2019-cu ildən etibarən buraxılış və qəbul imtahanları tamamilə yeni format əsasında keçirildi: Yeni modelin detallarından biri də buraxılış imtahanlarında xarici dilin seçimi prosesi idi.
Yeni modelin artıq 4-cü ildir ki, tətbiq olunmasına baxmayaraq, bir sıra abituriyentlər hələ də onlara tədris olunan hansı dilə aid dinləmə mətnlərinin imtahan suallarına əlavə olunmasından xəbərsizdirlər.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri Moderator.az-a açıqlamasında bildirib ki, rus dili fənni üzrə suallar birmənalı olaraq, imtahanlara daxil edilmir.
“Tədris Azərbaycan dili istisna olmaqla digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər 9-cu və 11-ci sinif üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili fənnindən də imtahan verməlidirlər.
Şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi məktəbdə onlara tədris olunan və məktəb tərəfindən "Şagird-məzun" sisteminə daxil edilən xarici dil fənnindən imtahan verirlər.
Ali təhsil müəssisələrinin müsabiqəsi zamanı həmin imtahanın nəticələri nəzərə alınır. Lakin abituriyentlər məktəbdə onlara tədris olunmayan başqa bir xarici dil fənnindən imtahan vermək və I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsi zamanı həmin imtahandan topladıqları balın nəzərə alınmasını istəyərlərsə, onlara özlərinin seçdiyi xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılır. Belə olduğu halda, həmin abituriyentlərin buraxılış imtahanında xarici dil fənnindən topladıqları bal deyil, əlavə verdikləri imtahandan topladıqları bal ümumi balın üzərinə əlavə olunacaq və müsabiqə zamanı nəzərə alınacaq”.
E.Nurinin sözlərinə görə, şagirdin imtahan verəcəyi xarici dili Dövlət İmtahan Mərkəzi deyil, məhz oxuduğu məktəb müəyyən edir:
“Xarici dil seçimi üçün DİM-ə ərizə yazmaq tələb olunmur. Məktəb tərəfindən hansı xarici dil "Şagird-məzun" sisteminə daxil olunursa, şagird həmin xarici dil fənnindən imtahan verir.Yəni şagirdin imtahan verəcəyi xarici dili məktəb müəyyən edir.
IX və XI sinif buraxılış imtahanlarında şagirdlərə xarici dil fənnindən təqdim olunan 15 sualdan 6-sı dinləmə mətni əsasında tərtib olunur.
İmtahan otağında dinləmə mətni xüsusi qurğu vasitəsilə iki dəfə səsləndiriləcək. Səsləndirmə ümumi olacaq və tapşırıq zamanı şagirdlərin qulaqcıqdan istifadəsi nəzərdə tutulmur”.