıntılardan qəbirlər daha dəqiq faktlarla zəngindir. Məlum olur ki, insanlar həmin qədim dövrdə xüsusi qaydada, böyrü üstə dəfn olunurdu. Qəbirlərdən tapılmış dəmir bıçaqlar, oraqlar, kirkirələr, xəncərlər, nizələr, oxlar, qızıl sırğa və üzüklər, su və yemək qabları və sair dövlətin siyasi, hərbi, iqtisadi gücünü, inkişaf səviyyəsini göstərirdi [12]. Bu və digər materialların əsasında tədqiqatçıların əksəriyyəti hesab edir ki, Arran (Albaniya) dövləti e.ə. IV-III əsrlərdə meydana gəlmiş, formalaşmışdır.

Herodotun “Tarix” kitabında (e.ə. V əsr) albanların adı çəkilmir, yalnız onlara qohum olan kaspilərdən, onların sakların qonşuğunda yaşadıqlarından bəhs olunur [8, s.92-93]. Böyük ehtimalla, Herodot “kaspi” ifadəsi ilə Azərbaycanın şimal torpaqlarında yaşayan digər tayfaları, o cümlədən albanları da nəzərdə tuturdu. Albanların adı e.ə. IV əsrdə Makedoniyalı İsgəndərin regiona hərbi yürüşü ilə əlaqədar çəkilir. Makedoniyalı İsgəndəri müşayət edən hərbi səlnaməçilər göstərir ki, Əhəmənilərin hakimiyyətdə olduğu Azərbaycan dövlətinin qoşunlarının tərkibində Makedoniyalı İsgəndərə qarşı saklar, kadusilər, madaylarla yanaşı albanlar da çıxış edirdi [11, s.53]. Bu dövrdən başlayaraq albanlar hərbi-siyasi güc, öz dövlətinə malik xalq kimi regionun bütün vacib hadisələrində iştirak edir. Makedoniyalı İsgəndərin və ya onun varislərinin Arrana (Albaniyaya) daxil olmaları, özlərinə tabe etmələri haqqında heç bir məlumat yoxdur. Arran (Albaniya) haqqında geniş məlumat e.ə. I əsrdə Romalıların regiona müdaxiləsi ilə əlaqədar yunan müəllifi Strabonun “Coğrafiya” əsərində, hərbi salnaməçilərin yazılarında verilir. Onlar qeyd edirlər ki, Albaniya (Arran) artıq regionun hərbi-siyasi həyatında fəal iştirak edir, güclü mərkəzi hakimiyyətə, yaxşı silahlanmış orduya malik idi [11, s.58-59, 145].
Adərbayqanda olduğu kimi, Arranda (Albaniyada) da Parfiya dövləti e.ə. II-I əsrlərdə yerli sülalələrin hakimiyyətinə toxunmadı, ümumi idarəetmənin bu formasına üstünlük verdi, Arranlılar sülaləsi ölkəni, demək olar ki, tam müstəqil idarə edirdi. Yeni eranın I əsrindən isə parfiyalılar yerli sülalə ilə qohumluq əlaqəsinə görə tam yaxınlaşdılar və özlərinin Arsaklılar sülaləsinin kiçik qollarından birini Albaniyanın (Arranın) rəhbərliyinə göndərdilər. Alban-arsaklılar sülaləsi dövləti müstəqil şəkildə idarə edirdi. M. Kalankatlı bildirir ki, bu sülalənin ilk nümayəndəsi Sanatruk oldu. O, 63-cü ildə hakimiyyətə gəldi (IV əsrdəki Sanatrukla qarışdırmamalı.- A.N.). Onun hakimiyyətini I Cəsur Vaçaqan davam etdirdi. M. Kalankatlı kitabının başqa bir yerində alban-arsaklılardan ilk hökmdarın adını Aran olaraq yazır, onun Sisakan nəslindən olduğunu qeyd edir [2, s.26]. İlk baxışdan ziddiyyət kimi görünən bu yanaşma, əslində ziddiyyət deyil, müəllifin müxtəlif dövrlərdə hakimiyyətdə olmuş Azərbaycan sülalələrinin eyni adları daşıması, qohumluq əlaqələrinin olmasına diqqəti yönəltmək istəyindən irəli gəlir. Bu hallar diqqəti əsas məsələdən yayındırmamalıdır. Əsas məsələ isə ondan ibarətdir ki, hələlik əldə olan məlumatlara görə, Azərbaycanın Arran (Albaniya) bölgəsinin qədim tarixini e.ə. I minilliyin ortalarına qədər apara bilirik. Həmin dövrdə burada dövlət yarandı və inkişaf etdi.
Beləliklə e.ə. IV əsrin sonu—III əsrin əvvəllərində Azərbaycanın şimalı və indiki Dağıstanın cənub bölgələrində daha bir qədim Azərbaycan dövləti- Arran (Albaniya) təşəkkül tapmışdı. Albaniya adı ilə bağlı müxtəlif fikirlər mövcuddur. Rusiyalı tarixçi K.Trever hesab edir ki, “Albaniya” adının mənası tam aydın deyil. Onun fikrinə görə, məsələ həm də ona görə çətindir ki, Balkanlarda eyni adda ölkə mövcuddur, həmçinin bu ada İtaliya və Şotlandiyada rast gəlinir. Şotlandiyanın qədim kelt adı “Albaniya” olub, Şotlandiyanın adalarından biri “Arran” adını daşıyır, bu da Albaniyanın adlarından biridir [11, s.8]. Tədqiqatçılar bu maraqlı faktlar arasında əlaqəni hələlik müəyyənləşdirə bilməyiblər. Bu məsələyə aydınlıq gətirmək üçün Ulu dil nəzəriyyəsinə müraciət etməliyik. Həmin nəzəriyyəyə görə müxtəlif dillərdəki oxşar ifadələr onların vahid dildən əmələ gəlməsi ilə bağlıdır. Arranın (Albaniyanın) yerli əhalisinin öz ölkələrini necə adlandırdıqları ilə bağlı mənbələrdə məlumat yoxdur. Alban dilli bütün mənbələr Ərəb xilafəti dövründə ərəblər və erməni kilsələri tərəfindən məhv edilmişdir. Digər mənbələr isə ölkəni öz dillərinə uyğun adlandırmışlar. Yunanlar ölkəni Albaveya, latınlar Albaniya, fars dilli mənbələr Arran, ərəb dilli mənbələr Ər-Ran şəklində adlandırmışlar [13, s.4]. Əsəri bizə gəlib çatmış alban tarixçisi Musa Kalankatlı “Alban ölkəsinin tarixi” kitabında (bu kitabın əsli Ərəb xilafəti dövründə erməni kilsəsi tərəfindən məhv edilmiş, erməni dilinə tərcümə edilmiş variantı saxlanılmışdır) göstərir ki, ölkə ilk yarıəfsanəvi hökmdarı Aranın adı ilə Arran adlandırılmışdır [2, IV fəsil]. Musa Kalankatlı yerli müəllif olduğuna, öz ölkəsinin tairixinə yaxından bələd olduğuna görə, onun səsləndirdiyi adın reallığa uyğun olduğu daha inandırıcıdr. Yunan, Roma, fars müəlliflərinin də təqdim etdikləri versiyalar “Arran” adının müxtəlif dillərdə təhrif olunmuş variantları ola bilərdi. Üstəlik fars və ərəb mənbələri M.Kalankatlının ilkin “Arran” variantını təkrar edirlər. Ona görə də ölkənin adının qədimdən Arran olduğunu qəbul edir, lakin dünya tarixşünaslığında işlək hala gəlmiş “Albaniya” adından da istifadə etməyi davam etdiririk. Onu da qeyd etməliyik ki, “alban” sözünün özü Azərbaycan mənşəlidir. Bu söz Azərbaycan türkcəsində “cəsur”, “igid” mənasını daşıyan alp/alb ifadəsi və “an” cəm şəkilçisi ilə izah olunur [7, s.76]. “Albaniya” adının yalnız e.ə. I əsr antik mənbələrdən başlayaraq işlədildiyi də diqqətə alınmalıdır [9, s.38-39]. Albaniya şimalda indiki Dağıstan, qərbdə İberiya, cənubda isə Adərbayqan ilə həmsərhəd idi. Şərqdə onun hüdudları Xəzər dənizinə söykənirdi. İndiki coğrafi şərait baxımından qədim Albaniya Azərbaycan Respublikasını, Ermənistanı və Gürcüstan respublikasının isə bir hissəsini, Dərbəndi və Cənubi Dağıstanı əhatə edirdi. Bu dövlətin paytaxtı əvvəl Qəbələ, sonra isə Bərdə şəhəri oldu. Herodot, Pompey, Ptolomey, Strabon, Troq, Yuli Solin, Arrian və digərləri Albaniya əhalisinin etnik cəhətdən rəngarəng olduğunu qeyd etmişlər. Strabona görə, “26 dildə danışan əhaliyə” malik Albaniyada alban, sakasen, mük, uti, qarqar, sövde, kaspi, qel, leh, mard, silv, sodi, lupen və sair tayfalar məskunlaşmışdılar. [10, s.777]. Strabonun “26 dil” anlayışını Arranın (Albaniyanın) bütün ərazisinə aid etmək düzgün deyil. O, ya yanlış mənbədən istifadə edib, ya da bunu ölkənin şimalında, Cənubi Dağıstanda yaşayan əhali ilə bağlı bildirib. Albaniyanın mərkəzi hissəsində, Kür çayının sağ və sol sahillərində dil müxtəlifliyi olmayıb. Burada yaşayan qədim türk tayfaları yeni gələn türk tayfaları ilə qovuşaraq böyük əksəriyyət təşkil edirdi [1, s.146-150]. Bəziləri alban adının hələlik izahsız qaldığını iddia etsələr də Azərbaycan türkmən, qazax və digər türk dillərində “alban”. “alpan” adlarının qalması həmin adın türk mənşəli olduğunu göstərir. Albaniya (Arran) ərazisində ilkin tayfa ittifaqları hələ e.ə. II miniliyin sonu-I miniliyin başlanığıcında meydana çıxmışdı. E.ə. VI-IV əsrlərdə Əhəmənilərin hakimiyyətdə olduğu Adərbayqan dövlətinin təsir dairəsinə düşmüş Albaniyada artıq e.ə. IV əsrin sonlarından etibarən dövlətin bəzi əlamətləri seçilirdi. Məsələn, qeyd etdiyimiz kimi cəsur alban, kaspi və sakasenlərdən ibarət qoşunlar Qavqamel döyüşündə III Daranın tərəfində iştirak etmişdir. [6, s.46]. Roma mənbələrində e.ə. I əsrə aid hökmdar Oroys (e.ə. 80-30-cu illəri), Zober (e.ə. 30- e.10-cu illər) və Oroysun qardaşı sərkərdə Kozisin adları yer alıb. Parfiya əsilli arsaklılardan Vaçeqan, Vaçe, Urnayr, Satoy, Asay, Asuagen və digərləri məlumdur [4, s.56, 57].
Roma dövlətinin qoşunları sərkərdə Pompeyin rəhbərliyi ilə e.ə. 66-cı ildə ilk dəfə regiona gəldi. Tarixi mənbələrdə adı çəkilən ilk Alban hökmdarı Oroys Kür sahilində 40 minlik ordu ilə romalılara hücum etdi. Oroys hücum üçün yaxşı vaxt seçsə də qəfil hücum alınmadı. Vaxtında hücumdan xəbər tutmuş Pompey döyüşü uddu və Oroysu müqavilə bağlamağa vadar etdi. Pompey bundan sonra İberiyaya üz tutsa da albanlar ona rahatlıq vermir, romalıları tələfata məruz qoyur, qiyamlar qaldırırdılar. Qəzəblənmiş Pompey geriyə qayıdaraq Kürü keçdi və e.ə. 65-ci ilin əvvəllərində Alazan sahilində Oroysun qardaşı Kozisin başçılıq etdiyi 72 min nəfərlik alban qoşunu ilə üz-üzə gəldi. Roma sərkərdəsi hərbi hiylə işlədərək albanları tələyə saldı. Qanlı döyüşün gedişində Kozis qılıncı ilə özünə yol açaraq Pompeyin dayandığı düşərgəyə daxil olub Roma sərkərdəsini nizə ilə vurdu. Pompey isə nizə zərbəsi ilə Kozisi ölümcül yaraladı. Alban qadınlarının da iştirak etdikləri bu döyüş də romalıların qələbəsi ilə bitdi. Dağlara çəkilən Oroys yenidən Pompeylə sülh bağlamalı oldu. [11, s.104]. Lakin albanların sonrakı müqaviməti Pompeyə Xəzər sahillərinə çıxmağa imkan vermədi. Eramızın I-II əsrlərində Albaniyanın tarixi haqqında məlumatlar azdır. Yeni eranın 20-ci illərindən Albaniyada taxta Parfiyalı Arsaklıların nümayəndələri çıxdılar. Alban Arsaklıları da ölkənin müstəqiliyyini qoruyub saxlamağa nail oldular. [3, s.109].
Beləliklə, Arran (Albaniya) dövləti uğurlu siyasət yeridərək müstəqilliyini qoruyub saxladı, sonrakı uğurlar üçün ciddi zəmin hazırladı.
Ədəbiyyat:
1. Azərbaycan tarixi, I cild (Z. Bünyadov və Y. Yusifovun redaktəsi ilə). Ali məktəblər üçün dərslik. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
2. Kalankatlı M. Albaniya tarixi, I kitab. Bakı, “Avrasiya Press”, 2006.
3. Məmmədova F. Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası. Bakı, Elm, 1993.
4. Məmmədov İ., Məmmədova L. Azərbaycan dövlətləri və hökmdarları. Bakı, “Ləman Nəşriyyat Poliqrafiya” MMC, 2020.
5. Şəmkirin Qaracəmirli kəndində Qafqazın ən qədim tikilisi aşkarlanıb.- medeniyyet.az/page/news/1967/Semkirin-Qaracemirli-kendinde-Qafqazin-en-qedim-tikilisi-askarlanib.html.
6. Ismailov D. History of Azerbaijan (textbook). Baku, AzMİU № PM, 2017.
7. Гейбуллаев Г.А. К этногенезу азербайджанцев, т.1. Баку, “Элм” 1991.
8. История (Геродот), кн. 3. Талия.
9. Новосельцев А., Пашуто В., Черепнин Л. Пути развития феодализма. Москва, 1972.
10. Страбон. География, кн. XVI, гл.4, 18.
11. Тревер К. Очерки по истории и культуре Кавказской Албании IV в. до н.э.-VII в н.э. Москва-Ленинград, Изд-тво АН СССР, 1959.
12. Ялойлутепинская культура// Экслибрис-ЯЯ. Москва, Советская энциклопедия, 1978. (Большая советская энциклопедия: [в 30 т.]. (гл. ред. А.М.Прохоров, 1969-1978, т.30.)
13. Ямполских З. К вопросу об одноимененности древнейщего населения Азербайджана.- Труды UUFAN Азерб, ССР, 1954.