Qobustan qayaüstü rəsmlərinin sirri, gizli simvollar – Nəhəng sivilizasiya beşiyi
Elm və Təhsil
2953
20 Nov 2023 | 19:26

Qobustan qayaüstü rəsmlərinin sirri, gizli simvollar – Nəhəng sivilizasiya beşiyi

 

1981-1994-cü ildə Qobustanda tədqiqatlar aparan məşhur Norveç səyyahı Tur Heyerdal qayalardakı təsvirləri görəndən sonra əlini göyə qaldıraraq, “mən artıq təslim oldum, buralar nəhəng sivilizasiyanın beşiyidir”, deməklə yaddaşımızın daş Vətəninin qədimliyini və bəşəriliyini təsdiqləmiş oldu. Əslində, Qobustanda aşkar edilən 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqanın hər biri ayrı-ayrılıqda səsdir, sədadır. O səslərin qorunduğu Qobustan Dövlət Tarix və Bədii Qoruğu 2007-ci ildən UNESCO-nun Ümumdünya İrsi siyahısında yer alır. Yaddaşımızın SƏSini artıq UNESCO qoruyur.

Qayadakı təsvirlər-gizli simvollar

Qədim Qobustan sakinləri miras qoyduqları təsvirlərdə xüsusi informasiyaları da şifrələyiblər. Min illərlə bir-birinin ardınca gələn nəsillər tərəfindən təxminən min qayada çəkilən 4-5 mindən artıq heyvan, insan şəkilləri, həyati macəralar, ov və rəqs səhnələrinin hər biri həm də batini informasiya daşıyıcısıdır. Misirşünas alim, qədim və batini yazılı mənbələr üzrə araşdırmaçı Firudun Kərimovun    sözlərinə görə, o təsvirlərin hər biri qədim sivilizasiyaya aid  şifrələrdir:

“Qobustan Azərbaycanın şüurlu insan məskəni olmasına bir sübutdur. Buradakı rəmzlər bizim kamil xalq olmağımıza bir dəlildir. Qobustan haqqında demək olar ki, yazmamışam. Çünki bu kamilliyin primitiv şəkildə insanlara çatdırılması olardı. Batini mənada bütün qədim yazılar, o cümlədən Qobustandakı təsvirlər çətinliklə çözülə bilən  rəmzlərdir. Allahın bu dünyada gördüyü işlər qədim yazılarda daha geniş və daha izahlı verilib. Ona görə Qobustandakı qayaüstü rəsmlər sufilər üçün, müəyyən fikirləri çatdırmağın sadə üsulu kimi başa düşülür. Buradakı qayıq-Ra-Omon yəni, Rəhman, Allahın göy sularında, yəni, ilkin materiyada yaratdığı “qeyb aləmi”nin rəmzidir. Qayığın ucundakı Günəş isə  Ra Omon-Rəhman, Allahın öz obrazıdır. Öküz də həmçinin Allahın göydə yaratdığı “qeyb aləmi”nin digər rəmzidir.

Ümumiyyətlə, sufi məntiqinə görə, dünyada yalnız mütləq varlıq olan  Ali Haqq yaradıcılıqla məşğul olub. Hər şey Mütləq Haqqın təzahürü olduğu kimi, insanla bağlı  bütün yaradılış da onunla  vəhdətdə olan Allaha məxsusdur. Yer üzündəki bütün maddi və mədəni abidələrdə hər şey məhz tək Allahın fəaliyyətinə həsr olunub. “Qobustan” sözünün özü də açılışa ehtiyacı olan  rəmzdir.  Bu simvol “qobu” və “stan” rəmzlərindən yaranaraq, “Qeyb aləminin ölkəsi” mənasını verir. "Stan" rəmzi həm də qədim Misirdə  dörd ünsürə-od, su, hava, torpaq-asanlıqla keçən ilkin materiyanı-İlahı bildirir. Başqa sözlə, Qobustan dirilik suyundan yaradılan Qeyb aləmi, ruhlar dünyası - cənnət deməkdir”.

Qobustanı rəmzlərin dili ilə qiymətləndirən F. Kərimovun sözünə qüvvət olaraq deyək ki, buradakı qayalarda ən çox qayıq təsvirləri var. Batini yazılarda “qeyb aləmi”nin rəmzi sayılan qayıqlar Qobustan qayalarında müxtəlif forma və vəziyyətlərdə təsvir edilib. Təəssüf ki, adlı-sanlı alimlərimiz belə Qobustan qayalarındakı qayıq təsvirlərini yalnız ovçuluq, balıqçılıq vasitəsi kimi dəyərləndirirlər. Guya, Şumer, Mesopotamiya  sivilizasiyasından da qədim Qobustanda qayıq yalnız ovçuluq predmeti olub. Batini yazılara inansaq, Qobustan sakinlərinin inanc sistemində qayıq müqəddəs idi.  Alimlər Qobustandakı 29 saylı qayadakı səhnəni təxminən bu cür oxuyublar: qayıq səfərdən uğurla qayıdıb. Sahildəki adamlar sevinclərini, şadyanalıqlarını rəqs edərək bildirirlər. Bu izah sırf məişət müstəvisindədir. Batini mənada isə səfərdən qayıdan qayıq qeyb aləminə var olmağın nişanəsi kimi göstərilib

Hazırda Qobustanda qorunan eksponatlar, qayaüstü rəsmlər qədim insanların Xəzər dənizinin sahillərindən Mərkəzi Asiyaya və Sibir ərazilərinə getmə faktını söyləməyə imkan verir. Qobustan Dövlət Tarix və Bədii  Qoruğu dünya əhəmiyyətli abidələr siyahısına daxildir. Orada tarixin bir deyil, müxtəlif dövrlərinə aid vacib  faktlara rast gəlmək mümkündür. Qayaüstü rəsmlərdən görmək olar ki, müxtəlif dövrlərə aid olmasına baxmayaraq, xalqın inanc sistemi dəyişməz qalıb. Qobustan türk dünyasının inanc sisteminin ilkin tədqiqat obyekti kimi çox vacib məkandır. Qayaüstü rəsmlərdə bir çox bitki və heyvan növləri təsvir olunub ki, hazırda onların kökü tamamilə kəsilib. Onları tədqiq etməklə, Azərbaycanda baş verən iqlim dəyişiklərini də müşahidə etmək mümkündür.

Qobustan qayalarındakı təsvirlərin hər biri ayrı-ayrılıqda rəmzdir, ayrı-ayrılıqda tarixi bilgidir. Sibirdə tədqiqat işi apararkən mənə məlum oldu ki, oradakı təsvirlərlə Qobustan və Gəmiqaya (Naxçıvan)  rəsmləri çox oxşardılar. Lakin Qobustan qaya təsvirləri onların ən qədimidir. Bu fakt onu göstərir ki, qədim insanlar Şərqdən Qərbə köç edərək, mədəniyyətlərini həmin ərazilərə də yayıblar. Sovet arxeoloqu professor Leonid Szlatov  qeyd edib ki, qədim insanların böyük köçü Şərqdən Qərbə olub. Xəzər sahillərində yaşayan insanlar Sibiryanı ərazilərə gələrək buradakı insanlara əkinçilik, maldarlıq, sənətkarlıq bacarıqlarını aşılayıblar. O vaxta qədər isə bu ərazilərdə yaşayan qədim insanlar yalnız ovladıqları balıqlarla, arı pətəklərində qalan  ballarla, cır meyvələrlə qidalanırmış. Szlatov türk etnosuna qarşı müsbət fikri ilə seçilən alim deyil. Hətta hunların türk olmasına şübhə ilə yanaşır. Amma qədim dövrdə insanların ilk olaraq bu ərazilərdən qərbə tərəf köçdüyünü etiraf etməyə məcbur olub. 

1981-1994-cü illərdə Qobustanda tədqiqatlar aparan Norveç səyyahı Tur Heyerdal buranı qədim sivilizasiyanın beşiyi adlandırıb.

Heyerdal əvvəlcə onu müşahidə edən yerli tədqiqatçılardan “dünyada qaya təsvirlərində əksini tapan qayıqların yaşı 3500 ildən çox deyil, bəs niyə sizinkilərin sorağı səkkiz minillik öncədən gəlir?” - deyə soruşur. Ona qayaların dibindən aparılan arxeoloji qazıntılardan aşkar edilən təsvirləri göstərəndə məşhur səyyah sevincdən əllərini qaldırır: “Bax, mən təslim. Bu qaya təsvirləri dünya mədəniyyətinin beşiklərindən olan Beynəlnəhrdən də qədimdir. Görünür, Azərbaycan da belə qədim ocaqlardan olub. Bu yadigarlardan sonra, daha şübhəyə yer yoxdur”, cavabını verir.

Link kopyalandı!
Son xəbərlər